“Minsk qrupunun mandatı etibarsız sayıla bilər” – İlham Əliyev
Dövlət başçımızın sözlərinə görə, Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər: “Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək”.
Prezident qeyd edib ki, bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməyib. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz.
- Hesab edirəm ki, ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər. Bu yaxınlarda qeyd etdiyim kimi, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında mən bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir,- Prezident vurğulayıb.
Teqlər: Minsk-qrupu İlham-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


