Türkiyənin Nazirlər Kabineti Ukrayna və Qafqazı müzakirə edəcək

   Türkiyənin Nazirlər Kabineti Ukrayna və Qafqazı müzakirə edəcək
  28 Mart 2022    Oxunub:954
Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyənin Nazirlər Kabinetinin iclası olacaq.
AzVision.az "TRT"yə istinadən xəbər verir ki, iki həftəlik fasilədən sonra keçiriləcək toplantının gündəliyində əsas məsələ Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət olacaq. İki ölkə arasında sülhün təmin olunması üçün həm Prezident Ərdoğanın, həm də digər rəsmilərin apardığı işlər qiymətləndiriləcək.

Bu çərçivədə NATO liderlərinin fövqəladə sammitinin nəticələri müzakirə olunacaq.

İclasda Qara dənizdəki minaların Türkiyə ərazi sularında təhlükə yaratmasının qarşısının alınması üçün həyata keçirilməsi planlaşdırılan tədbirlər də müzakirəyə çıxarılacaq.

Türkiyə vətəndaşlarının Ukraynadan təxliyə prosesi və bölgəyə humanitar yardımlar da qiymətləndiriləcək.

İraq, Suriya və Qafqazda baş verən regional hadisələr, daxili və sərhədyanı terrorla mübarizə əməliyyatları da diqqətdə olacaq.

Görüşdən sonra Prezident Ərdoğan xalqa müraciət edəcək.

AzVision.az



Teqlər: Türkiyə   Nazirlər-Kabineti  



Xəbər lenti