"Təhqiramiz və qəbuledilməzdir" - Rusiya səfiri Pentaqon rəsmisinə reaksiya verdi

"Təhqiramiz və qəbuledilməzdir" -    Rusiya səfiri Pentaqon rəsmisinə reaksiya verdi
  30 Aprel 2022    Oxunub:2171
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Pentaqonun sözçüsü Con Kirbinin Rusiyaya ünvanladığı fikirləri "təhqiramiz və qəbuledilməz bəyanatlar" adlandırıb.
"Təəccüblüdür ki, bu cür təxribat xarakterli tezislər sözün əhəmiyyətini yaxşı bilən keçmiş hərbçidən gəlir", – səfir deyib. Antonov qeyd edib ki, ABŞ-da “administrasiya rəsmilərinin öz mühakimələrini Ukrayna hakimiyyətinin ədəbsiz yalanlarına əsaslandırmaları normaya çevrilib".

Xatırladaq ki, cümə günü jurnalistlərin Pentaqonun Rusiyanın Ukraynaya qarşı addımlarını rasional hesab edib-etməməsi ilə bağlı sualına Kirbi Moskvanı tənqid etməklə cavab vermişdi. ABŞ rəsmisi deyib ki, “Hər hansı bir əxlaqlı insanın rus qoşunlarının Ukraynada etdiklərinə haqq qazandıra biləcəyini düşünmək çətindir”. On saniyəlik fasilədən sonra əlavə edib ki, “döyüş meydanından çəkilmiş kadrlara baxmaq və hansısa sağlam düşüncəli, ciddi, yetkin liderin bunu edəcəyini təsəvvürə gətirmək çətindir”.

Kirbi həmçinin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatın rusdilli əhalinin qorunması və nasizmin kökünün kəsilməsinə yönəldiyi barədə iddialarını rədd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Səfir   ABŞ   Rusiya  



Xəbər lenti