"Ailəmi xaricə çıxarıb, özüm qayıtdım" - Ukraynada yaşayan soydaşımız

 "Ailəmi xaricə çıxarıb, özüm qayıtdım" -  Ukraynada yaşayan soydaşımız
  17 Mart 2022    Oxunub:2369
Əliş Səfərov Ukraynanın Vinnitsa şəhərində yaşayır. 32 ildir ki, Ukrayna vətəndaşıdır. 5 uşaq atası olan həmyerlimiz orada süd məhsulları istehsalı sahəsində çalışır. Ailəsi hazırda Avstriyada olsa da, özü ikinci vətəni saydığı Ukraynanı tərk etməyib. Həmsöhbətimiz müəyyən səbəblərdən şəklini dərc etməyimizi istəmədi.
- Müharibə başlayanda ailəmlə birlikdə 21 nəfəri Avstriyaya aparıb, qayıtdım. Avstriya, Slovakiya və Sloveniyadakı səfirimiz Rövşən Sadıxbəyli onları isti münasibətlə qarşıladı. Belə mehribanlıqdan dolayı övladlarım ona “əmi” deyə müraciət edir. Mən birinci katib Samir Rzayevə minnətdarlığımı bildirirəm. 32 ildir Avropada yaşayırıq, çox insan, çox münasibət görmüşük. Ancaq bu qədər insanlıq, bu qədər yaxşılıq görməmişdik.
Özüm isə ikinci vətənimi tərk etmədim. Hazırda Ukraynada səfərbərlik elan edilib. 18 yaşdan yuxarı, 60 yaşdan aşağı heç kəsi sərhəddən buraxmırlar. Mən 5 uşağım olduğuna görə sərhədi rahat keçib gedə bilərdim. Hətta sərhədi bu tərəfə keçəndə dedilər, “müharibə gedir, sən niyə geriyə qayıdırsan?” Ancaq buranı qoyub getmədim. İş adamıyam. Ona görə də komandamı heç vaxt qoyub, çıxa bilməzdim. Uşaqları yola salıb, qayıtdım. Ukraynada süd məhsulları istehsal edirik. İstehsalın rəhbəri deyiləm, distrübutor kompaniya kimi xidmət göstərirəm.


Burada sığınacağımız var. İnsanlara hərtərəfli kömək edirik. Şəhərin qubernatoru ilə yaxın dostam. Hamı bir-birinə dəstək olur. Mən öz evimdə 200 nəfər köçkünü qəbul etdim və yola saldım. Onların hamısı körpə, qadın və yaşlı insanlar idi. Restoranlarla razılaşdırmışıq, ərzaq verib, yemək hazırlatdırırıq. Həmin yeməkləri hərbi hissələrə göndəririk. Hərbi obyektlərə maddi baxımdan da kömək edirik. Kimin əlindən nə gəlir, onu da edir.

Həmyerlimiz yaşadığı şəhərə raket zərbələrinin endirilməsindən də danışıb: "Dörd gün bundan öncə hava limanını vurmuşdular, orada ölən və yaralananlar oldu. Dünən isə şəhərin mərkəzində yerləşən teleqülləni vurdular. Çox şükür ki, insan tələfatı olmadı. Gecə saaat 4-ün yarısında həyəcan siqnalı verildi. 4:03-də isə obyekti vurdular. Zərbə teleqülləyə dəymədi, yaxınlığına düşdü.

2 ildir burada yaşayıram, amma Ukrayna xalqını bu vaxta qədər belə dərindən tanımamışdım. Çox vətənpərvərdilər. Uşaqlarını, ailəsini qoyub döyüşə gedirlər. Rus hərbçiləri Kiyevi mühasirəyə almaq istəyirlər. Orada yaxınlarım var, hər gün bir neçə dəfə əlaqə saxlayırıq. Hazırda ən təhlükəli yerlər Melitopol, Nikolayev, Odessadır. Xarkovu isə xarabalığa çeviriblər. Melitopol şəhərində vəziyyət daha çox gərgindir. Oradakı insanları "canlı qalxan" kimi saxlayıblar, buraxmırlar.


Sizə təsirli bir səhnəni danışım. Tural adlı soydaşımızın ailəsi Melitopolda qalıb. Özü isə bizim yanımızda idi. 6 gün idi ki, ailəsindən xəbər ala bilmirdi. Həyat yoldaşı bir həftədən sonra onun zənginə cavab verəndə səsini eşidib, elə hala düşdü ki... Hamımız çox təsirləndik. Yoldaşı bildirdi ki, heç yerə buraxmırlar, 12-ci mərtəbədə qalıblar...

Ukraynada çox güclü döyüşlər gedir. Ancaq ərzaq baxımından qıtlıq yoxdur, kifayət qədərdir. Bərəkətli torpaqdır. Mühasirədə olan yerlərə "yaşıl dəhliz" vasitəsilə ərzaq göndərilir. Mühasirədə olmayan yerlərdə ciddi problem yoxdur. Aclıq o yerdədir ki, "yaşıl dəhliz" vermirlər. Çünki oradakı mağazalar işləmir. Kiyevin özündə komendat saatıdır. Doğrudur, növbə var, amma çatışmazlıq yoxdur.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti