Ərzaq böhranına qarşı nələr edə bilərik? - VİDEOKAST

// Yeni qlobal çağırışa cavab tapmaq vaxtıdır

Ərzaq böhranına qarşı nələr edə bilərik? -  VİDEOKAST
  19 Aprel 2022    Oxunub:7222
Əksər ekspertlərə görə, dünyada ərzağın bahalaşmasının səbəbi yalnız Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qarşılığında Qərbin tətbiq etdiyi sərt sanksiyalar yox, həm də son bir neçə ildə qlobal miqyasda yaşanan hadisələrdir. Hazırda əsas vəzifə bu proseslərin yaratdığı problemlərin, ilk növbədə isə, ərzaq bahalaşması və yarana biləcək ərzaq qıtlığının həllinə nail olmaqdır.
Kənd Təsərrüfatı nazirliyinin Aqrar tədqiqatlar mərkəzinin direktoru Firdovsi Fikrətzadə AzVision.az -a müsahibəsində həm bu məqamları, həm də Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində görülən işləri şərh edib.


- Son vaxtlar dünyada ərzağın bahalaşmasını şərtləndirən hansı amillərdir? Bu yalnız son 3-4 ayın problemidir, yoxsa kökləri daha dərinlərə gedib çıxır?
- Əslində son 3-4 aya qədər də əsas proseslər başlamışdı. Pandemiya ilə əlaqədar qlobal miqyasda karantin rejimlərinin tətbiqi ümumi distrübüter sistemində məhdudiyyətlər yaratmışdı. Bu 2020-ci ildə olsa da, 2021-ci ildə artıq mənfi mənada ilkin nəticələrini verməyə başladı. Qlobal ticarət zəiflədi. Bu ərəfədə isə qlobal istiləşmənin də ciddi mənfi nəticələri özünü büruzə verməyə başladı. Xüsusilə də əsas taxıl ölkələrində məhsul istehsalı azaldı. Nəticə etibarilə 2021-ci ildən qlobal taxıl bazarında silkələnəmələr artıq başlamışdı. Sonra əsas ixracatçılardan olan Rusiyanın buğda ixracına əlavə rüsum qoyması qiymət artımını sürətləndirdi. Ardınca da Ukrayna münaqişəsi qlobal ərzaq bazarında əsas problemə çevrildi.
"Böhrana qarşı regional birlik lazımdır" - Emin Qəribli (VİDEOKAST)
Yəni pandemiyanın, qlobal iqlim dəyişikliyinin və Ukrayna-Rusiya münaqişəsinin yaratdığı fəsadlar bir-birinə qarışdı. Çünki Ukrayna və Rusiya taxıl və günəbaxan yağının vacib ixracatçılarıdırlar. Soya və quş əti bazarında da müəyyən qədər payları var. Xüsusilə gübrə üzrə dünya bazarında onların payı böyük olduğundan,kənd təsərrüfatında ciddi problemlər yarandı. Belə çeşidli səbəblərdən qlobal ərzaq bazarında qeyri-müəyyənlik yaranmağa başladı.

- İndi bir çox dövlətlər ərzaq ixracına sərt məhdudiyyətlər qoyurlar. Sizcə, bu gedişlə bəşəriyyət ərzaq qıtlığı ilə üzləşə bilərmi?
- Prinsipcə bu, ərzaq qıtlığının olmasını göstərir. Bilirsiniz ki, məsələn, Avropa bazarlarında, supermarketlərdə günəbaxan yağının qiyməti kəskin şəkildə birdən-birə artdı. Səbəb odur ki, Ukrayna və Rusiyadan təchizat zəifləyəndə Avropada ciddi qıtlıq yarandı. FAU-nun (BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı) hesabatlarında deyilir ki, Rusiya-Ukrayna münaqişəsinə görə qlobal buğda bazarında təchizatın zəifləməsi Yaxın Şərq və Afrika ölkələrindəki ciddi problemlər yarada bilər. Yəni müəyyən qədər məhsul qıtlığı özünü göstərir. Xüsusilə də resursları az, imkanları zəif ölkələrdə. Məsələn, bizdə supermarketlərdə hansısa məhsulun çatışmazlığı söhbəti yoxdur. Təbii ki, qlobal trendlərə, dünya bazarına uyğun olaraq qiymətlərdə dəyişmələr var, bir çox ərzaq məhsullarında bu özünü göstərir. Amma dövlətin də sahibkarlara verdiyi dəstəyin hesabına bizim vitrinlərimizdə hər hansı bir mal çatışmazlığı müşahidə olunmur. Digər ölkələrdə isə bu təchizat sistemini qura bilməyiblər və qıtlıq özünü göstərir. Yəni adekvat tədbirlər görməyən ölkələr qıtlıqla üzləşirlər.

-Dünyanın son illərdə üzləşdiyi ərzaq qıtlığının bir səbəbi də istehsal olunan ərzağa irrasional yanaşmadan irəli gəlmirmi? Məsələn, bəzi ekspertlər dünyada hər il istehsal olunan ərzağın 1/3 hissəsinin atıldığını deyirlər...
- Bu da var. Amma ərzağın israf olunmasının da iki mənbəyi var. İnkişaf etməkdə olan ölkələrin bu məhsulların istehsalı, toplanması və anbarda saxlanması prosesində itkilər yüksəkdir. Çünki inkişaf etməkdə olan ölkələrdə infrastruktur zəifdir. İnkişaf etmiş ölkələrdə isə itkilər sırf istehlak mərhələsində bu baş verir. Yəni orada rifah yüksəkdir, həddindən artıq məhsullar istehlak olunur, tullantıya da həmçinin həddindən çox gedir. Bəli, bu da dünyanın, təəssüf ki, acı reallığı olmaqla, gəlir mənbələrindəki, gəlir bölgüsündəki fərqlərdən irəli gəlir. Bu gün hansısa yoxsul regiondakı insanların o ərzağı almağa imkanları olsa, həmin ərzaq ora yönələr. Amma daha çox ala bilən Avropa regionudur, Amerikadır, ora yönəlir, orada insanların istehlak gücü var. Ona görə də, itkilər çoxdur. Ticarət şəbəkələrinin bölgülərində də yaranan problemlər var. Hesabatda o da qeyd olunur ki, qlobal ərzaq çatışmazlığının səbəblərindən biri həm də budur.

- Hazırda Rusiya və Qazaxıstan taxıla və taxıl məhsullarının ixracına ciddi məhdudiyyətlər qoyurlar. Bu Azərbaycana da şamil olunurmu?
- O məhdudiyyətlər ümumən tətbiq olunur, ölkə ayrı-seçkiliyi mövcud deyil. Amma bizim şirkətlərin icra olunmuş kontraktları çərçivəsində bu tədarüklər həyata keçirilib və buğda ehtiyatlarımızda hər hansı bir narahatçılıq yaradacaq faktor kimi çıxış etmir. Düzdür, çətinliklər yaradırdı. Bu çox geniş müzakirə olunmur, amma dövlətin birbaşa dəstəyi ilə aparılır. Yəni dövlət diplomatiya, həm də siyasi müstəvidə sahibkarlara lazım olan dəstəyi göstərdi, o cümlədən maddi dəstəyini verdi. Sahibkarlar tərəfindən bizim buğda və digər ərzaq məhsulları üzrə ehtiyatların formalaşması prosesi normal gedir.

- Mümkün ola biləcək risklərin neytrallaşdırılması üçün Azərbaycan hökuməti hansı tədbirləri görür və daha hansı tədbirlərə ehtiyac duyulur?
- Ümumiyyətlə, bu böhrana qədər də Azərbaycan hökumətinin ölkənin ərzaq məhsulları ilə təmin edilməsi səviyyəsinin yaxşılaşdırılması siyasəti ardıcıl xarakter daşıyıb. Bizim istehsalın səmərəliliyi o qədər də yüksək olmayan, istehsal imkanlarımız məhdud olan taxıl məhsullarına dövlət dəstəyi çox yüksək səviyyədə həyata keçirilir. Bu gün bizim kənd təsərrüfatına verdiyimiz dəstək tədbirləri, birbaşa subsidiyalar taxılçılıqdakı xərclərin 40%-ni qarşılayır; bu, çox yüksək göstəricidir. Belə tədbirlərin hesabına biz istehsalı müəyyən həddə çatdırmışıq. Bundan sonra böhranlar həm də ölkə üçün yeni çağırışlar yaradır. Müasir suvarma sistemlərinin tətbiqini genişləndirmək hesabına həm taxıl məhsulları, həm də digər ərzaq məhsulları ilə özümüzü təminetmənin səviyyəsini yüksəltmədə yeni hədəflər müəyyənləşdirilir və buna uyğun yeni təşviqat, dəstək mexanizmləri formalaşdırılır. Ümumən nəzərə almalıyıq ki, bizim kənd təsərrüfatı istehsalı ilə yanaşı, kənd təsərrüfatının emalı sənayesi, həmçinin ehtiyatların toplandığı anbar sistemləri formalaşdırılıb ki, bunlar da ərzaq təhlükəsizliyi üçün vacib faktorlardır.

- Ən vacib ərzaq məhsullarının təminatı baxımından ölkəmizin daxili potensialı hansı səviyyədədir?
- Faiz nisbətində qoysaq, biz bu gün ət və süd məhsulları ilə özümüzü orta hesabla 85% səviyyəsində təmin edirik. Kartof, meyvə-tərəvəz, bostan məhsullarının ixracatçısıyıq. Taxıl məhsulları ilə özümüzü ümumilikdə 60% təmin edirik. Buğda ilə təminatımız 60%-dir, 40% idxaldan asılıyıq. Burada xüsusilə un emalı sənayesi üçün olan buğdanın idxalı payı daha yüksəkdir. Bitki yağları ilə təminatımızda ikili məqam var. Zeytun yağı və pambıq yağı ilə özümüzü təmin etmək səviyyəsi məqbuldur. Ancaq günəbaxan və qarğıdalı yağı ilə demək olar ki, 98-99% idxal hesabına özümüzü təmin edirik. Şəkərlə təminatın təqribən 90%-i idxal hesabınadır.
Əsas kritik məhsullar bunlardır, yəni şəkər, günəbaxan məhsulları ilə təminatımızda idxaldan asılılıq yüksəkdir. Eyni zamanda, heyvandarlığın yem təminatı üçün soya xammalının təxminən 98%-i Cənubi Amerika ölkələrindən idxal edilir. Ümumən, yüksək, məqbul və bir də aşağı səviyyədə təmin etdiklərimiz var. Məsələn, tutaq ki, ət-süd məhsulları, kartof ilə təminatımız məqbul səviyyədədir.

