Brüssel görüşü erməniləri məyus edib

Brüssel görüşü  erməniləri məyus edib
  07 Aprel 2022    Oxunub:2314
Dünən Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdən sonra bəyanat yayıldı və ayın sonuna kimi ikitərəfli komissiyanın çağırılacağı bəlli oldu.
AzVision.az xəbər verir ki, Ermənistan mediası və ümumilikdə cəmiyyəti Brüssel görüşünün Bakının maraqları ilə bitməsindən məyusluğunu gizlətmir.

Şarl Mişel İlham Əliyevlə görüşüb - Fotolar+Video
Qeyd edilir ki, artıq Avropa İttifaqı ATƏT-in Minsk qrupundan yan keçərək, münaqişənin mahiyyətinə və "Artsax xalqı"nın (Qarabağın bir hissəsində yaşayan azsaylı ermənilər - red) öz müqəddəratını təyinetmə hüququna məhəl qoymadan Ermənistan və Azərbaycan arasında problemlərin həllinə himayədarlıq etmək qərarına gəlib.

"Bəyanatda "Artsax", onun gələcəyi, statusu haqqında bir kəlmə də yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədrləri haqqında bir kəlmə də danışılmır. Azərbaycanın son "təcavüzü" pislənilmədi. Bunun əvəzinə, sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün xarici işlər nazirliklərinə göstərişlər verilib. Aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının yaradılması öhdəliyi də götürüldü. Həmçinin erməni "hərbi əsirlər"lə bağlı məsələ itkin düşmüş şəxslərə (Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən itkin düşənlər - red.) dair məsələ ilə eyniləşdirilir. Bundan başqa, qoşunların qarşılıqlı şəkildə çıxarılmasına dəstək verilir. Biz bunun təhlükəli nəticələrini Qarağluda gördük", - yerli media yazıb.

Prosesləri şərh edənlər gileylənirlər ki, Avropa İttifaqı ardıcıl olaraq Azərbaycanın lehinə addımlar atır. Bunun üçün isə Paşinyandan istifadə olunur. Həmçinin ermənilər məyusluqla qeyd edirlər ki, Avropoada artıq Qarabağın Azərbaycan ərazisi olmasını çoxdan qəbul ediblər.

Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Azərbaycan   Qarabağ   Brüssel   Ermənistan  



Xəbər lenti