Ağdaban faciəsi İraq, Misir, Əlcazir mediasında

   Ağdaban faciəsi    İraq, Misir, Əlcazir    mediasında
  08 Aprel 2022    Oxunub:1979
Türk Ağsaqqalları Birliyinin üzvü, Türkiyə və Avrasiya üzrə tədqiqatçı, Dr. Muhtar Fatih Beydilinin Əlcızair, İraq, Misir mediasında Ermənistan ordusunun Kəlbəcərin Ağdaban kəndində törətdiyi faciə ilə bağlı məqaləsi dərc edilib.
AzVision.az xəbər verir ki, tədqiqatçı məqaləsində Kəlbəcərin işğalı zamanı Ermənistan silahlıları tərəfindən törədilmiş Ağdaban faciəsini İrəvanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biri olduğunu qeyd edib. Bildirilir ki, faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. Həmçinin 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb.

"Postda duran uşaqların ürəyini çıxardıb, tank ilə əzmişdilər" - Ağdaban şahidləri danışır + VİDEO
“1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq, ayaqyalın qarla örtülü meşələrə, dağlara qaçıb. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən qətlə yetirildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırıblar, 779 nəfər dinc sakinə isə divan tutublar. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırımı aktı törədiblər

Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı olub. Erməni cəlladları Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qurbanov Qulu Şabər oğlunu diri-diri tonqalda yandırıblar, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələyiblər, özünü isə kartof quyusunda diri-diri basdırıblar.

Faciənin ağır müsibətlərini yaşamış, evləri viran qoyulmuş ağdabanlılar doğma kəndlərini tərk etməyiblər. Lakin 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı yenidən Ağdaban kəndindən başladılar. Erməni silahlıları yenidən kəndə hücum edərək onu viran qoydular. Beləliklə də, onlar Ağdaban kəndində ikinci faciəni törətdilər. Ağdabanın ikinci dəfə viran edilməsi Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdıldı, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunaraq məhv edildi.

Bu kəndin yetirdiyi Ağdabanlı Qurban böyük sərkərdə Şah İsmayıl Xətainin silahdaşı olan Miskin Abdal nəslinin davamçısı idi. Bu ocaq mənəviyyatımızın beşiyi kimi erməniləri olduqca ciddi narahat edirdi. Məhz ona görə də onlar Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş, xalqımızın əvəzsiz mənəvi xəzinəsi olan Ağdabanlı şair Qurbanın və onun oğlu klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını yandıraraq bu nəhəng söz sərraflarının bədii irsini, bütün külliyatını məhv etdilər.

Ağdaban faciəsi törədilmə spesifikasına və xarakterinə görə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" Konvensiyanın müddəalarına tam uyğundur. Ona görə də bu faciə beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi qiymətləndirilməli və Ağdaban kəndinin dinc əhalisinə qarşı törədilən bu qırğın soyqırım cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Faciə   Ermənistan   Kəlbəcər  



Xəbər lenti