Revanşistlərin "yaz tərpənişi" - TƏHLİL

Revanşistlərin "yaz tərpənişi" -  TƏHLİL
  26 Aprel 2022    Oxunub:3839
Artıq iki gündür ki, Ermənistandakı revanşist qüvvələr non-stop rejimində etiraz aksiyalarına başlayıblar. Bununla mübarizənin ikinci mərhələsinin başladığını açıqlayan parlamentdəki “Təzim edirəm” fraksiyasının rəhbəri, Ermənistan Milli Təhülkəsizlik xidmətinin sabiq direktoru Artur Vanetsyan İrəvanın "Azadlıq" meydanına yürüşün sonunda iştirakçıları sürpriz gözlədiyini bildirib.
Sürprizlə “sürpriz”in fərqi

Gəncləri etiraz aksiyalarına qoşulmağa çağıran Artur Vanetsyan bu sürprizin tanınmış musiqiçilərdən birinin kiçik konsert verəcəyindən və bununla da mitinq iştirakçılarını dəstələdiyini nümayiş etdirdiyindən ibarət olacağını vurğulayıb. Amma belə yağlı “kökə” vədinin arxasında revanşist qüvvələrin Ermənistan cəmiyyəti üçün hansı qanlı-qadalı sürpriz hazırladıqlarını Vanetsyan açıb-ağartmağa ehtiyac duymayıb.

Həmin qan qoxusu verən sürprizə isə baş nazir Nikol Paşinyanın istefası tələbini irəli sürən “Təzim edirəm” fraksiyasının rəhbəri aprelin 17-dən müddətsiz etiraz aksiyası elan etməklə başlayıb. Dünəndən bu aksiyaya parlamentdəki digər müxalif fraksiya – “Hayastan” bloku və onun tərəfdarları qoşulublar. Bu blokun təmsilçisi, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan etirazçıların sona qədər gedəcəyini və ölkənin indiki rəhbərliyinin istefa verməsi tələbnidən əl çəkməyəcəklərini açıqlayıb.

"Erməni baharı"nın səbəbləri

Ermənistanın 44 günlük müharibədə ağır məğlubiyyətini hakimiyyətə gəlmək üçün əlverişli şans kimi qiymətləndirən revanşistlər, xüsusilə də 20 il ərzində ölkədəki kriminal rejimə rəhbərlik etmiş Köçəryan-Sarqsyan tandemi və sabiq hakimiyyətin təmsilçiləri rəsmi İrəvan Azərbaycanın prinsipial mövqeyi qarşısında addım-addım geri çəkildikcə Paşinyan hökumətinə təzyiqi daha da gücləndirirlər. Bir vaxtlar “Dağlıq Qarabağ” münaqişəsini hakimiyyətə gəlmək üçün kart-blanşa çevirən qüvvələr indi də İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən eyni məqsədlə istifadə edirlər.

Təsadüfi deyil ki, aprelin 13-də Nikol Paşinyanın parlamentdəki çıxışı zamanı dediyi “Artsax”ın statusu üzrə "plankanı endirmək” ifadəsindən sonra revanşist qüvvələr yenidən hərəkətə gəldilər. Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin sərhədlərin demarkasiyası və delimitasiyası, habelə sülh sazişi barədə ən azı telefon əlaqələrinin intensivləşməsi isə erməni müxalifətinin “yaz qızğınlığını” pik həddə çatdırdı. Artur Vanetsyan Ermənistan hökumətinin “satqınlığı”nın qarşısını almaq üçün "Biz mübarizənin ikinci mərhələsinə başladıq. Məqsədimiz daha çox adamı səfərbər etməkdir. Bizə qoşulmaq üçün mən gənclərə müraciət edirəm. Yaşlı nəsil bizi müstəqil “Artsax”la qoyub gedib və bu gün məsuliyyət yükü bizim çiyinlərimizdədir, bizdən ölkənin gələcəyi asılıdır",- çağırışını edib.

“Hayastan” blokunun təmsilçisi, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyanın “alovlu” müraciəti Vanetsanyanın ritorikasının məntiqi davamı kimi səslənib: “Bu müqəddəs mübarizədir, bu, “Artsax” uğrunda, erməni dövlətçiliyi uğrunda mübarizədir. Mübarizə bizdən kiminsə hakimiyyətə gəlməsi uğrunda getmir. Mübarizə xalqın uğrunda, sizin valideynləriniz və övladlarınız uğrunda gedir”.

Xoruzun quyruğu görünür


Saqatelayn nə qədər and-aman etsə də, cidanı çuvalda gizlədə bilmir. “Artsax” kartını şüar edənlərin məhz hakimiyyət uğrunda mübarizə apardıqlarını onların Köçəryan-Sarqsyan cütlüyünün nəzarəti altında olan “Ayastan” və “Təzim edirəm” partiyalarını təmsil etməsi sübuta yetirir. Daha doğrusu uzun illər boyu “Artsax” kartından məharətlə istifadə edərək, Ermənistanı öz cinayətkar rejiminin girovuna çevirmiş "Qarabağ klanı"nın yenidən hakimiyyəti ələ almaq cəhdi son hadisələri şərtləndirir. Halbuki, revanşist qüvvələr hətta Ermənistanda hakimiyyətə gəlsələr belə, çox tezliklə real-politik prizmasından çıxış edərək, ritorikalarını dəyişəcəklər. Digər tərəfdən isə, Cənubi Qafqazda postmünaqişə erasının davamlı inkişafında maraqlı olan bütün güc mərkəzləri də bu yöndə öhdəliklər götürmüş Nikol Paşinyanın revanşist qüvvələr tərəfindən hakimiyyətdən uzaqlaşdırılmasına imkan verməyəcəklər.

Revanşistlərin yeni mitinqlər mərəzinin cəmiyyətdə geniş dəstək almaması müəyyən mənada erməni cəmiyyətinin tədricən qəflət yuxusundan ayıldığından xəbər verir. Uzun illər boyu "Qarabağ klanı"nın və kənar qüvvələrin əlində oyuncağa çevrildiyini dərk etməyə başlayan Ermənistan cəmiyyəti məhz buna görə 44 günklük müharibədə ağır məğlubiyyətə baxmayaraq, ötən ilin iyununda keçirilən növbədənkənar parlament seçkilərində müharibəni uduzan Nikol Paşinyana və onun partiyasına etimad göstərdi. Bu baxımdan, nəinki son iki gündə, həm də son bir il yarımda revanşistlərin kütləvi etiraz aksiyaları keçirmək cəhdləri iflasa uğrayır.

Bütün çağırışlara, xüsusilə də gənclərə müraciətlərə baxmayaraq, dünən və bu gün Ermənistanın müxtəlif bölgələrindən dörd istiqamətdə İrəvana hərəkət edən yürüşlərdə və elə paytaxtın özündə də izdiham qeydə alınmayıb. Bir neçə ali məktəbi təmsil edən kiçik tələbə qrupları isə özlüyündə etiraz aksiyalarını canlandıra bilməyib. Ənənəvi qaydada Qarabağ müharibəsində ölən hərbçilərin valideynlərinin və qohumlarının narazılıqlarını öz siyasi maraqları üçün istifadə edən revanşistlərin bu qəbildən olan növbəti cəhdləri də iflasa uğrayıb. “Baş naziri həbs et” tələbi ilə çıxış edən həmin valideynlərin və qohumların Ermənistanın Baş prokuroru Artur Davtyanla görüşü heç bir nəticə verməyib.

Hakimiyyətdən qətiyyət tələb olunur

Hakimiyyət uğrunda mübarizə aparan revanşist qüvvələrin hərəkətləri artıq hakim partiyanın sıralarında ciddi narazılıq doğurur. Ermənistan parlamentinin binası qarşısında Nikol Paşinyana dəstək aksiyası keçirən hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərindən biri “sabiqlər”in hakimiyyətə qayıtmaması üçün ölkə rəhbərliyinin radikal tədbirlər görməsinin, “polad mandat”dan və “çəkic”dən istifadə etməsinin zəruri olduğunu vurğulayıb. Belə radikal addımlar atmayan hakimiyyət hələlik, yollarda hərəkəti dayandırmağa çalışan etirazçıların piketlərini dağıtmaqla, ictimai asayişi pozanları polis məntəqələrinə göndərməklə cavab verir.

Marqlıdır ki, elə bu arada böyük miqdarda vəsait mənimsəmələri ilə bağlı 50-dən artıq qurumlarda, nazirliklərdə, şöbələrdə, yerli idarəetmə orqanlarında genişmiqyaslı yoxlamaların başlandığı barədə Ermənistan Dövlət Nəzarət xidməti məlumat yayıb. Nikol Paşinyanın ona mane olmağa çalışanları adətən məhz korrupsiyaya qarşı mübarizə taktikası ilə neytrallaşdırmaq təcrübəsini nəzərə alsaq, bu əməllərdə ittiham ediləcək məmurlar arasında revanşistlərin və keçmiş hakimiyyətin tərəfdarlarının yer alacağı şübhə doğurmur. Belədə, Paşinyan hökumətinin revanşistlərə qarşı mübarizədə qətiyyət sərgiləyəcəyi də sübut olunacaq.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: Ermənistan   mitinq  





Xəbər lenti