Alen Simonyan: "Beş maddədən ibarət təklif qəbulediləndir"

 Alen Simonyan:    "Beş maddədən ibarət təklif qəbulediləndir"
  29 Mart 2022    Oxunub:1499
Azərbaycanın sülhlə bağlı 5 maddədən ibarət təklifi Ermənistan üçün qəbulediləndir.
AzVision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının martın 29-da Almatı şəhərində keçirilən iclasında deyib.

"Rəsmən bəyan edirəm ki, bu bəndlər Ermənistan üçün qəbulediləndir. Hesab edirik ki, bəzi aspektlər əlavə olunarsa, onların icrasına başlaya bilərik”,-deyə, Ermənistan parlamentinin sədri əlavə edib.

Qeyd edək ki, martın 14-ü Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirmişdi ki, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib: “Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.


AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti