Yaponiyanın Rusiyaya qarşı sanksiyalarında özəl məqam

 Yaponiyanın Rusiyaya qarşı  sanksiyalarında özəl məqam
  31 Mart 2022    Oxunub:1333
Yaponiya hökuməti parlamentin hazırkı sessiyası ərzində Rusiyadan idxal olunan bəzi mallara və xammala rüsumların artırılmasını nəzərdə tutan tarif tədbirləri barədə ölkə qanunvericiliyinə düzəlişlər edə bilər. Yaponiya hökumətindəki mənbələrə istinad edən “HNK” telekanalı belə məlumat yayımlayıb.
AzVision.az “HNK” telekanalının məlumatına əsasən bildirir ki, Yaponiya hökuməti bu düzəlişlər Ukraynadakı hadisələrə görə Rusiyanın ticarət sahəində əlverişli ölkə olmadığının elan edilməsi ilə bağlıdır. Yaponiya hökuməti Rusiyadan idxal olunan ağaca görə rüsumun 4,8%-dən 8%-ə, qızıl balığa və kürüyə görə 3,5%-dən 5%-ə, yencək (krab) üçünsə 4%-dən 6%-ə qədər qaldırmağı planlaşdırır. KİV-lər Yaponiya hökumətinin tranzaksiyalar qaydası və valyuta mübadiləsi, habelə kriptovalyutalar barədə qanuna düzəlişlər hazırladığını da vurğulayırlar. Bu düzəlişlərə əsasən, rəsmi Tokio Rusiyanın öz aktivlərinin bir hissəsini sanksiayalardan azad etməsinə imkan vermək istəmir.

Buna qədər isə, Yaponiya hökuməti Rusiyaya dəbdəbəli əşyaların – premium-klass avtomobillərin və qiymətli daşların ixracına qadağa qoyub.

Maraqlıdır ki, bununla yanaşı, Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye nazirliyi Rusiyadan idxal olunan və çətin əvəzlənə biləcək malların və materialların siyahısını tərtib edib. Rusiyanın TASS agentliyinin sözügedən nazirliyin müvafiq sənədinə istinadən yaydığı məlumata görə, bu siyahıya neft, kömür, maye qaz, yarımkeçiricilərin istehsalında istifadə olunan qaz, palladium, poladın və paslanmayan poladın istehsalında işlədilən ferro-xəlitələr daxildir. Bu məqamla bağlı Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye nazirliyi digər ixracatçı ölkələri sözügedən məhsulların və materialların istehsalını aktivləşdirməyə çağırıb.
Yaponiya hökuməti bu addımları Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ABŞ, Avropa İttifaqı və bir sıra digər dölətlərin Rusiyaya qarşı tətbiq etdiyi sərt iqtisadi sanksiyaların kontekstində atır. Sanksiyaların tətbiqi çərçivəsində Qərbin bir çox məşhur şirkətlərti artıq Rusiyanı tərk ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Yaponiya   Rusiya  



Xəbər lenti