Uşaqlar arasında yayılan hansı xəstəlikdir?

Uşaqlar arasında yayılan  hansı xəstəlikdir?
  27 Aprel 2022    Oxunub:3174
"Uşaqlarda qarın getməsi, qusma, qızdırma ilə müşahidə edilən xəstəliklərin törədicisi adena rotaviruslardır. Uşaqların 80 faizində bu hallar il boyu 2-3 dəfə təkrarlanır. Lakin ötən dövrlə müqayisədə indi daha çox artıb".
Pediatr-reanimatoloq Qoşqar İsmayılovun AzVision.az-a dediyinə görə, Azərbaycanda hələ ki mənşəyi bilinməyən hepatit virusuna rast gəlinməyib: “Xəstəliklə bağlı müraciət edənlərin 70-80 faizində rotaviruslar aşkarlanır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin aprel ayında rotaviruslara yoluxma daha çoxdur. Əsasən bu virusa yoluxma yay və qış aylarında daha çox müşahidə edilir. Bu da postpandemiya dönəmi, uşaqların aktiv həyata çıxması, bağçaların açılması və immun sisteminin zəifləməsi ilə əlaqədardır. Eyni zamanda xəstə uşaqlar da bağça və məktəbə gedir, xəstəliyi yolxudururlar”.


Pediatr qeyd edib ki, mənşəyi bəlli olmayan hepatit virusunun əlamətləri oxşar olduğu üçün uşaqda istənilən şikayət zamanı mütləq həkimə müraciət olunmalıdır: “Müalicə olunmaqla yanaşı, xəstəliyin səbəbi araşdırılmalıdır. Çünki bəzən qarıngetmə hepatit A ilə də bağlı ola bilər. Ona uyğun müalicə gedəcək. Son vaxtlar pnevmoniya, qızılca uşaqlarda erkən yaşlarda görünür. Amma əvvəllər peyvənd olunduğu üçün gec rast gəlinirdi. Bəziləri hepatit peyvəndini də vaxtında etdirmir. Bu da hepatitə bağlı infeksion xəstəlik yarada bilər. Validenylər övladlarını mütləq vaxtlı-vaxtında peyvənd etdirsinlər. Əgər gecikmələr varsa, sahə həkimi ilə məsləhətləşib, sonradan etdirə bilər. Hepatitə görə peyvəndlər 4-5 ildən bir olmalıdır. Mənşəyi bəlli olmayan hepatit virusun yayıldığı dönəmdə bunu diqqətdə saxlamalıyıq”.

Qeyd edək ki,İngiltərədə ortaya çıxan və qısa müddətdə 12 ölkədə görünən mənşəyi naməlum hepatit virusunun aşkarlandığı uşaqların sayı 190-a yüksəlib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaydığı məlumatda mənşəyi məlum olmayan hepatit hallarının fəal şəkildə araşdırldığını qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti