Putinin `Ukrayna planı`nda nələr var? - TƏHLİL

Putinin `Ukrayna planı`nda nələr var? - TƏHLİL
  15 Aprel 2014    Oxunub:1893
Ukraynanın cənub-şərqi əyalətlərində yenidən gərginlik artıb. Regionda yerləşən bir neçə rayon və şəhərdə inzibati binalar yenidən rusiyayönümlü fəallar tərəfindən zəbt olunub, bəzi yerlərdə qarşıdurmalar baş verib, ölənlər var. Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov isə ölkənin cənub-şərqində qarşıdurmalar törədən separatçılara qarşı xüsusi əməliyyatın keçirməsi barədə qərar qəbul edib.

Ötən həftə, Rusiya ABŞ, AB nümayəndələrinin iştirakıyla Ukrayna ilə danışıqlar aparılmasını və danışıqlarda Ukraynanın cənub-şərqi əyalətlərinin təmsil olunmasını tələb etmişdi. Kiyev istənilən formatda danışıqlara razı olduğunu bildirmiş və Ukrayna böhranı ətrafında dialoqun aprelin 17-də baş tutacağı planlaşdırılır. Bu razılaşmanın gərginliyi azaldacağı ehtimal olunsa da, gözlənilənin tam əksi baş verdi.

Görünür, Moskva vəziyyətin daha da gərginləşməsində maraqlıdır. Lakin bunun səbəbi heç də Ukraynanın şərqini işğal etmək istəyi ilə bağlı deyil. Əslində Rusiya Ukraynanı özünə uyğun müqaviləyə razı salmaq və bununla uzun illər maneəsiz Avropaya qazın ixracını təmin etmək və Krımın Rusiyanın ərazisi kimi tanınmasına nail olmaq istəyir. Bu işdə Avropa ölkələrinin də Ukraynaya təzyiq göstərməsinə nail olmaq əzmindədir.

Keçən həftə Putinin imzası ilə Rusiyanın qaz ixrac etdiyi hər bir Avropa ölkəsinin rəhbərinə ünvanlanmış və nədənsə məzmunu geniş ictimayyətə açıqlanan məktub bunu əyani şəkildə sübut edir. Məktubda Ukraynanın qaza görə Rusiyaya olan borcunu ödəmədiyi bildirilir, Rusiya iqtisadiyyatına bundan dəyən ziyan açıqlanır və buna görə Moskvanın bundan sonra yalnız əvvəlcədən dəyəri ödəniləcək qazı Ukraynaya ixrac etmək fikrində olduğu qeyd olunur. Əks halda qazın nəqlinin dayanacağı barədə Avropa liderlərinə məlumat verilir. Qısacası, Putin avropalıları qazı kəsməklə hədələyir və onlardan Ukraynaya təsir vasitəsi kimi istifadə etməyə çalışır. Təbii ki, paralel olaraq Rusiya Krıma görə Avropalıların özünə qarşı sanksiyalar tətbiq etməkdən də çəkindirmək istəyir. Vaşinqton artıq Putinin bu gedişini qaz şantajı kimi qiymətləndirib.

Lakin Avropanın Putinin məktubuna heç bir reaksiya verməməsi, Moskvanın bir daha Donetsk kartına əl atmağa vadar etdi. Rusiya Avropanın səssizliyindən narahatdır və anlayır ki, zaman onun xeyrinə işləmir. Belə ki, Kreml Ukraynada prezident seçkiləri keçirildikdən sonra bu ölkənin daxili işlərinə müdaxilə etmək imkanları tükənəcək. Buna görə, hər vəchlə prezident seçkilərinin keçirilməsinə maneçıli törətmək, Ukraynanın federativ quruluşu ilə bağlı referndumun baş tutmasına nail olmaq istəyir. Rusiya Ukraynadakı qeyri-sabit vəziyyətdən istifadə edərək şantaj yoluyla prezident seçkilərinə qədər Avropa və Ukraynadan özü ilə bağlı güzəştlər əldə etməyi planlaşdırır.

Ukrayna və Avropanın özləri üçün artıq alternativ qaz mənbələri axtarışına çıxmaları Rusiyanın narahatçılığına səbəb olan əsas amildir. İlkin mərhələdə Ukraynaya Avropadan revers qaz idxalının həyata keçirilməsi mümkündür. Bu o deməkdir ki, Rusiyadan digər marşrutlar vasitəsilə Avropaya ixrac olunan qazın həmin ölkələrdən Ukraynaya ixracı həyata keçiriləcək. Bu prosesə Rusiya istəsə belə mane ola bilməyəcək, çünki, həmin ölkələrlə uzunmüddətli müqavilələri mövcuddur. Artıq Macarıstan və Slovakiya Ukraynaya revrs qaz ixracına hazır olduqlarını bəyan ediblər. Belə olan halda Avropa ölkələrinin Ukraynada mövcud olan qaz anbarlarından istifadə etməsi də mümkündür.

Digər variant isə, Ukraynanın maye qaz idxal etməsidir. Maye qazın ilkin mərhələdə Qətərdən, sonradan isə ABŞ-dan ixracı mümkündür. Ukraynada qaz anbarlarının mövcudluğu böyük miqdarda qazın alınmasına və sonrakı istifadəsinə imkan yaradır.

Ukraynanın yeni seçiləcək prezidentinin Rusiyanın təsirindən çıxmaq üçün bu variantlardan biririni reallaşdıracağı və Qərbin buna dəstək verəcəyi şübhəsizdir. Nəticədə isə Rusiyanın geosiyasi ambisiyalarının məhv olması ilə yanaşı, ciddi iqtisadi gəlirlərdən məhrum olacağı da gözlənilir.

Ukrayna rəhbərliyinin cənub-şərqdə əməliyyat keçirmə planına Moskvanın qarşı çıxması da başa düşüləndir. Belə ki, əməliyyatlara cavab olaraq Rusiya Ukraynaya silahlı müdaxilə edə bilməyəcək. Bu, artıq Ukraynaya açıq müharibə elan etmək anlamına gəlir. Donetsk böhranında Kiyevin qələbəsi Putinin ölkə daxilində özü üçün formalaşdırdığı “müzəffər sərkərdə” imicinin pozulmasına gətirib çıxaracaq.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti