Ceyhun Bayramov ATƏT sədrilə görüşüb - YENİLƏNİB - 2
Nazirlər, ikitərəfli gündəlikdə duran əsas məsələləri, beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi, xüsusilə də ATƏT ilə əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Nazir Ceyhun Bayramov Azərbaycan Polşa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini, və ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlərin inkişaf etməkdə olduğunu vurğulayıb.
Bu xüsusda, iki dövlət rəhbəri tərəfindən 2017-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”yə istinad edilib. Nazir, cari ilin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunması ilə əlamətdar olduğunu bildirib və bu münasibətlə təbriklərini çatdırıb. Nazir Zbiqnev Rau ikitərəfli siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib və iqtisadi sahədə münasibətlərin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə məmnunluqla istinad edib.
Nazir Ceyhun Bayramov Polşalı həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, bölgədəki son gərginliyin səbəbi və Ermənistan tərəfindən birgə bəyanatın müddəalarının pozulması, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidən qurma işləri ilə bağlı məlumat verib. Tərəflər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, ATƏT-in post-münaqişə mərhələsində normallaşma prosesinə töhfəsi, habelə regional təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü keçirilib.
AzVision.azxəbər verir ki, bu barədə XİN-in tvitter səhifəsində məlumat paylaşılıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau arasında təkbətək görüş keçirilir.
AzVision.az xəbər verir ki, bu barədə XİN-in tvitter səhifəsində məlumat paylaşılıb. Xatırladaq ki, ATƏT sədri Azərbaycanda rəsmi səfərdədir. Bundan əvvəl o, Gürcüstanda olub, Bakıdan isə İrəvana gedəcək.
AzVision.az
Teqlər: Azərbaycan ATƏT







Vaxtında, Aydın, Lazımlı!


