“Yəhudilərlə şiələrin ortaq cəhətləri var” - “Mossad”ın keçmiş rəhbəri (Müsahibə)

   “Yəhudilərlə şiələrin ortaq cəhətləri var” -    “Mossad”ın keçmiş rəhbəri (Müsahibə)
  11 Aprel 2022    Oxunub:4806
Azərbaycan ilə İsrailin arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyilə bağlı Arye Qut ilə Roman Qureviç İsrailin Xarici Kəşfiyyat Xidmətinin (Mossad) 11-ci direktoru Tamir Pardo ilə söhbətləşiblər. Həmin müsahibəni təqdim edirik.
- Cənab Pardo, “Mossad”ın rəhbəri olduğunuz müddətdə Azərbaycanla yaxşı və dərin əlaqələr qurduğunuz barədə məlumatlar var. Belədirmi?
- Mossad-ın rəhbəri olduğum müddətdə etdiklərim barədə danışa bilmərəm. Bunlar məxfi məlumatlardır, açıqlanması heç kimə fayda verməyəcək... Bircə onu deyə bilərəm ki, Azərbaycan gözəl ölkədir, Azərbaycanla əlaqələrimiz çox güclüdür. Bizim ümumi dəyərlərimiz var. İsrailin Azərbaycanla əlaqələri isə hər iki ölkə üçün çox vacib, faydalı və stratejidir. Azərbaycan İsrail ilə güclü əlaqələri olan müsəlman dövlətidir. Çox maraqlı bir məqam var: Azərbaycan şiə ölkəsidir. Əsrlər boyu şiələr müsəlman dünyasında azlıq təşkil ediblər. Şiələr azlıqda idi, sünnilər onları təqib edirdilər; yəhudi azlığı ilə şiə azlığın əsrlər boyu çəkdikləri çətinliklər arasında çoxlu ortaq cəhətlər tapa bilərsiniz... Bəli, Azərbaycanda yəhudilərə həmişə hörmət olunub... Öz növbəsində yəhudilər də Azərbaycana həmişə hörmət və hərarətlə yanaşıblar.

- Bu günlər biz İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd edirik. Müxtəlif sahələrdə uğurlu əməkdaşlıq var. Sizcə, bu əməkdaşlıq gələcəkdə hansı istiqamətlərdə inkişaf edəcək?
- Əməkdaşlığın qarşılıqlı faydalı ola biləcəyi çox sahələr var: kibertəhlükəsizlik, tibb, təhsil, kənd təsərrüfatı, enerji, ərzaq proqramları... Ölkələrimiz demək olar ki, istənilən sahədə qarşılıqlı faydalı əlaqələri inkişaf etdirə və dərinləşdirə bilər. Üstəlik bu, qarşılıqlı faydalı əməkdaşlıqdır – biz də veririk və alırıq, Azərbaycan da... Belə də olmalıdır.

- Ölkələrimiz arasında strateji tərəfdaşlıq olduğunu söyləmək düzgündürmü?
- Azərbaycanın İranla böyük sərhədi var, digər tərəfdən də şimal qonşusu var, vaxtilə keçmiş SSRİ-nin tərkibində olub. Mən Azərbaycana zərər verə biləcək şeylərdən danışmaq istəmirəm. Şübhə yoxdur ki, Azərbaycanla münasibətlər İsrail üçün mühüm strateji əhəmiyyətə malikdir. Bu, göz qabağındadır. Ölkələrimizin maraqları qarşılıqlıdır, ancaq eyni deyil. Hər bir ölkənin öz prioritet sahələri var. Amma əlaqələrimizə olan maraq və onların faydası, şübhəsiz, qarşılıqlıdır.

- Necə düşünürsünüz, Avropadakı müharibə Azərbaycanla İsrailin münasibətlərinə təsir edə bilərmi?
- Bu, Azərbaycanın öz milli təhlükəsizlik doktrinasını necə qəbul etməsi ilə bağlıdır. Siz situasiyanın dəyişib-dəyişməcəyini soruşursunuz? Bəli, dəyişəcək. Vəziyyət həmişə dəyişir. Yeni təhlükələr yaranacaqmı? Bu, Azərbaycanda baş verənlərin necə görünməsindən və təhlil edilməsindən asılıdır. Hesab edirəm ki, yeni qüvvələr yaranır, yeni birliklər yaranacaq. Ölkələrimiz arasında strateji qarşılıqlı anlaşma getdikcə güclənir. Eyni zamanda, Azərbaycanın Moskvadan olan dostları ilə bağlı keçmişi var, Moskvadakı dostları ilə indiki əlaqələri var. Bakının hazırkı prosesləri necə qiymətləndirdiyini və Azərbaycanın müdafiə sahəsində milli maraqlarının nədən ibarət olduğunu anlamaq vacibdir.

- Avropadakı müharibə nəticəsində Rusiya sərhədlərində sülhün və sabitliyin pozulması təhlükəsi varmı?
- Bu təhlükəli məqamdır. Məsələn, keçmiş SSRİ ölkələrinin sərhədlərində “Taliban” var. Bəli, nəzəri cəhətdən Ukraynada baş verənlərdən sonra sabitlik pozula bilər. Belə bir ehtimal var. Amma bu gərginləşmə üçün həm imkan, həm də maraq olmalıdır. Sual budur ki, belə bir istək varmı? Varsa, kimdədir?

- Azərbaycanın həm İran, həm də İsraillə əlaqələri uğurla davam etdirməsi maraqlıdır, çünki bu ölkələr arasında münasibətlər heç də sadə deyil...
- Bəlkə də o gün gələcək ki, Azərbaycan İranı İsrailin elə də böyük bəla olmadığına inandıra biləcək. Məncə, Azərbaycan ölkələrimiz arasında əla vasitəçi ola bilər...

- Axı Azərbaycan artıq İsraillə Türkiyə arasında münasibətlərin normallaşmasına öz töhfəsini verib...
- Bəli, Azərbaycan müxtəlif dövlətlər arasında əla körpü ola bilər... O, müsəlman şiə və eyni zamanda böyük yəhudi icması olan dünyəvi dövlətdir... Məndən gələcəkdə İsraillə İran arasında kimin vasitəçilik edə biləcəyini soruşsanız, fikrimcə, Azərbaycan buna münasib ölkə ola bilər...

- İsrail hökumətinin hüquq müşaviri doktor Avichay Mandelblit Azərbaycandakı fəaliyyətinə görə “Aeronautics” şirkətini məhkəməyə vermək qərarına gəlib. Sizcə, bu, ölkələrimiz arasındakı münasibətlərə xələl gətirə bilərmi?
- Mən bu işin bütün təfərrüatlarını bilmirəm. Lakin əminəm ki, bunun ölkələrimiz arasındakı münasibətlərə heç bir aidiyyəti yoxdur. İsrail şirkətləri İsrail qanunlarına riayət etməlidirlər. Əgər İsrail şirkəti qanunu pozubsa və ya İsraildən aldığı lisenziya ilə ona verilən səlahiyyətləri aşıbsa, öz hərəkətlərini izah etməlidir. Bunun İsraillə Azərbaycan arasındakı təmaslara heç bir aidiyyəti yoxdur. Bu, İsrail firmalarının fəaliyyət göstərdiyi dünyanın istənilən ölkəsində baş verə bilər. Biz hərbi texnikanı, deyək ki, ABŞ-da satırıqsa və firma Müdafiə Nazirliyinin icazə vermədiyi işi görürsə, o zaman bu İsrail firması da qanunla eyni problemlə üzləşəcək. Şirkətin hansı ölkəyə mal satmasının fərqi yoxdur, əsas odur ki, İsrail şirkəti İsrail qanunlarını və öz lisenziyasının şərtlərini pozmasın. Məsələlərə bu cür baxmaq səhvdir.

- Əmin ola bilərsinizmi ki, ittihamın irəli sürülməsi faktının İsraildəki erməni lobbisinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur? Sadə insanlara elə gəlir ki, bu məsələdə İsrail Ermənistanın maraqlarını Azərbaycanın maraqlarından üstün tutur...
- Yox, yox, heç də belə deyil... İsrail şirkəti İsrail qanunlarının ona verdiyi icazəyə uyğun işləməyə borcludur. Dünyanın istənilən ölkəsində İsrail şirkəti İsrail qanunlarına və aldığı lisenziyaya uyğun fəaliyyət göstərməlidir. İnanın ki, erməni lobbisi ilə heç bir əlaqəsi yoxdur. Nə erməni lobbisi ilə, nə də Ermənistanla. Əgər şirkətin İsrail qanunlarını pozduğuna dair şübhə yaranarsa, yoxlama başlayır. Vəssalam.

- Azərbaycanla şəxsi əlaqələrinizi yeniləmək istərdinizmi?
- Bəli, çox sevinərdim. Mən indi özəl şəxsəm, startapım var və bu yaxınlarda uğurlu çıxış etdik.

- Azərbaycan mətbəxini sevirsiniz?
- Çox.

- Bəs konkret olaraq hansı yeməkləri sevirsiniz?
- Süfrədə olan hər şeyi böyük məmnuniyyətlə yedim ...

- Amma bəzən Kaşrut reseptlərinə uyğun olmur, elə deyilmi?
- Elə şeylər var ki, onlar haqqında danışılmır, elə deyilmi? (gülür). Mən Azərbaycanı çox sevirəm və əlaqələrimizi möhkəmləndirməyə şad olaram.

Tərcümə: Nadir Quliyev

Teqlər:







Xəbər lenti