- Bütün çətinliklər həm də yeni imkanların qapısı deməkdir. Bu baxımdan biz Azərbaycanın ixracat potensialında hansı yeniliklərin şahidi ola bilərik?
- Məsələ bundadır ki, bizim ixracımızın əsas hissəsi postsovet məkanını əhatə edir, bu da təbiidir. Burada həm logistika faktoru var, həm tarixi ənənələr rol oynayır - necə ki, taxıl üzrə bizim əsas təchizatçılarımız Rusiya, Ukrayna və Qazaxıstandır. Bunlar dünyanın 10 ən böyük ixracatçıları qrupuna daxil olan ölkələrdir və bizim qonşularımızdırlar. Təbii ki, buğdanı və taxılı biz oradan gətirməliyik. Eyni qayda ilə bizim region dünyanın ən böyük meyvə-tərəvəz və ərzaq məhsullarının idxalçılarındandır. Dünyanın bir çox ölkələri bu regiona, xüsuilə Rusiyaya məhsul ixrac etməkdə maraqlıdırlar. Bizim üçün də hazır qonşudur, həmsərhəddir, logistika da formalaşıb. Ancaq, indi Ukrayna münaqişəsinə görə yaranan çətinliklər sahibkarları alternativ bazarlarla bağlı düşünməyə sövq edir. Fakt bundan ibarətdir ki, biz ekspertlər əvvəllər nə qədər desəydik də ki, alternativ bazarlara çıxmağımız məqsədəuyğundur, bu çağırış sahibkarlar üçün praktiki olaraq maraqlı deyildi. Çünki Rusiya sahibkar üçün özlüyündə çox sərfəli bazardır. Amma indi yeni reallıqlar yeni bazar axtarışlarını labüdləşdirir. Söhbət bir sıra tərəvəz məhsullarından gedir. Bir sıra meyvə məhsullarımız da var ki - məsələn, nar, xurma, fındıq - bunların həm də emal olunması ilə bizim digər regionlara çıxmaq potensialımız böyükdür. Bir ölkə olaraq növbəti mərhələdə kənd təsərrüfatında ixtisaslaşma imkanlarımız da daha çox o sahələrlə bağlıdır – narçılıq, fındıqçılıq, xurma istehsalı. Bunlar elə məhsullardırlar ki, hansı həcmdə istehsal etsən də, dünya bazarında tələbat var. Çünki dünyanın bu məhsulları istehsal edən azsaylı ölkələrindən biriyik. Ona görə, indən sonra da məqsədəuyğundur ki, bizim təsərrüfatların ixtisaslaşması bu məhsullar üzrə getsin. Onda bizim dünya bazarının digər seqmentlərinə çıxış imkanlarımız da daha rahat olacaq.

- Hazırkı şəraitdə Xəzəryanı ölkələr, habelə Türkiyə və Gürcüstan mövcud imkanlardan hansı şəkildə qarşılıqlı şəkildə yararlana bilərlər?
- Postsovet məkanından kənarda dünya bazarına inteqrasiya prosesimizdə bizim ən çox istinad edə biləcəyimiz ölkə Türkiyədir. İlk baxışdan bu paradoksal görünür, çünki bizim Türkiyə ilə oxşar ixrac strukturlarımız var. Amma istənilən halda, bizim perspektivdə Avropa, Yaxın Şərq və ya körfəz bazarlarına çıxmağımız Türkiyə ilə əməkdaşlığımızdan, inteqrasiyamızdan çox asılıdır. Türkiyə isə bizim vasitəmizlə postsovet bazarına daha aşağı xərclərlə daxil olmaq imkanları əldə edə bilər. Bu hazırda çox nəzəri yanaşma kimi görünür. Amma konseptual olaraq bu yanaşmanın üzərində hesablamalar, qiymətləndirmələr aparmağa dəyər, çünki perspektiv yalnız bu istiqamətdədir.
Bir müqayisə də aparım. Məsələn, Özbəkistanla bizim ixrac strukturumuz eynidir. Amma bizim postsovet məkanına, Rusiya bazarına ixrac etdiyimiz bəzi məhsullarımız 98-95% paya malikdir, Özbəkistan üçün isə 30%-dir. Nəyə görə? Çünki, məsələn, meyvələrin 28%-ni Qazaxıstana, 24%-ni Qırğızıstana ixrac edir. Artıq 50% bitdirdi, ondan sonra da Çin, Pakistan kimi qonşu ölkələr var və yerdə qalan 25-30%-i gedir Rusiya bazarına. Demək, region məsələsi həlledici faktordur. Bizim əsas region ölkəmiz Rusiyadır. Gürcüstan balaca bir bazardır, bizimlə bərabər İranla Türkiyə də o bazarda iştirak edirlər. Ermənistanla hələ sülh müqaviləsi bağlamamışıq, perspektivi də çox kiçik, potensialı olmayan bir bazardır. İran bazarında enerjidaşıyıcılarının ucuz olması və strukturu bizimlə, demək olar ki, eynidir. Biz nəyi ixrac ediriksə, İran da onu ixrac edir, biz nəyi idxal ediriksə, İran da onu idxal edir. Burada bizim yeganə uyğunluq təşkil edə biləcəyimiz istiqamət Türkiyə ilə əməkdaşlıqdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ərzaq-böhranı  





Xəbər lenti