"Fərruxa dizim üstə gedərəm" - Oğlunun sümüklərinə qovuşmaq istəyən Ana

  "Fərruxa dizim üstə gedərəm"  - Oğlunun sümüklərinə qovuşmaq istəyən Ana
  01 Aprel 2022    Oxunub:5977
İlham Adil oğlu Dadaşov Birinci Qarabağ Müharibəsi zamanı, 1992-ci ildə Xocalı rayonunun Fərrux kəndində gedən qızğın döyüşlərdə şəhid olub. Döyüş yoldaşları dəfələrlə cəhd etsələr də, İlhamın Fərrux dağının yüksəkliyində qalmış nəşini götürə bilməyiblər.
Əlacı hər şeydən kəsilən və ümidini üzən anası Elmira Dadaşova 1998-ci ildən sonra axtarışları dayandırıb və dövlətin şəhid ailələrinə vediyi “qan pulu” ilə oğluna yalançı məzar düzəltdirib. Təsəlli olsun deyə, kəfənə oğlunun köynəyini və şəklini büküb basdırıb. Fərruxda kütləvi məzarlıqlar aşkarlanandan sonra ana ümid edir ki, oğlunun da sümükləri tapılacaq və onu 30 ildən sonra dəfn edə biləcək.

AzVision.az ananın faciə dolu hekayəsini öz dilindən qələmə alıb:

"Biz əslən Netçaladanıq. Mənim 4 oğlum olub. İlham ikinci övladım idi. O, 1973-cü ildə, iyunun 19-da Neftçalada anadan olub. Orta məktəbə kənddə gedib. Babası axund olduğuna görə körpə yaşlarından ərəb, fars dillərini öyrənib. İlham anadan olandan digər uşaqlarımdan fərqli idi. Fitri istedada malik uşaq olub. 5 yaşında Quranı sərbəst oxuya bilirdi. Dördüncü sinifdə oxuyanda onu Bakıda, Nərimanov rayonunda ərəb-fars məktəbinə qoyduq. İlham 10-cu sinifdə oxuyanda 20 Yanvar hadisələri baş verdi. O, qırğın zamanı meyitlərin daşınmasına, basdırılmasına kömək edirdi. Baş verənlər oğluma ciddi təsir göstərmişdi. Həmin vaxtlar övladımda vətənpərvərlik ruhunun güclü olduğunun şahidi oldum.
İlhamın 18 yaşı tamam olanda həqiqi hərbi xidmətə çağırıldı. O, Peterburq şəhərində xidmət edirdi. Xidmətinin 7-ci ayında SSRİ dağıldı və oğlum Azərbaycana qayıtdı. Ona dedim ki, gəlmə, orada şərqşünaslıq fakültəsinə daxil ol və oxu. Dedi, “ana, mənimlə işiniz olmasın. Mən Qarabağa gedəcəyəm”.



Fevralın 3-də Azərbaycana gəldi. İki dəfə Qarabağa getməyə cəhd etdi, mən razılıq vermədim. Ana idim, qorxurdum. Gördü ki, anadan keçə bilmir, üzümə qayıda bilmir, məndən gizli hərbi komisarlığa ərizə ilə müraciət etdi. Fikirləşib ki, çağırış gələndən sonra anam mənə nə deyəcək?Tez-tez gəlib məndən soruşurdu ki, “ana, mənə çağırış gəlməyib?” Deyirdim “yox, nə çağırış?"
Günlərin birində çağırış gəldi. Dedim, bu nədir? Bildirdi ki, könüllü əsgər kimi xidmət edəcək. Ondan bir gün sonra oğlumu Qarabağa yola saldıq. Sağollaşıb ayrılanda dedi, "ana ağlama. Gedib, ermənilərin payını verib, qayıdacağam”. Amma gəlmədi”,- deyə ana göz yaşlarını saxlaya bilmir.



1992-ci ilin iyunun 18-də Qarabağa könüllü döyüşməyə gedən İlhamın ölüm xəbərini ailəsi həmin ilin sentyabrın 19-da alır. “Atası, mən və digər oğlum İlhama baş çəkmək üçün getmişdik. Əvvəl məni aldatdılar ki, oğlun mühasirədədir. Bir ay orada qaldım. Gördülər, məni aldada bilməyəcəklər, axırda açıb həqiqəti dedilər. Bildirdilər ki, “sizin oğlunuzu ermənilər vurub, meyiti dağda qalıb, götürməyə də imkan vermirlər”. Bir gecədə saçlarım ağardı. Həmin vaxt yaddaşımı itirdim. Heç kimi tanımırdım, heç nə bilmirdim. Özümə gələndən sonra elə hey gedib-gəlirdim ki, birdən dağlardan kiminsə meyitini götürəndə aralarında mənim də uşağımın meyiti olar... Onun ölümündən sonra atası dözmədi, insult keçirdi. Bu mənə növbəti zərbə oldu. Bilmədim balamın ölüsünü axtarım, yoxsa xəstəmin dərdini çəkim...



1992-ci ildən 1998-ci ilə qədər yollarda qaldım. Hara meyit gətirirdilərsə, gedib yoxlayırdım. 1998-ci ildə Bərdəyə getdim. Dedilər, orada kimsəsizlərin məzarı var. Qəbirlər nömrələnib və ölənlərin şəklini çəkib basdırıblar. Şəkillər arasında övladımı tapmadım. Ondan sonra çıxıb gəldim evimə və oturub yol gözləməyə başladım. Üç il bundan qabaq Prezidentin fərmanı ilə 11 min manat “qan pulu” verildi. Qardaşları o pula yaxın gəlmədilər. Dedilər, o pul İlhamındı. Həmin pulu götürüb ona başdaşı sifariş etdirdim və Neftçala rayonunda yalançı qəbir düzlətdirdim. O məzara bir köynəyini, bir də şəklini kəfənə büküb basdırdım. 30 ildir ki, bala dağı çəkirəm”.



Ananın söylədiyinə görə, həmin gün Fərrux dağında 11 nəfər azərbaycanlı döyüşçü öldürülüb. İndiyə qədər onların meyitləri tapılmayıb. “Onlardan 7 nəfəri dağın aşağısı ilə gedib, 4 nəfər isə yuxarı qalxıb. Orada Bəxtiyar adlı oğlanı ermənilər öldürüblər. İlham ona köməyə gedəndə onu da vurublar.



Oğluma yoldaşları “molla” ləqəbini vermişdilər. Köməyə gedəndə ona deyiblər ki,”molla, səni də vuracaqlar”. Heç sözü deyib bitirməmiş vurublar.
Benəlxalq Qırmızı Xaç Cəmiyyətinə müraciət etdim. Dedilər, “belə adam yoxdur”. Ermənilər ümumiyyətlə, o dağda adam öldürdüklərini boyunlarına almadılar. Kim öz eyibini deyər ki?
Bu yaxınlarda Fərruxda qazıntı gedəndə ürəyim əsdi. Dedim, o sümklərdən biri mənim övladımındır. Bizdən DNK analizi götürüblər, cavab gözləyirik. Balamın sümüyü əlimə gəlsə, qurban kəsəcəyəm. Fərruxa dizim üstdə gedərəm. İlhamın qanı töküldüyü torpağı gətirib buradakı yalançı qəbrinə tökərəm”.











Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti