ABŞ-da Xəzər regionu ölkələri müzakirə edildi

   ABŞ-da Xəzər regionu ölkələri müzakirə edildi
  07 May 2022    Oxunub:717
Vaşinqtonda, Milli mətbuat klubunun binasında ABŞ ilə Xəzər regionu ölkələri arasında diplomatik münasibətlər qurulmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib.
AzVision.az xəbər verir ki, Xəzər Siyasət Mərkəzinin Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Özbəkistanın Vaşinqtondakı səfirliklərinin koordinasiyailə ilə təşkil etdiyi tədbirdə ABŞ administrasiyasından yüksəkvəzifəli rəsmi şəxslər və Xəzəryanı ölkələrin diplomatik missiyasının nümayəndələri, eləcə də ABŞ paytaxtının akademik təsisatlarının, analitik mərkəzlərinin, biznes icmasının təmsilçiləri iştirak edirdilər.

Xəzər Siyasət Mərkəzinin baş direktoru Əfqan Nifti giriş nitqində ABŞ ilə Xəzər regionu arasında çoxsəviyyəli fəaliyyətin qurulmasında son 30 ilin əhəmiyyətini vurğulayıb. Forumun panel iclaslarında çıxış edən ekspertlər son 30 ildə Cənubi Qafqaz və Mərkəzi Asiyada həyata keçirilən iqtisadi və sosial layihələrdə ABŞ-ın iştirakından söhbət açıb, Xəzəryanı region ölkələri ilə münasibətlərin dərinləşməsi üçün yeni imkanları müzakirə ediblər.

ABŞ Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə böyük müşaviri Amos Hokstayn əsas məruzə ilə çıxış edərək deyib: “Xəzər regionu Şərq və Qərb arasında qarşılıqlı əlaqələr nöqtəsi kimi nəzərdən keçirilməlidir. O, bügünkündən daha inteqrasiyalı və qarşılıqlı əlaqəli olmalıdır, biz bu istiqamətdə daha böyük səylər ortaya qoymalıyıq”. ABŞ-ın sabiq səfiri, Azərbaycanda Xəzər Siyasət Mərkəzinin böyük elmi işçisi Robert Sekutanın moderatorluğu ilə keçən birinci panel iclasında regionun enerjidaşıyıcıları axınının genişlənməsinə və infrastrukturunun qarşılıqlı əlaqələrinin yaxşılaşdırılmasına tələbatın artması məsələləri müzakirə olunub. ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Lora Lohman, Atlantika Şurasının böyük elmi işçisi Rober İkord, “BP America”nın beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Robert Şer, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının Vaşinqtonda baş təmsilçisi Hisaşi İnoue, SOCAR-ın prezidentinin müşaviri Samir Kərimli ABŞ və Xəzər regionu arasında enerji sektorunda gələcək əməkdaşlıq barədə öz ideyaları ilə bölüşüblər.

ABŞ-ın Türkmənistandakı sabiq səfiri və Xəzər Siyasət Mərkəzinin böyük elmi işçisi Allan Mastardın moderatorluğu ilə keçən ikinci panel iclasında ABŞ administrasiyasının və Xəzəryanı ölkələrin hökumətlərinin təmsilçiləri iqlim amilləri və ərzaq məhsullarının qiymətlərinin artması nəzərə alınmaqla, kənd təsərrüfatının idarə edilməsinin ümumi problemlərini müzakirə ediblər. Forum başa çatdıqdan sonra Xəzəryanı region təmsilçilərinin şərəfinə təntənəli gecə təşkil olunub.

AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti