“ABŞ qlobal inflyasiyaya çoxdan hazırlaşırdı” – Neşat Gündoğdu

   “ABŞ qlobal inflyasiyaya çoxdan hazırlaşırdı” –    Neşat Gündoğdu
  15 Aprel 2022    Oxunub:3172
Hazırda qlobal infliyasiya, qiymətlərin durmadan bahalaşması bütün dünyanı narahat edir. Bu prosesin səbəbləri və nəticələri ilə bağlı fikirlərini türkiyəli iqtisadiyyat yazarı Neşat Gündoğdu AzVision.az ilə bölüşüb.
- Bugünkü infliyasiyanın kökləri hara gedib çıxır?
- 2008-ci ildə ABŞ-da başlayan ipoteka böhranı beynəlxalq bazarda böyük inamsızlıq meydana gətirmişdi. Bundan sonra mərkəzi banklar balanslarını artırmağa başladılar. Nəticədə qlobal inflyasiyanın zəmini yarandı. Pulun çoxalması, əlçatanlığı və investisiyaların təşviqi siyasətinin gətirdiyi bu inflyasiya həm bütün dünyanın istehsal gücünə, həm də istehlak imkanlarına təsir edəcək. Bu o deməkdir ki, artan inflyasiya ilə birlikdə gəlirləri artmayan insanların istər-istəməz istehlak qabiliyyətləri azalır. Nəticədə dünya iqtisadiyyatı kiçilməyə başlayır.

- Hazırkı vəziyyətdə Azərbaycan və Türkiyənin mövqeləri necə görünür?
- 2008-ci il böhranından sonra Amerikanın iqtisadi gücünə qarşı alternativ güc yaratmaq istəyən Çinin 2013-cü ildə irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi 2019-cu il pandemiyasında böyük fürsətə çevrildi. İnflyasiya zamanı daha ucuz mal ölkələr üçün əvəzedilməz olur. “Bir kəmər, bir yol” layihəsi nəticəsində yüklər Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da Türkiyə gələcək. Bu səbəblə Azərbaycan və Türkiyə digər ölkələrə nisbətən gəlirlərini artıracaqlar.

Nə qədər fikir ayrılıqları olsa da, bütün dünyanın enerji böhranını eyni anda yaşaması istər-istəməz istehsal vasitələrinin dəyərini yüksəltməyə davam edəcək. Azərbaycan bu mənada enerji istehsalçısı olaraq enerji mənbələrini istehsal prosesi ilə birləşdirə bilsə və bunu Türkiyə ilə işbirliyi şəraitində etsə, iki ölkə qlobal istehsalda yerini tapa bilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı ziyarəti zamanı imzalanan müqavilələr bu işlərin görülməsi üçün zəmin hazırlaya bilər. Bu hal Türk Dövlətləri Təşkilatında da inteqrasiyaya təkan verərdi. Qarabağ zəfərindən sonra hərbi sahədə başlayan işbirliyi sürətli şəkildə iqtisadi və lazım gələrsə, ortaq bazar səviyyəsinə qaldırılmalıdır. Əlbəttə ki bunun arxa fonunda “Bir kəmər, bir yol” layihəsi dayanır.

- Qarşıda dünya iqtisadiyyatını nə gözləyir?
- İnflyasiya səbəbindən istehsal rəqabəti artacaq. Bunu öncədən görən Amerika G20 ölkələri ilə birlikdə korporativ verginin stabilləşməsi siyasəti yürütməyə başlamışdı. 2012-ci ildə başlayan bu hərəkat keçən il OECD-yə (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) daxil olan ölkələrlə bağlanmış müqavilə ilə gerçəkləşdi. Yəni Amerika onsuz da uzunmüddətli bir plan hazırlamışdı və Qərb tərəfdən iqtisadiyyatını ləngidəcək hər hansı bir problemin qarşısını almağa çalışırdı. Korporativ verginin G20 ölkələri tərəfindən qəbul edilməsi ilə Amerika böyük texnoloji şirkətlərinin (Apple, Facebook, Microsoft və s.) işlədikləri ölkələrdə vergi ödəməsi barədə razılığa gəldi. Bununla transmilli şirkətlərin başqa ölkələrə transferinin qarşısını aldı.

Enerji böhranı ilə yanaşı, eyni zamanda mərkəzi bankların balanslarını böyütmələri inflyasiyanı aktual saxlayır. Ancaq arxa fonda başqa müharibələr gedir. Ölkələr dünyada artan istehlak tendensiyasını balanslaşdırmaq, infrastrukturla təmin etmək üçün istehsal modellərini inkişaf etdirməyə çalışırlar. Ancaq maraqlısı odur ki, hamısı bunu qloballaşma fenomeninin fonunda edirlər. Qloballaşma bütün bazarlara, bütün servislərə əlçatanlılığın təmini deməkdir, heç kəs ondan əl çəkmək istəmir. Amerika ilə Çinin arasında gələcəkdə yeni bir böhranın yaranıb-yaranmayacağını demək çətindir. Ancaq onu deyə bilərəm ki, qarşıda valyuta böhranı gözlənilir.

Hazırda Amerikanın yüksələn inflyasiyaya qarşı tab gətirəcək rezervləri ilə bağlı suallar var. Buna alternativ kimi kriptovalyutalar həll variantı ola bilərmi? Bundan əlavə, Çinin ortaya çıxardığı rəqəmsal valyuta da var. Rezerv pullar ortaya çıxarsa, iqtisadi gücün siyasi güclə birləşməsi prosesi baş verəcək. Bu da Amerikanın ən çox qorxduğu və narahat olduğu məsələdir. Bütün bunlar 2030-cu illərdə danışılacaq mövzulardır.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: İnflyasiya  





Xəbər lenti