Erməni naziri "KQB zirzəmisi"nə saldılar

   Erməni naziri    "KQB zirzəmisi"nə saldılar
  01 Aprel 2022    Oxunub:1959
"Fövqəladə hallar naziri Andranik Piloyan xalq arasında daha çox “KQB-nin zirzəmisi” kimi tanınan “Yerevan Kentron” cəzaçəkmə müəssisəsindədir". AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Saytlar Ədliyyə Nazirliyinin Penitensiar İdarəsinin mətbuat katibi Nona Navikyana istinad ediblər.
Erməni nazir korrupsiyaya dair cinayət işində dindirilir
"Xatırladaq ki, dünən İrəvan məhkəməsi Piloyan barəsində həbs qərarı çıxardı. Ehtimallara görə, o, iki ay müddətinə həbs edilib. Böyük korrupsiya işinin tərkib hissəsi kimi daha səkkiz müttəhimə qarşı da ittiham irəli sürülüb. On nəfər şübhəli şəxs qismində hələ də iş üzrə dindirilir. İlkin araşdırma zamanı müəyyən edilib ki, Piloyan köməkçisinin əli ilə nazirliklə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət alıb. Piloyanın köməkçisinin kabinetində aparılan axtarış zamanı silah və sursat da tapılıb", - saytlar yazıb.

Xatırladaq ki, martın 28-də “Sputnik Armeniya” Milli Təhlükəsizlik Xidməti (MTX) əməkdaşlarının sözügedən nazirlikdə əməliyyat keçirmələri barədə məlumat yaymışdı.
“Hraparak” qəzeti isə xüsusi xidmət orqanlarının xüsusən nazirin müşaviri Aşot Akopyanın otağında axtarış apardıqlarını yazmışdı. Sonradan isə məlumat yayıldı ki, nazir Andranik Piloyan martın 28-dən aprelin 14-nə kimi məzuniyyətə çıxıb. Piloyanı onun birinci müavini Armen Pambuxçyanla əvəzləyib. Qeyd edək ki, Piloyan 22 oktyabr 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın milli qəhrəmanı adını almışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Nazir   Həbs   Ermənistan  





Xəbər lenti