“Rusiyanın taktikasını anlamaq olmur” – Türkiyəli yazar

// “Bu müharibədə qaranlıq məqamlar çoxdur”

   “Rusiyanın taktikasını anlamaq olmur” –    Türkiyəli yazar
  06 Aprel 2022    Oxunub:2742
Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov yerli mediaya açıqlamasında Ankaranın Ukraynaya “Bayraktar” PUA-larını satmasından gileylənib. O bildirib ki, Ukraynaya Türk PUA-larının çatdırılması Rusiya cəmiyyətində çox ağrılı qarşılanır: “Burada ‘Biznes biznesdir’ kimi izahatlar başa düşülmür, çünki həmin pilotsuz vasitələr əsgərlərimizi öldürür”.
Rusiyalı diplomatın bu sözlərini AzVision.az -a şərh edən “Cumhuriyyet” qəzetinin yazarı Orhan Bursalı bildirib ki, Yerxov daha əvvəl də bu tipdə açıqlama vermişdi:

- “Bayraktar TB2” müasir silahların arasında çox güclüdür. Müharibələrin gedişatında xüsusi rol oynamaq qabiliyyətindədir. Rusiya bu vəziyyətdən heç də məmnun deyil. Ancaq bir gerçəklik də var ki, Moskva bu halda belə Türkiyə ilə əlaqələrini pozmayacaq. Çünki Türkiyə Rusiyaya qarşı heç bir sanksiyaya qoşulmayaraq, öz yolu ilə gedir. Bu da Rusiya üçün çox vacibdir. Bu səbəbdən, narazılığın gələcəkdə dərinləşəcəyini düşünmürəm. Hazırda Rusiya ilə NATO-nun arasında dayanan yeganə ölkə məhz Türkiyədir. Rusiya Türkiyə ilə əlaqələrini yenə də inkişaf etdirəcək.

Aleksey Yerxov çox təcrübəli diplomatdır. Çox güman ki, bu açıqlamanı özbaşına verməyib. Rəsmi Moskvanın tapşırıqları əsasında verilən bir açıqlamadır. Kim olsa, bunu dilə gətirər. Ruslar açıq şəkilə bu silahın onlara ciddi ziyan verdiyini etiraf edirlər. Bunu əslində normal qarşılamaq lazımdır.


Biz həm sülh prosesində rol almaq istəyirik, həm də müharibədə Ukraynaya müdafiə üçün silah satışını gerçəkləşdiririk. Təbii ki, bu məsələlər diqqətlə hesablanmalıdır. Türkiyə həm də hər iki ölkə ilə münasibətlərini davam etdirmək istəyir. Rusiya ilə böyük müqavilələrimiz var. Suriyada da müştərək fəaliyyət göstəririk.

- “Bayraktar TB2”nin Ukraynadakı müharibədə bir növ iki tərəf arasında balansı təmin etdiyini deyə bilərikmi?
- Amerika kimi böyük ölkə və bir çox digər dövlətlər də Ukraynaya silah yardımı edirlər. Ancaq “Bayraktar TB2”nin xüsusi bir rolu var bu müharibədə. Bu rolun tam nə qədər, hansı səviyyədə olduğunu demək üçün kifayət qədər informasiyam yoxdur. Bu suala hərbi ekspertlər daha düzgün cavab verə bilərlər.

- Müharibənin ssenarisi belə davam etməli idi, yoxsa planlar nəzərdə tutulduğu kimi getmədi?
- Qərblilər belə Rusiyanın Ukraynadakı taktikasını anlaya bilmirlər. Kiyevi həqiqətənmi tuta bilmədilər, yoxsa başdan belə bir plan mövcud deyildi? Ukrayna işğal ediləcəkdimi, yoxsa ümumiyyətlə, planlar tamamilə fərqli olub? Bu müharibədə bir çox məsələ qaranlıq qalır. Ruslar Kiyevi işğal edə bilərdilərmi? Əlbəttə, böyük itkilər bahasına da olsa, edə bilərdilər. Fikrimcə, əsas məqsəd Ukraynanın NATO-dan uzaqlaşdırılması idi. Nəticədə Rusiya da ziyan gördü. Ancaq bir həqiqətdir ki, əzilən ölkə Ukrayna oldu.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Ukrayna   Müharibə   Rusiya  





Xəbər lenti