Ukrayna ordusunun azərbaycanlı "Maksim"i

// İbad Hüseynov Ukraynadakı snayper qohumundan danışdı

 Ukrayna ordusunun  azərbaycanlı "Maksim"i
  07 Aprel 2022    Oxunub:6798
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun qardaşı oğlu Möhsün Hüseynov Ukrayna ordusunun ən peşəkar snayperlərindəndir. O, Donetsk aeroportunun məşhur 7-lik snayper müdafiəçiləri qrupundadır. 14 ildir ki, snayper kimi xidmət göstərir. "Maksim" adı ilə tanınan Möhsün hazırda Ukraynada ön cəbhədə vuruşur.
Milli Qəhrəman İbad Hüseynov AzVision.az -a açıqlamasında qardaşı oğlu ilə fəxr etdiyini bildirib: “Bu, təəccüblü deyil, bizim nəslin hamısı vuruşub, döyüşüb, yaralanıb. Bizim nəsildə yaralanmayan kişi yoxdur. Hamı müharibədə iştirak edib. Möhsün elə bir kişinin oğludur ki, əlbəttə, qəhrəman olmalıdır. Onun atası İlyas Birinci Qarabağ Müharibəsində canını qoydu, güllədən aldığı yaradan rəhmətə getdi.


İlyas Hüseynov

İlyas bizim bölgədə batalyon komandiri idi. Batalyonun kəşfiyyat komandiri isə mən idim. Möhsün Ukrayna vətəndaşıdır, öz vətənində döyüşür, qəhrəmanlıq edir. Bizim nəsil, kök vətən üçün canını qoyan bir nəsildir”.



İ.Hüseynovun sözlərinə görə, qardaşı oğlu 44 günlük Vətən müharibəsində iştirak etmək üçün Azərbaycana gəlmək istəyirmiş, ancaq Ukrayna vətəndaşı olduğu üçün gələ bilməyib: "Atasının yolunu davam etdirməyi arzulayırdı. Qardaşlarım vaxt olduqca əlaqə saxlayırlar, əhvalı çox yaxşıdır. Qəhrəmancasına ön cəbhədə döyüşür”.



Azərbaycan Milli Qəhrəmanının qardaşı oğlu Ukraynada snayper kimi döyüşür - Video
Qeyd edək ki, Möhsün Hüseynov 1991-ci ildə Dnepr şəhərində doğulub, anası ukraynalıdır. Atası İlyas Hüseynov Birinci Qarabağ Müharibəsi başladığı üçün onları Ukraynada qoyub, Azərbaycana qayıdıb. Onun əmiləri - Xocavəndin icra başçısı Eyvaz Hüseynov və qardaşı, Milli Qəhrəman İbad Hüseynov müharibədə fəal iştirak ediblər. Ukraynadan qayıdan İlyas da ən qaynar nöqtələrdə döyüşüb. Müharibədən sonra isə Ukraynaya qayıtmayıb. Möshün bir neçə dəfə Azərbaycanda olub. 2007-ci ilə kimi atası ilə əlaqələri olub, sonradan İlyas Hüseynovun rəhmətə getdiyini öyrənib. 2015-ci ildə aldığı kontuziya səbəbindən ordudan tərxis olunub. Ukrayna dövləti onu “İgidliyə görə”, “Şücaətə görə” medalları ilə təltif edib. Evlidir, bir uşağı var.














Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Ukrayna   Azərbaycan   Ordu  



Xəbər lenti