“Cəhənnəm maşını”: TOS-1A müasir döyüşlərdə nə qədər effektivdir – Ədalət Verdiyevin yazısı

      “Cəhənnəm maşını”:    TOS-1A müasir döyüşlərdə nə qədər effektivdir –    Ədalət Verdiyevin yazısı
  17 Mart 2022    Oxunub:6988
Ukraynada gedən döyüşlərdə adı hallandırılan silahlardan biri də TOS-1A “Solntsepyok” ağır odsaçan sistemləridir. Bu silahla yaxından tanışlıq maraqlı olar. Onun yaradılması, modifikasiyaları, kompleksin tərkibi, konstruksiyası, imkanları, üstün cəhətləri, idxalı, təyinatı, taktiki-texniki xüsusiyyətləri, sursatları, döyüşlərdə, xüsusən də Aprel döyüşlərində və Vətən Müharibəsində tətbiqi və çatışmazlıqları barədə açıq mənbələrdən və şəxsi əlaqələrim nəticəsində əldə etdiyim məlumatları oxuculara təqdim edirəm.
Odsaçanların yaradılması

Ötən əsrin 70-ci illəri Yaylım Atəşli Reaktiv Sistemlərinin (YARS) inkişafında xüsusi mərhələ hesab olunur. Həmin dövrdə yeni odsaçan silahlar məxfi saxlanılır və barələrində heç bir informasiya verilmirdi. Bu silahdan açılan raketin daşıdığı yandırıcı-partlayıcı qarışıq alışanda müəyyən radiusda temperatur 3000 dərəcəyə çatırdı. Nəticədə həmin radiusda yerləşən bütün canlı və cansızlar bir anda külə çevrilirdilər. Bundan əlavə, havanın alışıb yanması nəticəsində silah vakuum bombası effekti yaradırdı. Yeni sistemi TOS-1 “Buratino” adlanırdı.

Kompleksin 1971-1979 illər arasında “T-72” şassilərində olan ilk prototipləri Omskdakı “Nəqliyyat Mühəndisliyi Dizayn Bürosu” ASC-də istehsal edilib. O 30 ədəd istiqamətləndiriciyə sahib atıcı qurğudan və KrAZ-255B şassisində olan TZM-dən (Nəqliyyat Yükləmə Maşınından - NYM) ibarət idi. 1980-ci ildə sistem dövlət sınaqlarından uğurla keçdi və Sovet ordusuna qəbulu tövsiyə edildi.

Onun 46 ton ağırlığında döyüş kütləsi yüksək yükgötürmə qabiliyyətli şassi, kiçik effektiv atəş məsafəsi (400-4500 metr) isə zirehli qorunma tələb edirdi. Atıcı qurğunun 30 ədəd idarəolunmayan raket istiqamət modulu dönən platformada paket formasında quraşdırılır.

Modifikasiyaları

İlk dəfə 1999-cu ildə Omsk şəhərində ictimaiyyətə təqdim olunan TOS-1 “Buratino” 2001-ci ildə silah sərgisində nümayiş etdirildi. Elə həmin il silahın daha mükəmməl və daha asan istifadə olunan variantı - TOS-1A “Solntsepyok” yaradıldı. O, “T-72” tankının bazasında 220 mm-lik ağır odsaçan artilleriya sistemi olan TOS-1 “Buratino” kompleksinin modifikasiyasıdır. Atıcı qurğunu hədəfə yönəltmək üçün bütün hərəkətlər maşından çıxmadan, nişangah və elektrik ötürücü vasitəsilə həyata keçirilir. Azərbaycan Ordusunun silahlanmasında yer alan odsaçanlar TOS-1A modifikasiyasına aiddir.

TOS-1A kompleksinin tərkibi

TOS-1A ağır odsaçan kompleksi BM-1 döyüş maşınından və T-72 tankı bazasında iki ədəd TZM-T nəqliyyat-yükləmə maşınından ibarətdir. İdarəolunmayan raketlərin daşınması, döyüş maşınına sursatların yüklənməsi və boşaldılması üçün TZM-T xüsusi kranla təchiz olunub.


Konstruksiyası

TOS-1A “Solntsepyok” sistemləri T-72 tanklarının şassisi üzərində quraşdırılır. Bu sistem sələfindən atəşin daha mükəmməl idarə edilməsi, raket lülələrinin sayının 30-dan 24-ə endirilməsi, üstün zireh müdafiəsi və yeni sursatları ilə fərqlənir. Mərmilərin hədəflərə uçuş trayektoriyası dəqiq atəş şəraitini nəzərə almağı və optik nişangahdan, lazer məsafəölçənindən, kren sensorundan və elektron ballistik hesablama kompüterindən ibarət xüsusi atəşə nəzarət sistemilə həyata keçirilir.

İmkanları

TOS-1A “Solntsepyok” ağır odsaçan sisteminin atəş məsafəsi 6 kilometrə qədər artırılıb, istifadə eilən raketin dağıdıcı radiusu da yüksəldilib. “24 lüləli tank”a bənzədilən TOS-1A “Solntsepyok” qurğusunun tam paketindən açılan yaylım atəşi 40 min kvadratmetr ərazidə olan bütün canlıları məhv edir. Bütün raketlər cəmi 6 saniyə ərzində buraxılır. Bir raketinin məhvetmə radiusu 2.5 hektara yaxındır. TOS-1 əraziyə yerləşdikdən 90 saniyə sonra döyüşə hazır olur.

İdxalı

2001-ci ildən Rusiya ordusuna verilən bu silah sisteminin ixracına 2008-ci ildən icazə verilıb. Məlumatlara görə, Azərbaycan Respublikası 2010-cü ildə “Rosoboroneksport” ilə bağlanan müqavilə əsasında bir divizionun silahlanması üçün yetərli olan 18 ədəd “Solntsepyok” odsaçan kompleksi əldə edib. Təsdiqlənməyən məlumatlara görə sonradan TOS-1A odsaçanlarının əlavə partiyası alınıb. Bu məlumatların kompleksə deyil, onun sursatlarına aid ola biləcəyini düşünürəm.
TOS-1A “Solntsepyok” ağır odsaçan sisteminin istehsalçı ölkədə radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının, Azərbaycanda isə həm artilleriya qoşunlarının tərkibində, həm də Ordu korpuslarının əlahiddə artilleriya (tank əleyhinə) bölmələrinin silahlanmasına qəbul edildiyi məlumdur.


Təyinatı

Ağır Odsaçan Sistem olaraq TOS-1A idarə olunmayan termobarik raketlərdən kütləvi istifadə etməklə düşmənin yüngül zirehli və zirehsiz nəqliyyat vasitələrini, açıq ərazilərdə və istehkamlarda yerləşən canlı qüvvəsini, mühəndis qurğularını, tikili və binalarını məhv etmək üçün nəzərdə tutulub. Məhvetmə termobarik və yandırıcı maddələrə malik raketlərin kütləvi istifadəsi zamanı yaranan həddindən artıq təzyiq və yüksək temperatur sahəsi nəticəsində baş verir. TOS-1A cəbhənin ön xəttində və ya bu əraziyə yaxın mövqelərdən tətbiq etmək üçün nəzərdə tutulur.

Taktiki-texniki xüsusiyyətləri

Döyüş maşının çəkisi 44.3 ton, uzunluğu 7240 mm, hündürlüyü 3073 mm, eni 3580 mm, şossedə sürəti 60 km/saat, ehtiyat gediş məsafəsi 550 km-dir. 30 dərəcəli yoxuşa 25 dərəcəli krenlə qalxa bilən TOS-1A 1.2 metr yüksəklikdə maneələri də rahatlıqla aşa bilir. Döyüş ekipajı tank ilə eynidir və 3 nəfərdən ibarətdir. Tək fərq tuşlayıcı operatorun qüllədəki silahlar əvəzinə atıcı qurğunu idarə etməsindən ibarətdir.

Sursatları

TOS-1A kompleksinin təkrar sursatla doldurulması üçün əlavə bir tank platforması nəzərdə tutulur. Sursatlar 217 kq. kütləyə malik termobarik və ya yandırıcı raketlərdən ibarətdir. Doldurulma prosesi hər raket üçün 1 dəqiqədən də az vaxt tələb edir. Sursat hədəfin yerləşdiyi səthin yaxınlığında partlayır, nəticədə onun içindəki partlayıcı maddə hava ilə qarışaraq, alışır. İri həcmli partlayış zərbəsi yaranır. Alovlu qarışıq əraziyə və sığınacaqlara yayılır. Əsasən yüksək temperatur sahəsi və yer səthi boyunca yayılan zərbə dalğası şəxsi heyətə və obyektlərə ciddi zərər vurur.


TOS-1A odsaçanları iki növ sursatla təmin edilir. Yandırıcı sursat yüksək termal təsir göstərir, lakin dağıdıcı təsiri aşağıdır. Termobarik döyüş sursatlarında isə dağıdıcı təsir yüksək, yandırıcı təsir isə daha zəifdir.

TOS-1A “Solntsepyok” sisteminin idarəolunmayan reaktiv termobarik döyüş sursatının ən böyük təsir effekti dağlıq ərazilərdə əldə olunur: hava zərbə dalğalarının ətraf qaya suxurlarından, torpaq və qaya uçqunlarından əks olunan dalğalarla qarşılıqlı üst-üstə düşməsi zərbənin gücünü daha da artırır. Sursat əvvəlcə partlayıcı qarışıq buludunu yaradaraq partlayışı həyata keçirir və buluddakı bütün oksigeni bu reaksiyaya daxil olmağa məcbur edir. Odsaçan sistemin yaylım atəşinin yüksək dəqiqliyi atıcı qurğunun 6 km. məsafədə olan birbaşa hədəflərə yönəldilməsi və avtomatlaşdırılan tuşlanma cihazları vasitəsilə təmin edilir.

Amma istənilən halda istehsalçının yüngül zirehli texnikaya və sağlam sığınacaqlara qarşı elan etdiyi sursat xüsusiyyətləri real tətbiq faktları ilə bir qədər uyğun gəlmir ki, bu da rus müdafiə sənayesinə xas olan xüsusiyyətdir.

Üstün cəhətləri

Silahlar da insanlar kimidir. Hər bir silah sisteminin özünəməxsus müsbət və mənfi cəhətləri olur. TOS-1A kompleksinin əsas üstün cəhətləri düşmənin geniş çeşiddə hədəflərini məhv etmək və ya yandırmaq üçün nəzərdə tutulmasından, onun raketinin daşıdığı yandırıcı-partlayıcı qarışıq alışanda yüksək temperatur yaratmasından, həmin radiusda yaşayan bütün canlı və cansızları, o cümlədən, zirehsiz vasitələri bir an içərisində külə çevrirməsindən və vakuum bombası effekti yartmasından ibarətdir. Sadalananlar yalnız TOS-1 kompleksinə aid olduğu üçün unikal xüsusiyyətlər də hesab edilə bilər.

TOS-1A “Solntsepyok” versiyasının “T-72” tankının bazasında yaradılması heyətlərin hazırlanmasını asanlaşdırır. Atıcı qurğunu hədəfə yönəltmək üçün bütün hərəkətlərin maşından çıxmadan, nişangah və elektrik ötürücü vasitələrlə həyata keçirilməsi heyətin mühafizəsinə müsbət təsir göstərir.

TOS-1A “Solntsepyok” sistemləri sələfindən atəşin daha mükəmməl idarə edilmə sistemi, raket lülələrinin sayının 30-dan 24-ə endirilməsi, üstün zireh müdafiəsi və yeni sursatları ilə fərqlənir. Mərmilərin hədəflərə uçuş trayektoriyası dəqiq atəş şəraitini nəzərə almağı və optik nişangahdan, lazer məsafəölçənindən, kren sensorundan və elektron ballistik hesablama kompüterindən ibarət xüsusi atəşə nəzarət sistemi ilə həyata keşirilir.

TOS-1A “Solntsepyok” ağır odsaçan sisteminin atəş məsafəsi 4.5 km-dən 6 kilometrə qədər artırılıb, istifadə eilən raketin dağıdıcı radiusu da yüksəldilib. Tam paketdən açılan yaylım atəşi 40 min kvadratmetr ərazidə olan bütün canlıları məhv etməsi, bütün raketlərin cəmi 6 saniyə ərzində buraxılması, əraziyə yerləşdikdən 90 saniyə sonra döyüşə hazır olması kompleksin üstün xüsusyyətlərindəndir.

Kompleksin hərəkət sürəti yüksəkdir, orta dağlıq və təpəlik ərazilərdə manevri qənaətbəxşdir, 1.2 metr yüksəklikdə maneələri də rahatlıqla aşa bilir.

