Sanksiyalar siyasətində “ikili standartlar”

   Sanksiyalar siyasətində “ikili standartlar”
  04 Aprel 2022    Oxunub:1103
“ABŞ Avropanı Rusiyaya qarşı sanksiyalar həyata keçirməyə vadar edir. Amma özü Rusiyadan neft idxalını artırır və mineral gübrələri almağı davam etdirir”. Rusiya Federasiyasının Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popov “Komsomolskaya pravda” qəzetinə müsahibəsində bu məqama diqqət çəkib.
AzVision.az “Komsomolskaya pravda” qəzetinə istinadən xəbər verir ki, Mixail Popovun fikrincə, Ukraynanın durmadan yaratdığı problemlərlə təkbətək qalmış öz avropalı dostlarına kömək etməyə ABŞ-ın həvəsi yoxdur. Avropanın Vaşinqtonun bu qəbildən olan yeni sürprizləri ilə qarşılaşa biləcəyi sualına da yüksək vəzifəli rusiyalı məmur müsbət cavab verib.

- Düşünürəm ki, belə də olacaq. Nümunə üçün uzağa getmək lazım deyil. ABŞ avropalıları Rusiya əleyhinə sanksiyalar tətbiq etməyə məcbur edir. Özləri isə nəinki sadəcə Rusiyadan neft idxalını davam etdirirlər, hətta ötən həftə bizdən aldıqları “qara qızılın” həcmini 43% artıraraq, sutkada 100 min barrellə çatdırıb, - Mixail Popov bildirib.

Moskvanın Ukraynaya hərbi müdaxiləsindən sonra məhz ABŞ-ın güclü təzyiqləri və tələbləri nəticəsində Avropa İtifaqı ölkələri Rusiyaya qarşı indiyədək misli görünməmiş sərt sanksiyalar tətbiq ediblər. Hazırda isə, bu ölkələrin Rusiyadan aldıqları ənənəvi enerjidaşıyıcılarının idxalına embarqo qoyulması üzərində ciddi iş aparılır. Mixail Popovun dediklərindən isə belə anlaşılır ki, hamını Moskva ilə iqtisadi-siyasi münasibətləri dondurmağa çağıran Vaşinqton, bu müstəvidə də “Sizə rəva görmədiyimiz bizə məqbuldur” siyasətini, yəni ikili standartlar siyasətini yürüdür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti