İrandan götürə biləcəyimiz geosiyasi faydalar - TƏHLİL

İrandan götürə biləcəyimiz geosiyasi faydalar - TƏHLİL
  17 Aprel 2014    Oxunub:1270
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı digər məsələlərlə yanaşı Azərbaycanın xarici siyasəti, regional və qlobal məsələlərə toxunub bir sıra önəmli açıqlamalar verdi. Prezidentin açıqlamaları gündəmdə olan beynəlxalq məsələlərlə bağlı Azərbaycanın mövqeyi, gələcək strateji planları və perspektivlərinə aydınlıq gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın xarici siyasi xəttində ilin əvvəlindən bu yana baş vermiş ən mühüm hadisə prezident İlham Əliyevin İran İslam Respublikasına səfərini hesab etmək olar. Doğrudur, İlham Əliyev əvvəlllər də İrana səfər etmişdisə də, məhz sonuncu səfər iki ölkə münasibətlərində müsbətə doğru dönüş nöqtəsi kimi qiymətləndirilir. Prezidentin çıxışında İran səfərinə xüsusi yer verilməsi məsələnin əhəmiyyətindən xəbər verən amildir: “Bu yaxınlarda mən İran İslam Respublikasına rəsmi səfər etmişəm. Bu səfər də çox uğurlu idi... Deyə bilərəm ki, bu səfərin çox böyük əhəmiyyəti vardır. Çünki səfər zamanı biz dostluq və səmimi əməkdaşlıq şəraitində bir çox məsələlərə aydınlıq gətirdik. Bir fikri ifadə etdik ki, bundan sonra da İran-Azərbaycan əlaqələri ancaq yüksələn xətlə inkişaf etməlidir”,- deyə prezident vurğulayıb.

İranın birdən birə Azərbaycana qarşı sevgisinin yaranma səbəbi nədir və ölkəmizbu yaxınlaşmadan hansı məqsədlərinin təmin olunması üçün istifadə edə bilər?

Rusiyanın Krımı özünə birləşdirməsindən sonra Vaşinqtonun Moskvaya münasibətdə xarici siyasəti tamamilə əks istiqamətdə dəyişdi. Prezident Barak Obamanın hakimiyyətə gəlişi ilə irəli sürülmüş Rusiya ilə münasibətlərin mülayimləşməsi siyasəti iflasa uğradı. Məhz bu siyasətin nəticəsi idi ki, Qərb Rusiya ilə iqtisadi əməkdaşlığa can atır, bu yolla rusların ümumilikdə inteqrasiyasına nail olmaq istəyirdi. Lakin, baş verənlər onu göstərir ki, Moskva Qərblə iqtisadi əməkdaşlıqdan əldə etdiyi maliyyə imkanlarından cəsarətlənərək güc nümayiş etdirməyə çalışır.

Rusiyanın təcrid edilməsi və geosiyasi təsirini azaltmaq üçün ilk növbədə Avropa əlavə enerji mənbələri ilə təmin edilməlidir. Bunun isə ən asan və qısa yolu İranın enerji resurslarının birbaşa Avropaya ixracını təmin etməkdir. İranın birbaşa Avropa bazarına çıxış əldə etməsi Qərbin Rusiyadan enerji asılılığını ləğv edir, eyni zamanda Rusiyanın ucuz neft bazarını əlindən alır. İrana qarşı sanksiyaların tətbiq edirldiyi dövrdə, Tehranla Moskva arasında mövcud olan razılaşmaya əsasən Rusiya İslam Respublikasından barter yoluyla nefti alır və Avropaya satırdı. Çünki İran banklarına dollar və avro istifadəsinə qadağa qoyulmuşdu.

İranın Rusiya istisna olmaqla Avropaya enerji resurslarını quru yolla ixrac etməsi üçün yeganə çıxışı Türkiyə ərazisindən təmin oluna bilər. Türkiyənin neft-qaz ixracı üzrə əsas infrastrukturu Azərbaycanla müştərək qurulduğu üçün Tehranın Ankara və Bakı ilə yaxınlaşmaqdan başqa çıxış yolu qalmır. Təbii ki, Azərbaycan ilə Türkiyə də İranla qarşılıqlı maraqlara söykənən əməkdaşlıqdan məmnundurlar.

Prezident İlham Əliyevin çıxışı zamanı “Azərbaycan regional müstəvidə iki üçtərəfli formatın təşəbbüskarı olmuşdur. Bu formatlar artıq neçə ildir ki, fəaliyyət göstərir. Azərbaycan-İran-Türkiyə formatı. Xarici işlər nazirləri mütəmadi qaydada görüşürlər. Eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyə formatı. Burada həm iqtisadi, həm də siyasi blok artıq format kimi formalaşıb. Bu, bizim təşəbbüsümüz olub. Hesab edirəm ki, çox düşünülmüş və müdrik təşəbbüs idi. Azərbaycan hər iki formatda fəal iştirak edir” fikrini səsləndirməsi Azərbaycan-İran münasibətlərinin köklü və güvənli inkişafının başlanğıcından xəbər verir.

Belə ki, prezidentin Azərbaycan-Gürcüstan-Türkiyə formatına Azərbaycan-İran-Türkiyə formatını bərabər tutması bunu deməyə əsas yaradır. Məlumdur ki, özülü iqtisadi əməkdaşlıq və qarşılıqlı iqtisadi maraqlar olan Azərbaycan-Gürcüstan-Türkiyə formatı zaman keçdikçə inkişaf etmiş və artıq format iştirakçılarının siyasi maraqlarının təmin olunması və geosiyasi mövqeyinin möhkəmlənməsi baxımından mühüm amilə çevrilib. Gürcüstanın Rusiyanın iqtisadi asılılığından çıxması, Azərbaycanın bu yolla Avropa bazarlarına çıxış əldə etməsi və Rusiyanın asılılığından çıxması, Türkiyənin əsas regional güc və əlaqələndirmə mərkəzinə çevrilməsi, eyni zamanda qeyd olunan faktorlardan doğan başqa irəliləyişlərin kökündə bu format dayanır. Gələcəkdə Orta Asiya dövlətlərinin bu xəttə qoşulması format iştirakçılarının iqtisadi gəlirlərini artırmaqla yanaşı regional təsir imkanlarını da yüksəldəcək.

Eyni modelin Azərbaycan-İran-Türkiyə formatında tətbiqi ölkəmizin əldə etdiyi təsir gücünün ikiqat artması anlamına gəlir. Birincisi Azərbaycan özü üçün Avropaya alternativ çıxış əldə edir və Gürcüstanın ölkəmiz üçün əhəmiyyəti zəifləyir. İkincisi, İran vasitəsilə Ermənistana əlavə təsir imkanları və hətta blokadası üçün şərait yaranır. Azərbaycanla quru sərhədləri olmayan Naxçıvanın İran ilə Türkiyə arasında nəqliyyat xəttinə qoşulmaqla daha da inkişaf etdirilməsi mümkün olur. Eyni zamanda, Azərbaycan məhsullarının satışı üçün münbit bazar əldə edilir. Hər iki formatın başında Azərbaycan ilə Türkiyə dayandısı isə qardaş ölkələri regionun əsas güc mərkəzinə çevrilir.

Tofiq Əsgərov


Teqlər:





Xəbər lenti