Görüşqabağı mitinq şousu

 Görüşqabağı mitinq şousu
  06 Aprel 2022    Oxunub:2575
İrəvan bütün görüşlər ərəfəsində müxtəlif səpkili təxribatlara və ya siyasi şantajlara əl atıb. Aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə görüşünə bir gün qalmış İrəvanda keçirilən mitinq də məhz belə cəhdlərdən biridir.
Bir neçə gün əvvəl Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan iki ölkə arasındakı münasibətlərin normal məcraya salınması üçün Azərbaycanını verdiyi 5 prinsipdən ibarət son təklifin rəsmi İrəvanı qane etdiyini açıqlayır. Məhz bu səpkidə keçiriləcək Brüssel görüşü ərəfəsində isə İrəvanda erməni “ana müxalifəti”, yəni Paşinyanın qanlı-bıçaq düşmən olduğu Köçəryan-Sərkisyan tandemi “minlərlə” adamın yığışıdığı etiraz mitinqi keçirir. Əsas iddia da budur ki, “Qarabağ münaqişəsi” həll olunmayıb və Azərbaycanla sülh müqaviləsinin imzalanması erməni maraqlarının qurban verilməsidir.

Sual oluna bilər, burada qeyri-adi nə var ki? Onsuz da Köçəryan-Sərkisyan cütlüyü elə əvvəldən də belə deyirdi. Elə ən maraqlısı da odur ki, Paşinyan da bu etiraz mitinqini... dəstəkləyib. Yəni özünün imzaladığı Bəyannamələri və səsləndirdiyi bəyanatları, obrazlı desək, danıb.

Təəccüblüdürmü? Tarixi erməni ənənəsinə bələd olanlar üçün heç də yox! Bəs indiki reallığa gəldikdə?

Birincisi, Paşinyan mitinqdə səsləndirilən erməni “ictimai rəyinə” istinadən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı danışıqlarda ona göstərilə biləcək ciddi təzyiqləri yumşaltmağa çalışır. Eyni zamanda da, qəbul etməyə məcbur olacağı şərtlərə görə məsuliyyəti öz üzərindən atmaq istəyir.

İkincisi, bu yolla “Qarabağ münaqişəsi” analyışını gündəmə gətirərək, xarici havadarlarını yeni oyunlar qurmağa səsləyir. Halbuki, onun özü də, havadarları da Azərbaycanın bu məsələdə nida işarəsi qoyduğunun yaxşı fərqindədrilər və onlar tarixin təkərini geri fırlaya bilməyəcəklər. Nə qədər nala-mıxa vursalar da gez-tez Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı tələbləri çərçivəsində sülh müqaviləsini imzalamağa, sərhədlərin delimitasiyası və demarkasiyasına, kommunikasiyaların açılmasına razılaşmağa məcbur olacaqlar.

Yeri gəlmişkən, elə ötən il dekabrın 14-də Brüsseldə Avropa Şurasının sədri Şarl Mişelin iştirakı ilə baş tutan görüşdə də məhz bu müddəalar dəstəklənib. Yox, əgər Paşinyan və onun kimiləri fərqli düşünürlərsə, onda başları əlhəd daşına dəyəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Brüssel   Paşinyan  





Xəbər lenti