Forpostun yeni rolu: Antisanksiya körpüsü – TƏHLİL

// Qərbin yasaqlarından yayınmaq üçün İrəvan Moskvaya necə kömək edir

     Forpostun yeni rolu:    Antisanksiya körpüsü –    TƏHLİL
  09 May 2022    Oxunub:2047
Rusiya sanksiyalarla üzləşəndən sonra rus biznesinin Ermənistana böyük köçü başlayıb. Mayın 4-də İrəvanda “Avrasiya İqtisadi Birliyi çərçivəsində biznes üçün yeni imkanlar” adlı maraqlı bir tədbir keçirildi. Bu tədbiri Rusiyanın “Skolkovo” fondu başda olmaqla bir neçə qurum təşkil etmişdilər.
“Avrasiya İqtisadi Birliyi” (AİB) deyilən format ölü doğulmuş uşaqdır və Rusiyanın ətrafına iqtisadi ekspansiyasını təşkil etmək üçün yaradılıb. Hazırda isə onun köməyilə Rusiya biznesinin ona yaxın ölkələrə, ilk növəbədə də Ermənistana miqrasiyası üçün yollar axtarılır. İrəvanda keçirilən tədbirdə 2025-ci ilə qədər AİB çərçivəsində iqtisadi inteqrasiya müzakirə olunub. Əsas diqqət isə Ermənistanda lokallaşan Rus biznesinin dəstəklənməsinə yönəlib. Bunun mexanizmləri və alətləri müzakirə edilib.

Məsələ ondadır ki, hazırda Rusiyanın üzləşdiyi sanksiyalardan yayınmaq üçün əksər şirkətlər Ermənistana köçərək, orada ofislər açır və fəaliyyətlərini davam etdirirlər. Rusiya tərəfi bu işin hüquqi prosedurlarını asanlaşdırmaq üçün ermənilərlə təmasları gücləndirir.
Xüsusilə də informasiya texnologiyaları sahəsində çalışan rus şirkətlərinin Ermənistana kütləvi miqrasiyası müşahidə olunur. Çünki bu sahədə internetə açıq çıxış, qlobal bank xidmətlərindən sərbəst istifadə çox vacibdir. Həmin imkanlar Rusiyada bloklansa da, Ermənistanda heç bir məhdudiyyət yoxdur. Ona görə də təkcə bu ilin mart ayında Rusiyanın 500-dən çox İT şirkəti Ermənistana köçüb. Təkcə bir aya 500 şirkət! Ümumi miqyası təsəvvür etmək çətin deyil...

Yada salaq ki, bir qədər əvvəl Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Güney Qafqazın 3 ölkəsini Rusiyaya sanksiyalardan yayınması üçün yardım göstərməkdə ittiham etmişdi. Açıq deyək ki, Azərbaycan və Gürcüstanla bağlı ortaya hansısa ciddi fakt qoymaq mümkün deyil. Uzağı, bu iki ölkədən hansısa malların reeksportu həyata keçirilə bilər. Amma Ermənistana gəlincə, necə deyərlər, “faktlar qışqırır”. Reeksport hara, təcavüzkar ölkənin biznesinin vacib sahələri üçün platformaya çevrilmək hara!

Ermənistana köçən rus şirkətləri həm orada İT sahəsini Rusiyadan asılı vəziyyətdə inkişaf etdirir, həm də Rusiyanın büdcəsinə vergi ödəyirlər. Rusiyaya sanksiyalar tətbiq edən Qərb ölkələri və qurumları isə axmaq vəziyyətdə qalır. Hazırda ABŞ-ın “Silisium vadisi”ndə xeyli böyük kompaniyalar Ermənistanın İT-şirkətləri adı altında əslində sanksiya qoyduqları Rusiyanın şirkətləri ilə əməkdaşlıq edirlər. Əgər bu, onların ikiüzlü siyasətinin elementidirsə, onda heç, yox, əgər Rusiyaya qarşı həqiqətən sanksiya qoymaq niyyətləri ciddidirsə, əməkdaşlıq etdikləri “erməni biznesi”nin adı altında kimlərin gizləndiyinə də diqqət yetirməlidirlər.

Ümumilikdə Ukrayna müharibəsi başlayandan Ermənistana 85 min nəfər rus vətəndaşı köçüb. Vacib nüans: onlar müharibədən qaçmayıblar, Rus biznesinin Ermənistana miqrasiyasını təşkil etməyə gediblər. Məhz buna görə Ermənistana çatar-çatmaz biznes qurublar. Müharibə başlayandan bəri Ermənistan ərazisində ruslara məxsus 1000 özəl şirkət və 250 MMC yaradılıb. Bu, əməlli-başlı böyük köçdür.

Bəzi məlumatlara görə, Rusiya sanksiyalara görə öz ərazisində istehsal edə bilməyəcəyi məhsulları KTMT üzrə tərəfdaşları olan ölkələrdə istehsal etməyi düşünür. Bura o cümlədən, hərbi texnika da daxildir. Məsələn, Rusiyaya sanksiya səbəbindən elektronika detalları satılmır, amma Ermənistana və ya Qazaxıstana satılır axı! Rusiya tərkibində idxal edilmiş detallar olan hissələri Ermənistanda düzəldərək, öz ərazisinə daşıyıb, işini davam etdirəcək. Sanksiyalardan yayınmaq da elə bu deməkdir! Bu zaman bir daşla iki quş vurulur: Moskva həm Qərbi axmaq yerinə qoyur, həm də KTMT ölkələrinin iqtisadiyyatını özündən daha çox asılı vəziyyətə salır. Faktik olaraq KTMT ölkələri Rusiyanın emalatxanasına çevrilirlər.

Son vaxtlar Rusiya ilə Ermənistan arasında hərbi yük təyyarələrinin uçuşları da intensivləşib. Onlar Azərbaycan ərazisindən yox, Xəzərin üzərindən və İrandan keçib gedirlər. Nə daşdıqları isə yəqin, artıq heç kim üçün sirr deyil.

Bütün bunların qarısını almağın bir yolu var: Rusiyaya satılması qadağan edilən məhsulların hamısı ilə bağlı sanksiyalar KTMT-nin digər üzvlərinə də aid edilməlidir. Xüsusilə də Ermənistana: bu ölkədə Rusiyanın iki hərbi bazası və 3000 əsgəri var, onun Moskvanın iradəsindən kənara çıxması mümkün deyil. Nə qədər ki Ermənistana sanksiyalar tətbiq edilməyib, Rusiyanın effektiv təcrid olunması alınmayacaq!


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
"Ukrayna Ticarət Evi"nin direktoru



Teqlər: Sanksiya   Rusiya   Ermənistan  





Xəbər lenti