Bakıda texnologiya bayramına 44 gün qaldı

// "TEKNOFEST Azərbaycan" gəncləri texnoloji sahəyə həvəsləndirəcək

 Bakıda  texnologiya bayramına  44 gün qaldı
  11 Aprel 2022    Oxunub:2262
“TEKNOFEST Azərbaycan” festivalına 44 gün qalıb. Möhtəşəm tədbirin 26-29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçirilməsi planlaşdırılır. Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyənin Sənaye və Texnologiya Nazirliyidir.
“TEKNOFEST” nədir?

“TEKNOFEST” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Festivalın keçirilməsində məqsəd milli texnologiyaları inkişaf etdirmək, təbliğ etmək və insanların bu sahədə məlumatlılığını artırmaq, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasıdır.

2018-ci ildən etibarən hər il təşkil olunan festivalda ötən il Azərbaycan da ilk dəfə iştirak edib. Elə bu tədbirdə “TEKNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda - Azərbaycanda keçirilməsi qərara alındı ki, bu, iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürünün sübutudur.

“TEKNOFEST Azərbaycan”

“TEKNOFEST Azərbaycan” – Sabahın ixtiraçılarını bu gündən etibarən hazırlanmasına yönələn texnologiya tədbiridir.

“TEKNOFEST Azərbaycan” istedadlı məktəbli, tələbə və startapları öz ideyalarını və innovativ məhsullarını nümayiş etdirmək, dəstək almaq və reallaşdırmaq üçün unikal əməkdaşlıq platformasıdır.

“Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” Startap Sammiti və “Rocket League” video kiber oyunu üzrə Avropa Çempionatı təşkil olunacaq. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.

“TEKNOFEST Azərbaycan”- böyükdən kiçiyə hər kəsin maraq dairəsinə uyğun tədbirlərlə zəngin olacaq. Festival Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, yarış və müsabiqələrin möhtəşəm final mərhələləri, sərgilər, əyləncəli attraksionlar, Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi, incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və digər sürprizlərlə yadda qalacaq.

Festivalla bağlı keçirilən mətbuat konfrasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, "TEKNOFEST Azərbaycan" gənclərimizin elmə, texnologiyaya marağının artmasına təkan verəcək:

"44 günlük Vətən müharibəsinin əsas qəhrəmanlarından biri “Bayraktar” dronları gənclərin texnologiyaya axınının əsas nümunəsidir. “TEKNOFEST” həm də beynəlxalq bazarlara çıxış imkanı olan startaplarımız üçün buraya dəvət edilmiş vençur fondları və mentorlarla əməkdaşlıq baxımından əhəmiyyətli rol oynayacaq. Əminəm ki, Azərbaycan və Türkiyə gəncliyi “Bayraktar” kimi texnoloji həllər təqdim də biləcəklər” – deyə nazir qeyd edib.



Festivalda hansı müsabiqə və yarışlar olacaq?

“TEKNOFEST Azərbaycan” çərçivəsində yarışlar “Robotexnika”, “Yaşıl texnologiyalar (GreenTech)”, “Aqrar texnologiyalar (AgriTech)”, “Pilotsuz uçuş aparatları (PUA)”, “Həvəskar peyk modelləşdirilməsi”, “Sosial yönümlü texnologiyalar”, “Smart Qarabağ” Hakatonu, “Sailplaner”, “Baku Skills”, “Rocket League” oyunu üzrə Avropa kuboku daxil olmaqla 10 müsabiqə üzrə keçirilir.

Yarışlar üzrə əsas tərəfdaş qismində Energetika Nazirliyi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “AzInTelecom” MMC, Azərkosmos, Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Kiber İdman Federasiyası, Azərbaycan Beynəlxalq Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyi çıxış edirlər.



Festivala qeydiyyat necə keçib?

Cari ilin yanvar ayından “TEKNOFEST Azərbaycan”da müsabiqələrdə iştirak etmək üçün 1000 komanda, ümumilikdə isə 5 min məktəbli, tələbə və fərdi sahibkar qeydiyyatdan keçib. Festivalda iştirak üçün bütün müsabiqələr üzrə təqdim olunmuş layihələr münsiflər heyəti tərəfindən 100 ballıq şkala ilə qiymətləndirilib. Sözügedən qiymətləndirmədə innovativ ideyanın irəli sürülməsi, problemin qoyuluşu, həll yollarının təklif edilməsi, məhsul və ya prototipin mövcudluğu və ən əsası, kommersiyalaşdırıla bilən layihələr əsas götürülüb. Beləliklə, bu özəlliklərə sahib olan 220 komanda II mərhələyə keçid alıb.

Ölkəmizdə ilk dəfə keçiriləcək festivala marağın böyük olması və gənclərimizin fəallığı olduqca sevindirici haldır. İlk olaraq iki müsabiqə barədə məlumatları təqdim edirik.

Qeyd edək ki, festival çərçivəsindəki digər müsabiqələr barədə də silsilə yazılar verəcəyik.

Festivalın tərəfdaşları

“Sosialyönümlü texnologiyalar’’ üzrə müsabiqənin əsas tərəfdaşı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.Agentlik sədrinin müşaviri Azər Bayramov bildirib ki, müsabiqəyə qeydiyyat mərhələsi aktiv keçib və 100-dən artıq layihə qeydiyyata alınıb. Bu layihələrdən isə 40-ı ikinci mərhələyə keçib.



Müsabiqədə 3 kateqoriya üzrə innovativ layihələr qəbul olunub:

GovTech kateqoriyası üzrə rəqəmsal dövlət xidmətlərinin inkişaf etdirilməsi, yeni texnoloji alətlər və fərqli yanaşmalarla vətəndaş məmnunluğunun artırılması hədəf seçilib.

İkinci kateqoriya – Sosial texnologiyalar üzrədir. Bu kateqoriya fiziki məhdudiyyəti olan insanların həyat şəraitinin yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək, həmçinin məşğulluq, təhsil və s. ilə bağlı sahələri əhatə edir. Ölkədə bununla bağlı dövlət orqanları tərəfindən işlər həyata keçirilir. Amma yenə də innovativ yanaşmaları, yeni ideyaları gənclərdən gözlənilir.

Üçüncü kateqoriya isə sağlamlıq və ilkin yardımla bağlıdır . Bu sahədə səhiyyə xidmətinə əlçatanlığın artırılması, xəstəliklərin diaqnostikası və digər istiqamətlərdə innovativ texnoloji həllər üzrə layihələr təqdim edilib.

“Hər 3 sahə üzrə təklif edilən innovativ təşəbbüs və texnologiyalar müvafiq sahələrdə problemlərin həllinə, işlərin optimallaşdırılmasına, xidmətin keyfiyyətinə və əlçatanlığına yönəlib. O cümlədən, bu layihələr iqtisadi dəyərin yaradılmasına önəmli töhfə verəcək.

Hazırda bir neçə layihə var ki, onlara da baxılır və bu həftə tam olaraq ikinci mərhələyə keçən layihələrin sayı açıqlanacaq. Növbəti mərhələdə artıq iştirakçılar prototip üzərində işləyəcəklər. Bəzilərinin artıq prototipləri var və təqdimat üçün hazırlaşırlar. Növbəti mərhələdə 40-dan artıq layihə yenidən qiymətləndiriləcək. Bundan sonra final müsabiqəsinə keçən layihələr müəyyənləşdiriləcək. Final müsabiqəsi “TEKNOFEST” çərçivəsində keçiriləcək”,- deyə sədr müşaviri bildirib.

A.Bayramov qeyd edib ki, festivala maraq çox böyükdür: “100-dən artıq layihə ilə müraciət etmək artıq böyük göstəricidir. Bugünki layihələrin əsas məqsədi odur ki, gənclərimiz texnologiyaların istifadəçisindən istehsalçısına çevrilmək yolunda qədəm qoysunlar. Onlarda buna maraq oyadaq.

Gənclərdə elə fikir yaranır ki, ən yaxşı texnologiyalar inkişaf etmiş ölkələrdədir. Bu, onlarda bir az ümidsizlik yaradır, optimizmi azaldır. Amma belə deyil. Ümumiyyətlə, innovasiya insan beyninin məhsuludur və insan beyninin imkanlarının da sərhədi yoxdur. İşləmək, hansısa problemləri görüb onların innovativ həlli yolu üzərində çalışmaq lazımdır. Hərdən sadə problemin innovativ həll yolu qlobal şirkətin yaranması ilə nəticələnir. Biz bunu görürük və çox istərdik ki, Azərbaycandan da belə istedadlı gənclər start up quruculuğunda çalışsınlar”.

A.Bayramov festivalda iştirakla yanaşı, ziyarətçilərin gəlməsinin də önəmini vurğulayıb. O bildirib ki, valideynlər övladlarını, təhsil müəssisələri isə şagird və tələbələrin gəlməsi üçün şərait yaratsınlar. Çünki orada təqdim olunacaq müxtəlif texnologiyalar, innovativ həllər, istər aviaşoular hansısa gəncdə, məktəbldə həvəs oyada bilər.

“2019-cu ildə pandemiyadan əvvəl İstanbulda keçirilən festivalda 1 milyon 700 mindən artıq ziyarətçi gəlib. Aydın məsələdir ki, bu rəqəmlər bizim üçün əlçatan deyil, çünki əhali sayı da önəmlidir. Amma çox istərdik ki, “TEKNOFEST Azərbaycan” festivalında ziyarətçi sayı çox olsun”.
Hədəfimiz - texnoloji gələcəkdir!

“TEKNOFEST Azərbaycanın” artıq bir addımlığımızda olduğunu deyən Azərbaycan Texniki Universitetinin (AzTU) rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev bildirib ki, festival geniş təcrübə toplamaq üçün böyük şansdır:

“44 günlük Vətən müharibəsində PUA-ların aktiv istifadə olunması da bu kateqoriyalar üzrə müraciətlərin çox gəlməsinə təkan verib. Bundan əlavə mənim diqqətimi çəkən əsasən robototexnika, yaşıl texnologiyalar və sosial yönümlü texnologiyalar üzrə təklif edilən ağıllı həllərdir. Diqqət çəkən layihələrə PUA həlləri, görmə məhdudiyyəti olanlar üçün ağıllı eynək, kəşfiyyat xarakterli rover robot, boğulanlara yardım üçün xilasetmə qayığı, ağıllı sulama sistemini və s. nümunə göstərmək olar.



Hər bir sahə özlüyündə çox geniş alt bölmələrə bölünsə də bu festivalın maraqlı texnoloji həllərin ərsəyə gəlməsinə təkan verəcəyinə inanıram”.
Prorektor qeyd edib ki, burada məktəblilər, universitet tələbələri və fərdi iştirakçılar xüsusi kateqoriyalarda yarışacağı üçün özlərini inkişaf etdirmək imkanları əldə edəcəklər. Xüsusilə hər komandanın ixtisas üzrə bir mentoru (məsləhətçisi) olduğunu nəzərə alsaq, bu da çalışmaları edərkən düzgün istiqamətlənmələri deməkdir.

“Belə beynəlxalq festivalda istər iştirakçı, istərsə də ziyarətçi kimi iştirak etmək ümumiyyətlə, geniş üfüqlərin açılacağına inanıram. Festivalda qalib gəlməyən, hər hansı yer tutmayan gənclərimizin də qarşıdakı illərdə müəyyən təcrübə ilə yenidən iştirak etməsi onların daha da peşəkarlaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə, istər məktəblilər, istərsə də tələbələr öz bilik və bacarıqlarını artırmaq üçün bu fürsətdən yararlanmalıdırlar. Rəqəmsal transformasiya dövründə yaşadığımızı nəzərə alarsaq, belə müsabiqələrin keçirilməsi, ölkəmizdə ənənəvi hal alması çox faydalı olacaq. Belə ki, İKT yeniliklərinin və ağıllı həllərin ölkə səviyyəsində geniş tətbiq sahələri formalaşacaq. Xüsusilə də əşyaların interneti (IoT) tendensiyasına bizim gənclərimizin də qoşulacağına inanıram. Bu festivalda işğaldan azad olmuş torpaqlarımız üçün “Smart Qarabağ” hakatonun keçirilməsi süni intellektin, maşın öyrənməsinin və ağıllı şəhər konsepsiyalarının tətbiqi sahələrində də geniş fürsətlər yaradacaq”.

Şəhid övladları “TEKNOFEST”də

R.Əliyev vurğulayıb ki, AzTU “TEKNOFEST Azərbaycan” festivalının tərəfdaşı olduğu üçün iştirakçılara lazımı dəstəyi göstərir. İlk sırada isə şəhid övladlarının təlimləri durur:

“İki aydan artıqdır ki, “TEKNOFEST” festivalında peşəkar təcrübəsi olan müəllim və əməkdaşlarımız 18 şəhid övladına (3 komanda) mentorluq edib, təlimlər keçirlər. Bu komandalar “Zəfər”, “Xarı Bülbül” və “Mübarizlər”dir.

“Zəfər” komandası aqrotexnika istiqamətində ağıllı sulama həlləri üzərində işləyir. “Mübarizlər” komandası miqrasiya xidməti üçün sənəd kontrol sistemində yeniliklər və rahatlıq yaradacaq layihə üzərində, “Xarı Bülbül” isə üz tanıma mexanizmi ilə fərdi eyniləşdirmə üzərində işləyir.

Bu yaxınlarda “Zəfər” komandası robotexnika üzrə keçirilən yarışmada məktəblilər arasında ölkə üzrə 96 balla 2-ci yerə də layiq görülüb. Bu yarışmada 523 komanda iştirak edib”,- deyə prorektor vurğulayıb.

Bilik və bacarığlarını nümayiş etdirməyə iddialı olan gənclərin festivalı "TEKNOFEST”

TEKNOFEST İnnovasiya ekosisteminin bütün təmsilçiləri üçün bərabər və geniş imkanlar yaradan unikal əməkdaşlıq platformasıdır. Festivalda gənc texnoloqlar və startaplar tərəfindən təklif ediləcək layihələr və həllər onların təkcə texnologiya istifadəçisi deyil, həm də onun yaradıcısı olmalarının bariz nümunəsidir.

Yaddaşlardan silinməyəcək bir tarixin parçası olmaq həqiqətən qürurvericidir. Ümid edirik ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində seçilən gənclərimiz öz innovativ layihələri ilə seçiləcək, uğur qazanacaqlar.

Aytən Zəhra
AzVision.az




Teqlər:



Xəbər lenti