Baş Prokurorluğun xanım qonağı

  04 Aprel 2013    Oxunub : 272
Baş Prokurorluğun xanım qonağı
Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş ofisinin nümayəndəsi Baş Prokurorluqda olub.
Aprelin 3-4-də Azərbaycan Respublikası Baş Prokurorluğunun və Hərbi Prokurorluğun təşkilati üzvü və iki yüzdən artıq prokurorluq əməkdaşının fərdi üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Baş ofisinin nümayəndəsi xanım Yanne Holst Hübner Bakıda işgüzar səfərdə olub.

Səfər çərçivəsində xanım Y.Hübner Baş Prokurorluğun, tabe rayon (şəhər) və hərbi prokurorluqların əməkdaşları ilə bir sıra görüşlər keçirib, quruma fərdi üzv qəbul edilmiş prokurorluq əməkdaşlarına Assosiasiyanın üzvlük vəsiqələrini təqdim edib. Təmsil olunduğu qurumla Azərbaycan Prokurorluğu arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq Azərbaycanın BPA-nın fəaliyyətinə verdiyi mühüm töhfələri və görülən digər səmərəli işləri yüksək qiymətləndirib.

Tədbirlərdə həmçinin cinayətkarlığa qarşı mübarizədə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsində Assosiasiyanın əhəmiyyətli rolu vurğulanmış, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, bu istiqamətdə fəallığın artırılmasının zəruriliyi qeyd edilib.

Bundan başqa, beynəlxalq səviyyədə əlaqələrin daha da inkişaf etdirilməsində xüsusi rol oynayan BPA-nın veb-saytının rus dilində olan versiyasının təkmilləşdirilməsinə, zəruri virtual şəraitin təşkil olunmasına, eləcə də prokurorluq əməkdaşlarının saytdan daha səmərəli şəkildə istifadəsinə dair müzakirələr aparılıb.

Görüşlərdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Teqlər: