“Qlobal infliyasiyaya qarşı ediləcək çox şey yoxdur” – Amerikalı ekspert

   “Qlobal infliyasiyaya qarşı ediləcək çox şey yoxdur” –    Amerikalı ekspert
  20 Aprel 2022    Oxunub:1501
“İki il əvvəl meydana gələn COVID-19 pandemiyası inflyasiyanın sürətlənərək, qlobal xarakter almasını şərtləndirən amillərdən oldu. Beynəlxalq ictimaiyyətin koronavirus infeksiyası ilə mübarizədə mütəşəkkil addımlar ata bilməməsi, müxtəlif ölkələrdə yerli biznesin inkişafına kifayət qədər dəstəyin verilməməsi təchizat zəncirinin pozulması və milli iqtisadiyyatların sıradan çıxması ilə nəticələndi”.
Bu sözləri hazırkı bahalaşmanın səbəblərini şərh edərkən AzVision.az-a amerikalı ekspert Endryu Koribko deyib. O bildirib ki, hazırda müxtəlif region və ölkələrdə inflyasiya göstəriciləri bir-birindən fərqlənir, lakin bunlar bütün dünya iqtisadiyyatına müəyyən dərəcədə mənfi təsir göstərir.

- Rusiya-Ukrayna müharibəsinin bu vəziyyətə mənfi təsiri nədir?
- Rusiya münaqişə başlamazdan əvvəl də inflyasiyadan əziyyət çəkirdi, lakin ABŞ-ın rəhbərlik etdiyi Qərbin Rusiyaya qarşı görünməmiş sanksiyaları bu ölkənin iqtisadi vəziyyətini daha da pisləşdirdi. Hərçənd, hazırkı vəziyyəti Rusiya üçün idarə oluna bilən hesab etmək mümkündür. Əsas mallar və xidmətlər, xüsusilə kənd təsərrüfatı məhsulları və enerji ilə özünü təmin etməyə qadir olan Rusiya hesab edir ki, bu amil ona digər inkişaf etmiş iqtisadiyyatlarla müqayisədə inflyasiyanın təsirinindən yayınmaq üçün imkan yaradır.

- Hazırkı vəziyyətdə hansı tədbirlər görülür?
- Rusiyada valyuta nəzarəti mexanizmi, həmçinin prezident Vladimir Putinin “dost olmayan ölkələr”ə Rusiya qazının rublla satılması haqqında fərmanı rublun sabitləşməsinə kömək etdi. Bəzi supermarketlər çaxnaşmaya səbəb ola biləcək şəkər kimi əsas qida məhsullarının alışına məhdudiyyətlər qoydular.
Məşhur rusiyalı iqtisadçı Aleksey Kudrin Rusiya iqtisadiyyatının bu reallığa uyğun yenidən formalaşmasının təxminən iki il çəkəcəyini proqnozlaşdırır. Rusiya hökuməti yerli biznesi dəstəkləmək və ölkəni resurs ixracından xilas etmək üçün tədbirlər görürlər. Bu tədbirlər 2018-ci ildən həyata keçirilir və prezident Putinin “Milli İnkişaf Layihələri” adlandırdığı təşəbbüsün bir hissəsidir. Həmin layihələrin icarsı pandemiya səbəbilə müvəqqəti dondurulmuşdu, lakin Rusiyanın üzləşdiyi yeni iqtisadi şərait fonunda onlar təcili bərpa oluna bilərlər.

- Qlobal ərzaq bahalaşmasının qarşısını almaq üçün hansı addımlar atıla bilər?
- Kənd təsərrüfatı, logistika və qiymətlərə nəzarətə cavabdeh olan hansısa mərkəzi qlobal qurum olmadığından, edilə biləcək çox şey yoxdur. Kənd təsərrüfatı sahəsində rəqabətə davamlı olan ölkələr, şübhəsiz ki, öz əhalisinin ehtiyaclarının hamıdan əvvəl ödənilməsini təmin edəcək və bundan sonra dost ölkələrə ixraca üstünlük verəcəklər.
Hökumətlər yaranan vəziyyətdən ən çox əziyyət çəkən vətəndaşlar üçün qiymət və subsidiya siyasətini yenidən nəzərdən keçirsə, yaxşı olardı. Bəzi dövlətlər hələ də pandemiyanın səbəb olduğu iqtisadi problemlərdən əziyyət çəkirlər. Nəticədə onlar daha çox borca düşəcək və kreditorlardan asılı olacaqlar.

Nicat Babayev
AzVision.az



Teqlər: İnfliyasiya  





Xəbər lenti