Çatışmazlıqları

TOS-1A sisteminin əsas çatışmazlığı atəş məsafəsinin 6000 metrlə məhdudlaşmasından ibarətdir. Bu, yaylım atəşli reaktiv sistem üçün kifayət qədər kiçik rəqəmdir. Bu məsəfə 15-20 il əvvəlki döyüş əməliyyatları üçün bəlkə də qismən yetrəli hesab oluna bilərdi, amma hazırda daha uzaqmənzilli tank əleyhinə idarəolunan raketlərin mövcudluğu TOS-1A odsaçanlarının effektivliyinə mənfi təsir edir. Digər tərəfdən, odsaçanın məhdud atəş məsafəsi onun ön xəttə yaxın yerləşdirilməsini tələb edir, bu isə atəş mövqeyinin düşmən tərəfindən aşkarlanmasına və bir çox vasitələrdən, hətta minaatanlardan ona qarşı atəş açmağa imkan verir. Bu da odsaçanın hər atəşdən sonra dərhal mövqeyini dəyişdirməyə vadar edir.

Kompleksin çatışmazlıqlarına onun kifayət qədər iri qabaritlərə malik olmasını, zəif zirehini, müasir tank əleyhinə komplekslərə və qumbaraatanlara qarşı həssaslığını göstərmək olar. Məhv edilən TOS-1A-nın sursatları detonasiya verdikdə isə həm maşındakı heyətin, həm yaxın ətrafdakı şəxsi heyətin və yüngül zirehsiz maşınların alovlanması ehtimalı böyük olur.

İstifadəçilərin bir hissəsi odsaçan kompleksin atəş dəqiqliyindən şikayət edirlər. Təbii ki, odsaçandan yüksək dəqiqlikli nöqtə zərbəsi gözləməyə dəyməz, çünki onun sursatları idarəolunmayan sinfə aiddir və kompleks konkret hədəfi deyil, hədəfin yerləşdiyi ərazini məhv etmək üçün nəzərdə tutulur.

Beləliklə məhdud atəş məsafəsi TOS-1A kompleksindən əsasən lokal münaqişələrdə və ya antiterror əməliyyatlarında istifadənin məqsədəuyğun olduğunu göstərir. Genişmiqyaslı hərbi əməliyyatlar zamanı isə “Qrad”, “Uraqan”, “Qasırğa”, “Smerç”, “Extra”, LAR-160, “Lynx” və “Vampir” kimi reaktiv yaylım atəş sistemləri daha səmərəlidir.

Döyüşdə tətbiqi

İlk dəfə TOS-1 odsaçanından 1988-1989-cu illərdə Əfqanıstan müharibəsi zamanı əfqan mücahidlərinin gizləndikləri Cənubi Salanqa əyalətindəki mağaraları dağıtmaq üçün “Tayfun” əməliyyatında istifadə ediblər. 1999-cu ildə Rusiya ordusu tərəfindən çeçenlərə qarşı Qroznı döyüşündə tətbiq edilib.

TOS-1A “Solntsepyok” odsaçanı isə ilk dəfə 2014-cü ilin oktyabrın 24-də İraqda Curf Əl Səxər şəhərinin İŞİD terrorçularından geri alınması əməliyyatında, 2017-ci ilin əvvəllərində isə Mosulun azad edilməsi əməliyyatının ilk günündə istifadə edilib.


ATƏT-in verdiyi məlumata əsasən 2015-ci ilin sentyabrında, TOS-1 odsaçan sistemi Ukraynanın şərqində separatçıların təlimlər keçdiyi ərazidə görünüb. 2015-ci ilin oktyabrın 10-da Suriya Ordusu tərəfindən Həma şəhərində, 2016-cı ildə Latakiya istiqamətində, 2017-ci ilin əvvəllərində isə Palmira şəhəri yaxınlığında üsyançı müxalifətə qarşı “Solntsepyok”dan istifadə olunub.

2016-cı ilin aprel döyüşlərində Qarabağda Azərbaycan Ordusu tərəfindən TOS-1A “Solntsepyok” kompleksindən erməni işğalçılarının qapalı və uzunmuddətli atəş mövqelərinə zərbə vurulmasında istifadə olunub.

2020-cı ilin iyul döyüşlərində Ermənistan tərəfi sərhəddə Azərbaycan Ordusunun TOS-1A “Solntsepyok” kompleksindən istifadə etdiyini iddia etsə də, Azərbaycan Müdafiə Nazirliyi bunu inkar edib.

Vətən Müharibəsində isə Azərbaycan Ordusunun bölmələri tərəfindən TOS-1A “Solntsepyok” kompleksindən geniş və səmərəli şəkildə istifadə edilib. Buna növbəti yazıda bir az geniş toxunacağıq.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az


Teqlər: Silah   TOS-1A  





Xəbər lenti