İdmançının gücü nədədir? Geyimdə!

// Müasir texnologiya ilə hazırlanan geyimlər idman reallığını dəyişir

   İdmançının gücü nədədir?    Geyimdə!
  27 Mart 2022    Oxunub:1611
İdman yarışları milyardlara başa gəlir, rekordların arxasında illərin gərgin məşqi durur. Bəs texnologiyanın köməyi ilə daha yaxşı nəticə əldə etmək olarsa, onda necə? Məsələn, xüsusi texnologiya ilə hazırlanmış müasir geyimlər idmançılarn işini xeyli yüngülləşdirə bilir.
“Nike Aeroswift” forması ikiqat trikotajla tək trikotajın birləşməsindən hazırlanır. Geyimin əsas xüsusiyyətləri ondan ibarətdir ki, əvvəlki analoqlarla müqayisədə 17% yüngül və 50% elastikdir, odur ki, onda hərəkət etmək çox asan və rahatdır. Rütubətin xaric edilməsi sistemi parça boyunca paylanır, buna görə də forma təri 44% daha yaxşı çıxarır və 32% daha tez quruyur. İlk dəfə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında təqdim edilib.

“Under Armour”un məhsulu olan “Coldgear Infrared” hava şəraitinə uyğunlaşan və bədənın optimal temperaturunu saxlayan xüsusi materiallardan hazırlanır. İçərisində daha tez isinən və istini saxlamağa imkan verən keramika təbəqəsi var. Bu geyimlərdə daha çox ABŞ və Kanadadan olan snoubordçular çıxış edirlər. Şirkətin həmçinin qızmar günəş altında məşq edərkən bədəni sərinləşdirən və tərləməni azaldan parçadan hazırlanmış paltarları da var.

ABŞ konkisürənləri üçün “Under Armour Mach39” idman forması təyyarə istehsalçısı “Lockheed Martin” ilə birgə hazırlanıb. Bu forma yarış zamanı idmançıların duruşlarını düzəldən 3D modellərə əsaslanır. Daha sonra bu modellər əsasında şüşə-plastik geyimlər yaradıldı və aerodinamik tuneldə sınaqdan keçirildi. Bu formalar hava müqavimətini azaldır və daha yaxşı nəticələr göstərməyə imkan verir.


“Spyder”in istehsal etdiyi “SpeedWyre Slalom” kostyumu qolları və ayaqları daraldan erqonomik tikişlərə malikdir və küləyin müqavimətini 40% azaldır. Onu geyinən Pikabo Street ilk dəfə 1994-cü ildə Lillehammerdə keçirilən Olimpiadada gümüş medal, iki il sonra isə Dünya Çempionatında qızıl və bürünc medallar qazandı.

“Speedo”nun “LZR Racer” üzgüçülük kostyumu NASA-nın iştirakı ilə hazırlanıb. Suda daha sürətli və çevik hərəkət etməyə kömək edən xüsusi suitələyici parçadan tikilib. Üzgüçülük üzrə 105 dünya rekordçusundan 79-u və 2008-ci ildə Pekində keçirilən Olimpiadanın medalçılarının 89%-i belə kostyumlarda çıxış ediblər.

Böyük Britaniyanın Lafboro Universitetində hazırlanmış “IonX” qaçış və atletika kostyumunun istehsalında mənfi maqnit sahəsinə malik olan xüsusi liflərdən istifadə edilib. Ürək-damar sisteminə müsbət təsir etdiyi üçün idmançıların güclərini daha tez bərpa etməsinə kömək edir. İngiltərənin "Portsmut" futbol klubu bu kostyumları aldıqdan sonra 2008-ci ildə 69 ildən sonra ilk dəfə İngiltərə Kubokunu qazandı.

Ayaqqabı

“Nike” şirkəti ilk dəfə 3D texnologiyasından istifadə edərək, sifarişlə idman ayaqqabıları və çəkmələri istehsal etdi. “HyperAdapt” texnologiyası sensorlar sistemindən istifadə edərək, ayaqqabıların bağının mükəmməl bərkidilməsini təmin etdi və sahibinin hərəkət xüsusiyyətlərinə uyğunlaşdır.

“Nike Vaporfly Alphas” krossovkaları 2019-cu il marafonunda qaçışçı Eliud Kipçoqun qələbəsinə kömək olması sayəsində əfsanəyə çevrildi. Elə həmin il bu ayaqqabılarda çıxış edən Bricit Kosqay qadınlar arasında rekord vurdu. Bu krossovkalarda olan karbon lif lövhəli super yüngül ZoomX köpük orta altlığı ayağa əlavə möhkəmlik təmin edir və digər ayaqqabılardan 4% daha sürətli qaçmağa imkan verir.


Lakin sonradan Atletika Assosiasiyası onlardan istifadəni qadağan etdi. Bunu görən “Nike” “Vaporfly” və “Alphafly” seriyalarını (kütləvi bazar üçün analoq) dəyişdirdi ki, heç bir şikayətçi olmasın. Tələbata uyğun olaraq altlığın qalınlığını 31 və 36 mm-dən 30 mm-ə endirdi. Uyğunlaşan polimer materiallardan hazırlanmış “Nike Anti-Clog Traction” sistemi ayaqqabının altlığına dəydikdə nəm aktivləşir və çirk yapışmasından qoruyur. Xüsusi “Nike Flyknit” parçası istənilən mövqedə elastiklik və pəncələrə dəstək verir, hava dövranını artırır.

“Adidas”ın ULTRA BOOST krossovkalarındakı BOOST texnologiyası atletin fərdi xüsusiyyətlərinə uyğunlaşdırılıb, ayağı dəstəkləyir və uzun qaçışlar zamanı rahatlığı təmin edir.

“Under Armour's Project Rock” krossovkaları innovativ UA TriBase və UA HOVR texnologiyaları ilə hazırlanıb. Birincisi, qaçarkən yerlə daha yaxşı təmasda olmaq üçün pəncənin maksimum elastiklik yaradır. İkincisi, hətta dağlıq ərazilərdə belə ayağın rahatlığı və yorulmaması üçün amortizasiya və elastiklikliyi təmin edir.


Yapon brendi “Furoshiki”nin istehsalı olan idman ayaqqabıları sözün əsl mənasında ayağa sarınırlar. Onların İtalyanın “Vibram” şirkətinin istehsal etdiyi ayağı mükəmməl şəkildə sabit saxlayan membran yan lentləri olan altlığı var. Bu krossovkalar qaçış, basketbol, trekking və dağa dırmaşmaq üçün uyğundur.

İdman brendləri təkcə rahatlığın deyil, həm də ətraf mühitin qayğısına qalırlar. Belə ki, “Nike” firması Tokio Olimpiadasında ABŞ komandası üçün xüsusi olaraq 75% sənaye tullantılarından hazırlanmış və təkrar emal edilə bilən “Vapormax” idman ayaqqabıları buraxdı.

“Adidas” CO2 tullantılarını azaldan, 50% daha az su və enerji sərfinə imkan verən “Nodye” və “DryDye” quru boyama texnologiyalarından istifadə edir. Şirkət həmçinin ətraf mühitə zərəri azaldan, bioloji parçalana bilən “Parley Ocean Plastic” kimi ultra-yüngül, toksik olmayan materiallardan istifadə edir.

Aksessuar

“Under Armour”un istehsalı olan “UA SPORTSMASK” - pandemiya zamanı məşqə qayıdan idmançılar üçün təkrar istifadə edilə bilən maskadır. O, ictimai yerlərdə idman etmək və qaydaların qoruyucu vasitələr taxmağı tələb etdiyi çıxışlar üçün nəzərdə tutulub. Maskanın suya davamlı bazası var, təri hopur və tənəffüs damcılarının yayılmasının qarşısını alır. Üçqat parça hava cibləri olan üst qatdan, hava sirkulyasiyası üçün köpük təbəqəsindən və PROTX2 antimikrob örtüklü ISO-CHILL daxili soyuducu təbəqədən ibarətdir. Üst hissə burun körpücüyü formasını alaraq, maksimum kip oturur və eynəklərin dumanlanmasının qarşısını alır.

Fotoxrom linzaları olan son dərəcə möhkəm “SnowVision” qar eynəkləri işığa uyğunlaşırlar. Onlar adi eynəklər kimi günəş işığının intensivliyindən asılı olaraq qaralma dərəcəsini dəyişir və görməni korrektə edirlər.

“Adamsfour”un X-şəkilli qayışları onurğa sütununu qoruyur. Bədən fırlandıqca onlar sıxılır və beldə çıxıqlardan və dartılmalardan qoruyan hərlənmə mexanizmini işə salırlar. Qat-qat neylon liflər gücü protektorun ətrafında bərabər paylanır, rezin örtük isə maksimum dartılma və elastiklik təmin edir.

“SevenTwenty” dəbilqəsi zərbələri əksər dəbilqələrdən 50% daha yaxşı mənimsəyən patentləşdirilmiş altıbucaqlı elastomer nüvəyə malikdir.

“Samsung” istehsalı olan “SmartSuit” daxili hərəkət sensorları olan konkisürmə qoruyucu kostyumları bədənin vəziyyətinə reaksiya verir və yıxılmanın təsirini azaldır. Mattias Meyer 2015-ci il Dünya Çempionatında onun sayəsində ciddi zədədən xilas ola bildi.

“Aduro” məşq maskası ultra cığırlara və dağ marafonlarına hazırlaşanlar üçün nadir dağ havasını imitasiya edir. O, idmançının maksimum yüklənəndə belə yaxşı nəfəs almasını təmin etmək üçün diafraqmanı gücləndirməyə imkan verir. Maskanın anatomik tənzimləyici forması və 4 səviyyəli klapanı var.

Bəs müasir texnologiyalar idman reallığını necə dəyişirlər? Buradan oxuyun.

Nadir Quliyev
AzVision.az


Teqlər: İdman   Texnologiya  





Xəbər lenti