Ermənistanın müdafiə nazirinin müavini diş texniki rolunda – Ədalət Verdiyevin yazısı

   Ermənistanın müdafiə nazirinin müavini diş texniki rolunda –    Ədalət Verdiyevin yazısı
  16 Mart 2022    Oxunub:3402
Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyan bu gün parlamentin müdafiə və təhlükəsizlik komissiyasının iclasında ötən il ərzində hökumətin müdafiə proqramının icrası ilə bağlı hesabatını təqdim edərkən bir neçə maraqlı açıqlama verib.
“Ermənistan” müxalifət blokunun deputatı Qeqam Manukyan hökumətin proqramında “Ermənistan hər bir sülhsevər dövlət kimi silahlı qüvvələrini işğalçılıq məqsədi ilə deyil, işğaldan qorunmaq üçün məqsədyönlü şəkildə inkişaf etdirəcək və islahatlar keçirəcək” cümləsinə xüsusi diqqət yönəldib. Manukyanın sözlərinə görə, əvvəlki hökumət proqramlarında belə dəqiqləşdirmə olmayıb. Bununla əlaqədar, Qeqam sənəddə bu məqamın niyə xüsusi olaraq göstərilməsinə və bunun əslində əks-hücuma keçə bilməyəcək “dişsiz” bir ordunun yaradılması demək olub-olmadığına dair izahat istəyib.

Keçmiş polis polkovniki olan A.Sarkisyan isə Ermənistanın təcavüzkar planlarının olmadığını, lakin ordunun istənilən təcavüzü dəf etməyə hazır olacağını bildirib: “Biz sadəcə qeyd edirik ki, Ermənistan silahlı qüvvələrinin heç bir aqressiv istəkləri olmayacaq. Bu fakt indiyə qədər hökumətin proqramında təsbit edilməyib. Təcavüzdən müdafiəyə gəlincə, bu müdafiə həm də əks-hücum hərəkətlərini ehtiva edir”. Təəssüf, Ermənistan parlamentində vicdan yoxluğundan əziyyət çəkməyən birisi tapılmayıb ki, son vaxtlara qədər davam edən işğal faktlarını Ermənistanın hesabından silməyə çalışan A.Sarkisyana bu haqda sual versin.

Arman Sarkisyan “dişsiz ordu” məsələsinə əsəbi şəkildə reaksiya verərək bildirib ki, “Ermənistan ordusu “dişsiz” olmayacaq”. Belə çıxır ki, Arman və onun caz bandası 44 günlük müharibədə dişləri daşıdıqları unitaza tökülən erməni ordusuna bir parça kağız üzərində cızma-qara etməklə “diş əkəcəklər”.

Sarkisyanın “Ermənistan silahlı qüvvələrinin əvvəlki kimi heç bir aqressiv istəkləri olmayacaq” cümləsi ilə Vətən Müharibəsinə qədər Azərbaycanın 20 faiz ərazisinin işğalda olması, Qazax və Naxçıvana aid ərazilərin müharibədən sonra da erməni işğalı altında qalması reallığının arasında böyük uçurum var. İnsan nə qədər vicdan yoxluğundan əziyyət çəkməlidir ki, hazırda mövcud olan işğal faktlarını Ermənistanın hesabından silsin və görməzliyə vursun?

İstənilən halda Ermənistan son 30 ildə “Qafqazın yeganə işğalçı ölkəsi” statusunun daşıyıcısı olub. İndi isə başına Dəmir Yumruq dəyəndən və erməni ordusunun bərpasının uzun zaman alacağına əmin olduqdan sonra Arman “silahlı qüvvələrin təcavüz və müharibə üçün deyil, sırf müdafiə məqsədi ilə inkişafı” barədə danışmağa başlayıb. Arman kimilər kağız üzərində erməni ordusunu çox yüksəklərdə görürdülər. Onların 30 ildə tüklənən qanadların Azərbaycan Əsgəri 44 gündə elə yoldu ki, bundan sonra çətin ki, özünə gələ bilsin. Odur ki, hazırda 21-ci əsrin ilk fərari ordusu titulunu daşıyanların “müdafiə məqsədli inkişafı” konsept olaraq belə şübhə altındadır.

Əgər bu konsepsiya Paşinyan komandasına aiddirsə, o zaman nədən Nikol hakimiyyətə gələndən sonra deyil, döyülüb-söyüləndən sonra elan edilir? Bir bəyanat üçün 4 il gözləmək nəyə lazım idi? Nikolun “Qarabağ Ermənistandır”, Tonoyanın “Yeni müharibə - yeni ərazilər” kimi bəyanatları ilə bu gün A.Sarkisyanın “müdafiə məqsədilə ordu inkişafı” konsepsiyasının səsləndirməsi arasındakı müddət cəmi 2 ildir. Belə çıxır ki, Ermənistanla ancaq güc dilində danışanda əks tərəfi yaxşı anlayır.

Müharibə zamanı və müharibədən sonra bütün hərbi blokları, beynəlxalq təşkilatları Azərbaycanla sərhədini qorumağa dəvət edən Ermənistanın müdafiə nazirinin müavininin ən maraqlı bəyanatı belə səslənib: “Azərbaycanlılar Ermənistanın suveren ərazisinə soxulmayıblar”. Ermənistan Təhlükəsizlik Şurasının 15 noyabr 2021-ci il bəyanatında isə yazılıb: “Bu ilin may ayında Ermənistan Respublikasının suveren ərazisini işğal edən Azərbaycan hərbçiləri göstərilən ərazidə qalmaqda davam edirlər”.

İndi biz və ya Ermənistana dəvət etdiyiniz qurumlar bu bir-birinə zidd bəyanatların hansına inanmalıdır?

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün



Teqlər: Ermənistan  





Xəbər lenti