“İskəndər”in quyruğu var...

// ...O da artıq Qərb kəşfiyyatının əlinə keçdi

      “İskəndər”in quyruğu var...
  31 Mart 2022    Oxunub:6590
Ukraynada davam edən müharibə hər iki tərəfin maksimum sayda operativ-taktiki raketlərdən istifadəsilə yadda qaldı. Ukrayna əsasən “Toçka- U”, Rusiya isə həm “Toçka-U”, həm də daha modernləşdirilən “İskəndər” versiyasından, həmçinin dəniz versiyalı “Kalibr” və aviasiya bazalı “Xəncər” hipersəs sürətli raketlərdən istifadə edir.
Raketlərin hamısı SSRİ və Rusiyada istehsal edilib. İstehsalçılar adı çəkilən raketlərin hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz olduğunu bildirsələr də, “Xəncər”dən başqa yerdə qalanların ələ keçirilməsinin şahidi olduq. “İskəndər” raketlərinin tətbiqi zamanı isə maraqlı bir fakt aşkarlandı.

Bir çox Qərb mənbələri martın ortalarında Rusiyanın Ukraynada qısamənzilli “İskəndər-M” ballistik raketləri ilə birlikdə “saxta” hədəflərdən istifadə etdiyi barədə məlumatlar yaydılar. Bu “saxta” hədəflər hava hücumundan müdafiə radarlarını və istilik axtaran raketləri yayındırmaq məqsədilə tətbiq edilir. ABŞ kəşfiyyat orqanlarının adı açıqlanmayan rəsmiləri bu “saxta” hədəflərin hər birinin təxminən 40 sm. uzunluğunda, uzunsov mərmi formasında və narıncı rəngdə quyruq hissəsinə malik olduğunu bildirib. “Saxta” hədəfin görüntüləri yayımlansa da, onun markası və xüsusiyyətləri açıqlanmır.

Rusiyanın “İskəndər” raketləri indiyə qədər Gürcüstanda, Suriyada, Tacikistanda və Qarabağda tətbiq edilib. Bu halların hamısını izləmişəm, lakin raketin “saxta” hədəflərlə təchiz edildiyinə dair heç bir faktlara və məlumatlara rast gəlməmişəm. “Saxta” hədəflərə adətən Rusiyanın aviasiyasa vasitələrində və uzaqmənzilli qitələrarası ballistik raketlərində rast gəlinirdi. Yaxınmənzilli raketlərdə “saxta” hədəflərin tətbiqinə isə zərurət olmadığı iddia edilirdi. Amma son döyüşlərdə “İskəndər” raketlərinin “saxta” hədəflərlə təchiz edilməsi onların hətta Ukraynanın müasir olmayan hava hücumundan müdafiə sistemlərinə qarşı zəifliyini nümayiş etdirdi.

Rusiyanın tətbiq etdiyi “saxta” hədəf raketlərin uçuşda trayektoriyasını müəyyən etməyə çalışan düşmən radarlarını çaşdırmaq üçün radiosiqnallar şüalandırır və raketə yaxınlaşan düşmən sursatlarını özünə cəlb etmək üçün əlavə istilik mənbəyi yaradır.

İndiyə qədər heç bir mənbədə rast gəlinməyən “İskəndər-M” raketinin saxta hədəfləri qarşısında mütəxəssislər də çaş-baş qalıblar. Mən də bu barədə detalları dəqiqləşdirməyə çalışsam da, real nəticə əldə edə bilmədim. Gəldiyim tək qənaət budur ki, “saxta” hədəfləri kaset bombaları ilə qarışdırmaq olmaz, çünki onların daxilində nə partlayıcı maddə var, nə də döyüş başlığı ilə təchiz edilirlər.

Ən real ehtimal “İskəndər-M” raketlərinin Ukraynanın hava hücumundan yayınmaq və raket əleyhinə müdafiə sistemini yarmaq üçün bu “saxta” hədəflərdən istifadə edilməsidir. Rusiyanın taktiki raketlərinin yaxalanmasının mümkünsüzlüyü dəfələrlə bəyan edilsə də, onların ABŞ tərəfindən İraqda, Azərbaycan tərəfindən isə Qarabağda məhv edilməsinə dair faktlar mövcuddur. İndi isə bu siyahıya Ukrayna da əlavə olunub.

Nəzərə alsaq ki, Ukraynada Rusiya tərəfindən tətbiq edilən ballistik və qanadlı raketlərin sayı artıq 300 ədədə yaxındır və onların arasında məhv edilənlər də az deyil, o zaman Rusiyanın bahalı raketlərin azalan ehtiyatlarını qorumaq üçün tədbirlər görməsi başa düşüləndir. Sadəcə maraqlı olan odur ki, belə bir ciddi məsələdən yerin altını və üstünü bilən orqanlar, o cümlədən ABŞ, Britaniya və İsrail kəşfiyyatı da xəbərsiz olub. Ən azından hazırda baş verən ajiotaj bunu göstərir.

Sovet İttifaqının süqutundan qısa müddət sonra hazırlanan “İsgəndər” qısamənzilli ballistik raket sisteminin “M” versiyasının 500 km.-dən hədəflərə bir neçə döyüş başlığı, o cümlədən, nüvə başlığı ilə zərbə endirmək imkanına malik olduğunu, raketin “saxta” hədəflərlə təchiz olunduğunu və sonuncuların artıq Qərbin əlinə keçdiyini nəzərə alsaq, bu raketlərin gələcək tətbiqinin effektivliyinin kəskin şəkildə aşağı düşəcəyini ehtimal edə bilərik.

İstənilən halda tətbiq edilən “saxta” hədəfləri Qərb üçün növbəti “kəşfiyyat uğuru” adlandıra bilərik. Nəzərə almalıyıq ki, istehsalçı ölkələr ballistik raketlərin ələ keçirilməsi məqsədilə görülən əks tədbirlər haqqında texniki məlumatları nadir hallarda təqdim edirlər. Raketlərin texniki imkanları barədə məxfi məlumatların rəqiblərin əlinə keçməsi bu ölkələrin həmin raketlərə qarşı nəzərdə tutulan HHM və RƏM komplekslərini yeni təhdidlərlə mübarizəyə uyğunlaşdırması ilə nəticələnir. Bu isə Rusiyanı kifayət qədər narahat edəcək faktorlardan bəlkə də birincisidir.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İskəndər   Raket  





Xəbər lenti