Şəhid atası onu aldadan fırıldaqçını niyə bağışladı? - Təfərrüatlar

 Şəhid atası onu aldadan fırıldaqçını niyə bağışladı? -  Təfərrüatlar
  08 Aprel 2022    Oxunub:3669
“Məni aldadıb “oğlun sağdır, əsir düşüb” deyən və 1705 manat pulumu alıb yeyən insanı bağışladım. Onu qıldığım namaza və Allaha tapşırdım”. Bunu AzVision.az-a Vətən müharibəsi şəhidi Əli Yusifovun atası Suləddin Yusifov Quba sakini, 65 yaşlı Natiq Abbasovun onu aldadaraq, pulunu mənimsəməsindən danışarkən deyib.
O bildirib ki, oğlu müharibədə itkin düşən zaman bununla bağlı sosial şəbəkələrdə məlumat yayıb. Övladı haqqında informasiyası olan şəxslərin onunla əlaqə saxlaması üçün şəxsi nömrələrini də sosial hesabında yerləşdirib. Elə hər şey bundan sonra başlayıb. Natiq Abbasov onun "votsap" nömrəsinə yazaraq, oğlunu tapacağına dair söz verib.

“Oğlum 2020-ci il oktyabrın 3-ü itkin düşüb. Oktyabrın 15-i isə mən Əli ilə bağlı paylaşım etdim. Natiqi əvəllər tanımamışam. Mənim nömrəmi paylaşdığım yerlərdən götürüb. Oğlumu tapmaq istədiyini dedi. Onun kim olması ilə maraqlandım. Bildirdi ki, Azərbaycan vətəndaşıdır. Dedim, Allah razı oslun. Məndən Füzuliyə getmək üçün yolpulu olaraq 130 manat istədi. Mən də onun kart hesabına o məbləği yüklədim. Real adam olduğunu sübut etmək üçün mənə şəklini göndərdi. Həmin vaxtlar elə vəziyyətdə idim ki, ən kiçik ümid üçün də hər şeyi edərdim.


Üstündən 10 gün keçəndən sonra dedi ki, “mən Əlini tapdım”. Soruşdum ki, haradan tapdın? Dedi Horadizdə 6 nəfər yaralı yüksəklikdə qalıb. Dumanlı havada UAZ onları endirib gətirəndə yolu azıb, erməni tərəfə keçiblər. Və ermənilər əsgərlərimizi əsir götürüblər. Əli də onların içərisində olub.

Mən ona inandım. Sən demə, uydururmuş. Dedi ki, Füzulidədir. Orada hər şey bahadır, 300 manat göndərim, Natiq orada qalıb axtarışları davam etdirsin. Mən də göndərirdim ki, təki balam tapılsın. Ümumilikdə ona 1705 manat vermişdim. Sonra məlum oldu ki, bu, bir nömrəli fırıldaqçıdır. Əvvəllər 4 dəfə dələduzluğa görə həbs olunub. Bunu DTX araşdırıb tapdı”.

Natiq həbs olunub. Məhkəmə ona 4 il həbs cəzası verib. Sonradan onun şəhid atasının pulunu geri qaytarması və özünün xəstələnməsi bir neçə gün bundan öncə şərti azadlığa buraxılmasına səbəb olub.

- Astma xəstəliyindən əziyyət çəkirdi. Sonradan vəziyyəti lap pisləşdi. Ev dustaqlığına buraxılması ilə bağlı müraciət etdi. Mən onu səhhətinə görə bağışladım. Ürəyim dözmədi, dedim, səni qıdığım namaza tapşırdım. Mənim pulumu isə aldığı təqaüdlə geri verdi. Bir il ev dustağı olacaq,- Şəhid atası deyir.

Qeyd edək ki, Əli Yusifov 1997-ci il avqustun 14-də Şərur rayonunun Oğuz kəndində anadan olub. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşüb və oktyabrın 3-də şəhid olub. Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 29-da nəşi tapılıb və Şərur rayonunun Oğuz kəndində dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti