“Rusiya münaqişələrin həllində maraqlı deyil”

// Qazaxıstanlı ekspert Brüsseldən danışıqlarını “AzVision"a şərh edir

   “Rusiya münaqişələrin həllində maraqlı deyil”
  08 Aprel 2022    Oxunub:2552
“Əliyevlə Paşinyan arasında Brüssel görüşünün nəticələrini çox ehtiyatla qiymətləndirirəm. Avropanın siyasi paytaxtında bu cür görüşlər bir neçə dəfə olub. Fikrimcə, yekun görüşdəki mühüm məqam odur ki, cənab Mişelin ağzından “ATƏT-in Minsk qrupunun mövqeyinə riayət olunması” ifadəsi çıxmadı və Ermənistan tərəfi bütün diqqətini buna yönəltdi”.
Bu sözləri AzVision.az -a açıqlamasında Qazaxıstan Xalq Təsərrüfatı Universitetinin professoru, ekspert Saken Mukan deyib. Onun sözlərinə görə, əgər Şarl Mişel və komandası sonrakı danışıqlarda ATƏT-in Minsk qrupunun adını çəkəcəklərsə, o zaman Aİ-nin vasitəçilik rolunun real ssenarisinə son qoymaq olar.

Ekspertin fikrincə, tərəflər arasında sülh müqaviləsinin bağlanmasının perspektivləri barədə danışmaq hələ tezdir. Amma bu haqda getdikcə yüksək tribunalarda söz açılması münaqişənin siyasi və diplomatik həlli baxımından yetərli irəliləyişdir.
“Etiraf etmək lazımdır ki, 44 günlük müharibədən əvvəl münaqişənin siyasi və diplomatik gündəliyi sıfır səviyyəsində idi. 2020-ci il 9-10 noyabr tarixindən sonra hadisələrin inkişafını müşahidə etsək görərik ki, üçtərəfli razılaşmalara heç də həmişə tam əməl olunmayıb və ya edilmir. Məsələn, bu yaxınlarda Rusiya Federasiyası və Azərbaycanın müdafiə nazirliklərinin nümayəndələri bir-birlərini 2020-ci il 9-10 noyabr tarixli müqavilələrin müddəalarına əməl etməməkdə ittiham etmişdilər. Beləliklə, fikrimcə, sülh müqaviləsi bağlamaq üçün ən azı ticarət-iqtisadi əlaqələrin bərpası üçün minimum ilkin şərtlər olmalıdır. Təbii ki, çox dərin yaraların sağalması və nəsil dəyişməsi üçün vaxt lazım olduğu bir zamanda hər iki ölkənin vətəndaşı olmadan kənardan nəsə demək asandır”,- Mukan vurğulayıb.

Qazaxıstanlı politoloq qeyd edib ki, Moskva Brüsseldə sülh müqaviləsinin bağlanması istiqamətində atılan addımları alqışlasa da, Rusiya üçün bu, praktiki nəticəsi olmayan “formal” faktor olaraq qalacaq: “Aydındır ki, Rusiya Federasiyası postsovet məkanında eynilə Dnestryanı ssenariyə uyğun olaraq, bölgədə daha uzun müddətə və ya “əbədi” qalmaq üçün öz sülhməramlı hərbi kontingentini münaqişə zonasından çıxarmaqda, eyni zamanda xarici oyunçuların təşəbbüsü ələ almasında maraqlı deyil”.

Cavad Muradov
Nadir Quliyev

AzVision.az



Teqlər: Brüssel-danışıqları  





Xəbər lenti