Metadizayn: Virtual iqtisadiyyatın yeni sahəsi yaranır

      Metadizayn:    Virtual iqtisadiyyatın  yeni sahəsi yaranır
  17 Mart 2022    Oxunub:3477
Metaversə keçid və virtual malların populyarlığı gələcəyin dizaynının yalnız təxəyyüllə məhdudlaşacağı deməkdir. Bu transformasiya artıq indidən dizaynerlərin işinə təsir etməyə başlayıb.
Siz virtual plaformalarda ünsiyyət qura, avatarlar yarada, alıb-sata, biznes və karyera qura bilərsiniz. Oyunlarda alına və satıla bilən malların dizaynı getdikcə daha ciddi qəbul edilir. 2021-ci ildə “Fortnite”ın tərtibatçı studiyası və “Epic” şirkəti “Balenciaga” moda evi ilə birlikdə yüksək moda evinin arxivindəki eskizlər əsasında oyuna limitləşdirilmiş rəqəmsal geyim kolleksiyası əlavə etdilər. Onu oyun daxilində istifadə olunan valyuta ilə almaq olardı.


Ancaq oyunlar sadəcə başlanğıcdır. Metavers konsepsiyası rəqəmsal obyektlərin onun iqtisadi əsasına çevriləcəyini nəzərdə tutur. Virtual geyimlər, mallar, interyerlər, daha çox renderə bənzəyən fotosessiyalarla əvvəllər qabaqcıl istifadəçilər maraqlanırdılar, lakin günümüzdə rəqəmsal dəb kütləviləşir.

Britaniyanın “Dematerialised” startapı 2020-ci ildə yalnız internetdə mövcud olan paltar və dəbdəbəli malların satışına başlayıb. Hər biri 121 avro dəyərində olan 1212 gümüş sviterdən ibarət ilk partiya cəmi üç saat ərzində satılıb. Rəqəmsal geyimləri və digər avatarlar üçün məhsulları artıq Adidas, Ralph Lauren, Gucci, D&G, North Face, Maserati, Tesla, Rolls Royce kimi tanınmış brendlər satırlar.

Virtual predmet öz-özünə və ya real nüsxəsi ilə birlikdə mövcud ola bilər. Rəqəmsal dövrün başlanğıcında maddi predmetlər rəqəmsal surətlərindən baha başa gəlirdisə, artıq vəziyyət dəyişir və bunun sübutu bir çox NFT-lərin (bir-biri ilə əvəz olunmayan tokenlər) yüksək qiymətidir. Hərraclarda onları milyonlarla dollara alırlar.


Geyimə gəlincə, rəssamların təxəyyülünü artıq nə materialların qiyməti, nə fizika qanunları, nə də paltar yaradan zaman adətən nəzərə alınan digər aspektlər məhdudlaşdırır. Virtual reallığa tədrici keçid təkcə paltarların deyil, digər əşyaların dizaynında da özünü göstərir. Dizaynerlər formaları aktiv şəkildə sınaqdan keçirirlər. 3D məkanında təxəyyül üçün imkanlar, demək olar ki, sonsuzdur.

Rəssamlar qeyd edirlər ki, metaverslərin imkanları yalnız təxəyyüllə məhdudlaşdığından yaradıcılıqlarının hansı istiqamətdə inkişaf edəcəyini bilmirlər. Bəzən obyektlər holoqrafik və neon elementləri qazanaraq daha futuristik olurlar. Bəzən isə əksinə, rəssamlar retro estetikanı canlandırmaq və nostalgiyaya oynamaq fürsətindən istifadə edirlər: qabarıq tipoqrafika (üzən yazılar, qeyri-adi şriftlər), postmodernistlərin və antidizaynerlərin ideyalarından ilhamlanan abstraksionizm aktuallaşır.

“Sennep” rəqəmsal məhsullar studiyasının təsisçisi və kreativ direktoru Hege Aabi deyir: “Bu gün mən əvvəllər yaratdığımız Flash veb-saytlarına bənzər resurslar görürəm. Onlar əyləncəli və eksperimentaldır, çox vaxt nostalji dadırlar. Uzun müddət qadağan olunan qaçan sətir, yana sürüşdürmə, retro şriftlərdən və rənglərdən istifadə geri dönür. Əski texnologiyalara istinad heç vaxt köhnəlməyəcək”.

N.Quliyev
AzVision.az


Teqlər: Dizayn   Texnologiya  





Xəbər lenti