Yeni dünya nizamı necə olacaq – Serb politoloqun şərhi

// Britaniyanın Ai-dən niyə çıxması aydınlaşmağa başlayır

   Yeni dünya nizamı necə olacaq –    Serb politoloqun şərhi
  03 Aprel 2022    Oxunub:5388
“Formalaşmaqda olan yeni dünya düzənində əsas uduzanlar Aİ, ilk növbədə Almaniya və Fransa olacaq. Böyük Britaniyanın Aİ-dən niyə ayrıldığı artıq aydın görünür. Bu, Rusiya-Çin ittifaqının rəhbərlik edəcəyi Böyük Avrasiyanın olacağı yeni dünya nizamına hazırlıq idi. Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Əmirliklər, Pakistan və Hindistan kimi region ölkələri də ona qoşulacaqlar”.
Bu sözləri AzVision.az -a müsahibəsində Belqrad Avropa Araşdırmaları İnstitutunun tədqiqatçısı Stefan Qayiç deyib. Onun sözlərinə görə, digər tərəfdə isə Böyük Britaniya, Avstraliya, Kanada, Yaponiya və başqa ölkələrin daxil olduğu, ABŞ-ın rəhbərlik etdiyi yeni Atlantik koalisiyası duracaq:

- Müharibədə Rusiyanın qalib gələcəyi məlum olduğu üçün ABŞ və İngiltərə məkrli şəkildə bu qələbənin çoxlu sayda qurbanlarla əldə edilməsində, Rusiyanın reputasiyasına ciddi ziyan dəyməsində maraqlıdırlar. Buna görə NATO-nun Şərqi Avropadan olan üzv ölkələrini, Rusiyanı daha çox incitmək üçün İlk növbədə Polşanı və Baltikyanı dövlətləri qurban verir, sözün əsl mənasında Rusiya-Ukrayna münaqişəsinə cəlb edirlər.

- Yeni dünya düzənində Çinin mövqeyi necə olacaq?
- Çinin öz suverenliyini bütün ərazisində təmin etməsi zaman məsələsidir. Hamı ümid edir ki, Tayvan məsələsi Honq-Konq ssenarisinə uyğun olaraq sülh yolu ilə həll olunacaq. Çin bunu gələcəkdə həyata keçirməyə hazırdır.
Afrikanın çox hissəsi, Latın Amerikasının bir qismi də Böyük Avrasiyanın təsir zonasına daxildir. Rusiyanın təcrid olunması son nəticədə Atlantik anqlo-sakson koalisiyasının da təcrid olunmasına gətirib çıxara bilər. Aİ və Qərbi Avropanı çox çətin günlər gözləyir, onlar ciddi iqtisadi çətinliklərə dözməli olacaqlar. Aİ tam geosiyasi məğlubiyyətə uğradı. Makronun Avropa qüvvələrinin yaradılması ilə bağlı fikirlərinin artıq heç bir dəyəri yoxdur. Yəni Aİ-nin NATO-dan yan keçərək ayrıca hərbi mərkəz yaratmaq cəhdləri birdəfəlik iflasa uğradı. Siyasi cırtdana çevriləcək Qərbi Avropanı ABŞ yenidən tam nəzarətinə alacaq.

- Yeni dünya düzənində ABŞ üçün hansı rol hazırlanacaq?
- ABŞ Qərb dünyasına başçılıq edəcək. ABŞ və Böyük Britaniya vahid mərkəz olacaqlar. Onların Asiyadakı əsas oyunçusu Yaponiya olacaq. Onların bir çox müttəfiqləri, məsələn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı artıq müttəfiq deyil. Onlar ABŞ prezidenti Co Baydenin zənglərinə belə cavab vermirlər. Onların neftin qiyməti ilə bağlı Rusiya və Çinlə razılaşmaları var. Suriya prezidentinin BƏƏ-yə səfəri çox önəmli idi. Bu, dünyanın artıq dəyişdiyini göstərir. ABŞ öz koalisiyasına rəhbərlik edəcək. Qərbi Avropa tamamilə amerikalılardan asılıdır. İlk növbədə Almaniya və Fransanın maraqlarına böyük ziyan dəyəcək.

- Rusiya Qərbin sanksiyalarına cavab olaraq qazını yalnız rubla satmağa qərar verdi. Avropa bu vəziyyətdə nə edəcək?
- İctimai rəyi və mediası Atlantik təsir altında olan Avropa əvvəlcə Rusiyanın ultimatumuna şiddətli müqavimət göstərəcək, sonra “hə” deyərək, özünü həm ABŞ, həm də Rusiya qarşısında alçaldacaq. Avropalıların Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, ilk növbədə onların özünə zərbə vurur. Fransa və Almaniya öz hərəkətləri ilə öz xalqlarının mənafeyindən çıxış etmirlər.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az


Teqlər: Müharibə   Dünya-nizamı  





Xəbər lenti