Conni Depp və Amber Hördün milyonlarla dollarlıq məhkəmə savaşı - Pərdəarxası

 Conni Depp və Amber Hördün milyonlarla dollarlıq məhkəmə savaşı  -  Pərdəarxası
  14 Aprel 2022    Oxunub:1383
Hollivud ulduzu Conni Deppin keçmiş həyat yoldaşı Amber Hörd məşhur aktyorla yenidən məhkəmədə görüşəcək. İngiltərədə açdığı davada uduzan aktyor Amberə qarşı bu dəfə ABŞ-da 50 milyon dollarlıq böhtan iddiası qaldırıb. Aktrisa isə ulduza 100 milyon dollarlıq əks iddia ilə cavab verib.
AzVision.az cütülüyün keçmişinə nəzər salıb.

The Rum Diary filminin çəkiliş meydançasında tanış olan iki Hollivud ulduzu 2012-ci ilin əvvəlində görüşməyə başlayıblar. Cütlük 2015-ci ildə ailə həyatı qurub. Lakin toydan 15 ay sonra boşanmaq üçün Los-Anceles məhkəməsinə müraciət edən Amber Hörd yanağındakı qançırmaya görə Conni Deppi günahlandırıb və onun uzaqlaşdırılması qərarını tələb edib.

Deppin ona zorakılıq etdiyini və cib telefonunu üzünə atdığını deyən aktrisa emosional və psixoloji zorakılığa da məruz qaldığını deyib. Onun məhkəmə sənədində göstərilir ki, C. Depp tərəfindən düşməncəsinə və hədələyici hücumlar olub. Aktyor isə bu iddiaları təkzib edib.



Məhkəmənin baş tutmasına və uzaqlaşdırma qərarının verilməsinə bir neçə saat qalmış cütlük mətbuat konfransı keçirərək barışdıqlarını bildiriblər. Onlar açıqlamalarında:

"Ehtiraslarımızın sıx olduğu, bəzən enişli-yoxuşlu, lakin həmişə sevgi ilə bağlı olduğu bir münasibətimiz var idi. Heç bir tərəf maddi qazanc üçün əsassız ittihamlar irəli sürmədi. Fiziki və psixoloji zərər vermə məqsədi güdülməyib", -deyə bildiriblər.



Boşanan tərəflər arasında bir müddət sakitlik hökm sürüb. Hər kəs hadisənin qapandığını zənn edib.

Lakin 2018-ci ilin dekabrında Washington Post qəzetində dərc olunan məqalədə Amber Hörd özünü “məişət zorakılığının qurbanlarını təmsil edən sosial fiqur” kimi təsvir edib.

"Yaşadığımız cəmiyyətdə səsini ucaldan qadınların qarşılaşdıqları qəzəbi bütün gücümlə hiss etdim. Kişi təcavüzünün qurumlar tərəfindən necə qorunduğunu anbaan görə bildiyim nadir bir məqamda idim". Hörd yazıda keçmiş həyat yoldaşının və ya başqasının adını çəkməyib.



Amma bu cümlələrin onu hədəf alan böhtan olduğunu iddia edən Conni Depp karyerasının və reputasiyasının “hesab olunmayacaq dərəcədə” zədələndiyini hesab edərək xanımından şikayətçi olub.

“Karib dənizinin quldurları” film serialının ulduz aktyoru vəkili vasitəsilə onun zorakılıq göstərən kişi olması eyhamının doğru olmadığını və Amber Hördin belə bir üsulla karyerasını yüksəltməyə çalışdığını açıqlayıb.



Hələ Hördin məqaləsi dərc edilməmişdən əvvəl Britaniyanın “Sun” qəzeti Conni Deppi “arvadını döyən kişi” adlandırırdı. Depp qəzeti məhkəməyə vermişdi. Üç həftə davam edən iftira işi Depp və The Sun qəzeti arasında baş versə də, bu, keçmiş cütlük arasında hakim qarşısında mübahisə kimi görünürdü.

Hüquq ekspertləri deyirlər ki, Böyük Britaniya qanunları iftira şikayətləri ilə bağlı müraciət edənlərə məhkəmədə qalib gəlmək üçün ABŞ-dan daha çox şans verir. Lakin Depp Londondakı məhkəmədən məğlub ayrıldı.



Onların məhkəməsinə şahidlik edəcəklər arasında dünyanın ən zəngin iş adamlarından biri olan İlon Mask, Ellen Barkin, Pol Bettani, Ceyms Franko kimi kino aktyorları da var.

Tesla və SpaceX-in baş direktoru Maskın Amber Hördü müdafiə etmək üçün çağırılacağı gözlənilir. İlon Maskın 2016-2018-ci illərdə Heard ilə görüşdüyü bildirilir. London məhkəməsində oxunan telefon mesajlarında onun aktrisaya həftənin 7 günü, sutkanın 24 saatı təhlükəsizliyini təmin edəcəyi ilə bağlı mesaj yazdığı qeyd edilir.

Amber Hördə şahidlik edənlər arasında kinoaktrisa Ceyms Franko da var. Hörd deyir ki, o zaman Ceyms Frankoya döyüldüyünü etiraf edib. Britaniyalı aktyor Pol Bettani müdafiə edəcəyi Conni Deppi indiyə qədər tanış olduğu ən mehriban və ən kübar insan kimi təsvir edib.



Jurnalist Kuper Lourens bu məhkəmənin sirk kimi olacağını proqnozlaşdırır.

Altı həftəyə qədər davam edəcəyi gözlənilən hüquqi savaşda Depp və Hördün bir-birləri haqqında qarşılıqlı ittihamları bu dəfə televiziya tamaşaçıları qarşısında müzakirə olunacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti