Fırtınalı beyin: Epilepsiya nədir və görsək, nə etməliyik?

      Fırtınalı beyin:    Epilepsiya nədir və    görsək, nə etməliyik?
  21 Aprel 2022    Oxunub:14710
Bu gün epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir, insult və Alzheimer xəstəliyindən sonra üçüncü yeri tutur. Bu xəstəliklə bağlı uzun müddətdir çoxlu miflər və xurafat dolaşır. Qəfil tutması tutan insana nə kömək edər, nə zərər vurar? Məqaləni oxuyaq və yadda saxlayaq.
Epileptik tutma çox qorxulu görünə bilər, əslində isə təcili tibbi yardım tələb etmir. Adətən tutma bitdikdən sonra insan özünə tez gəlir, ancaq böhran bitənə qədər ona kömək lazımdır. Söhbət epilepsiyadan əziyyət çəkən insanlara necə kömək etməkdən gedir.

Epilepsiya nədir

Epileptik tutmalar beyindəki elektrik impulsları həddən artıq intensivləşdikdə başlayır. Onlar beynin bir hissəsinə təsir göstərə bilər. Bu halda biz qismən tutmalar haqqında danışırıq, amma elektrik fırtınası hər iki yarımkürəyə yayılarsa, tutmalar ümumiləşir. İmpulslar əzələlərə ötürülür, xarakterik konvulsiyalar da buna görə baş verir.

Xəstəliyin ehtimal olunan səbəbləri dölün inkişafı zamanı oksigen çatışmazlığı, doğum travması, meningit və ya ensefalit, insultlar, beyin şişləri və ya onun strukturunun anadangəlmə xüsusiyyətləridir. Müayinə zamanı xəstəliyin niyə baş verdiyini dəqiq müəyyən etmək adətən çətin olur, o daha çox bir neçə halın birləşmiş təsiri ilə əlaqədardır. Epilepsiya hər yaşda özünü göstərə bilər, lakin uşaqlar və yaşlılar risk altındadır.

Xəstəliyin əsas səbəbləri sirr olaraq qalsa da, bir sıra təhrikedici amilləri müəyyən etmək mümkün olub: stress, həddindən artıq spirtli içki, siqaret, yuxusuzluq, menstruasiya zamanı hormonal dəyişikliklər, antidepresantlardan sui-istifadə, əgər təyinat olubsa, xüsusi terapiyadan vaxtından əvvəl imtina.

O necə görünür

Adətən kənardan elə görünür ki, tutma qəflətən başlayır. İnsan qışqırır və huşunu itirir. Onun əzələləri gərilir, nəfəs alması çətinləşir, bu səbəbdən dodaqlar göyərir. Sonra qıcolmalar klonik fazaya keçir: bütün əzalar gərginləşməyə və rahatlamağa başlayır ki, bu nizamsız qıcolma kimi görünür. Bəzən xəstələr dillərini və ya yanaqların daxili səthini dişləyirlər. Bağırsaqların və ya sidik kisəsinin spontan boşalması, bol tüpürcək və ya qusma da mümkündür. Tutma bitdikdən sonra qurban tez-tez yuxululuq, baş ağrısı və yaddaş problemləri yaşayır.

Nə etməli

1. Təlaşlanmayın.
Siz başqa bir insanın sağlamlığı üçün məsuliyyət daşıyırsınız, odur ki, sakitliyinizi və fikir aydınlığınızı qorumalısınız.

2. Tutma müddəti ərzində xəstənin yanında olun. Bitdikdən sonra onu sakitləşdirin və özünə gəlməsinə kömək edin. Onunla yumşaq və rəvan danışın.

3. Ətrafınıza baxın görün xəstəyə hər hansı təhlükə varmı? Hər şey qaydasındadırsa, ona toxunmayın və yerini dəyişməyin. Təsadüfən çırpıla biləcəyi mebel və digər əşyaları uzaqlaşdırın.

4. Tutmanın başlama vaxtını hökmən qeyd edin.

5. Xəstəni yerə uzandırın və başının altına yumşaq bir şey qoyun.

6. Qıcolmanı dayandırmaq üçün onu hərəkətsiz halda saxlamayın . Bu, əzələləri rahatlamayacaq, əksinə, onun zədələnməsinə səbəb ola bilər.

7. Xəstənin ağzına heç nə qoymayın. Tutma zamanı dilin dişlənə biləcəyi ehtimalı olduğu söylənsə də, bu doğru deyil. Onun çənələrini açmağa və onların arasına sərt əşyalar qoymağa çalışmayın: növbəti gərginlik zamanı ya təsadüfən sizi dişləməsi, ya da dişlərini zədələmək riski var.

8. Vaxtı yenidən yoxlayın. Tutma beş dəqiqədən çox davam edərsə, təcili yardım çağırın. Uzunmüddətli tutmalar beyin hüceyrələrinə ciddi zərər vura bilər.

9. Tutma dayandıqdan sonra xəstəni rahatlayın: ən yaxşısı onu böyrü üstə uzandırmaqdır. Nəfəsinin normallaşdığına əmin olun. Tənəffüs yollarının boş olub-olmadığını diqqətlə yoxlayın: onları yemək parçaları və ya diş protezləri bağlaya bilər. Xəstə hələ də nəfəs almaqda çətinlik çəkirsə, dərhal təcili yardım çağırın.

10. Xəstə tamamilə normal vəziyyətə gələnə qədər onu tək qoymayın. Yaralanarsa və ya birinci tutmanın ardınca dərhal ikincisi gəlirsə, dərhal həkimə müraciət edin.

Unutmayın ki, epilepsiya heç bir halda damğa və ya hökm deyil. Bu xəstəlik milyonlarla insanın normal həyat sürməsinə mane olmur. Savadlı və dəstəkləyici terapiya, mütəxəssislərin səyləri hər şeyi nəzarət altında saxlamağa kömək edir. Ancaq qəflətən bir dostun, həmkarın və ya təsadüfən yoldan keçən şəxsin epileptik tutması başlayırsa, hər birimiz nə edəcəyimizi bilməliyik.

Nadir Quliyev hazırladı


Teqlər: Epilepsiya   Tibbi-yardım  





Xəbər lenti