“Kolbasa” necə bərkidi

// Olaf Şolts Ukrayna qarşısında “günahını yudu”

   “Kolbasa” necə bərkidi
  09 May 2022    Oxunub:2672
Almaniyanın kansleri Olaf Şolts xalqa müraciət edərək, Ukraynaya silah göndərməklə bağlı qərar qəbul etdiklərini açıqlayıb. “Ukraynanı dəstəkləməmək açıq zorakılığın qarşısında kapitulyasiya etmək olardı” deyən Şolts əlavə edib ki, “Putin Ukraynanı özünə tabe etdirməyə çalışır, amma o, qalib gəlməyəcək”.
- Rusiyanın diqtə etdiyi şərtlərlə sülh olmayacaq. Bunu nə ukraynalılar qəbul edəcəklər, nə də biz,- Şolts vurğulayıb. Maraqlıdır ki, bu hadisə Ukraynanın Berlindəki səfiri, Almaniya hakimiyyəti ilə bağlı qalmaqallı açıqlamaları ilə məşhurlaşan Andrey Melnikin növbəti təhqiramiz bəyanatından bir neçə gün sonra baş verib. Meknik Ukraynaya səfərini siyasi səbəblərə görə təxirə salan kansler Olaf Şoltsu “incimiş içalat kolbasası” adlandırmışdı.

Bunun fonunda kanslerin əsas siyasi rəqibi, Xristian Demokrat İttifaqının (XDİ) lideri Fridrix Merts Almaniyanın regional parlamentlərinə keçiriləcək mühüm seçkilər ərəfəsində əlavə xal toplamaq ümidi ilə Kiyevə gedib. Ukraynanın paytaxtında onu baş nazir Denis Şmıqal və Ali Radanın rəhbərliyi qəbul ediblər. O həmçinin Kiyev vilayətinin dağıntıya ən çox məruz qalan şəhərlərindən biri İrpenə baş çəkib.

Mayın 15-də Şimali Reyn-Vestfaliyada Landtaqa (yerli parlament) seçki keçiriləcək. Müxalifətdəki Xristian Demokratlar burada federal hakim koalisiya - Sosial Demokratlar (SPD), Yaşıllar və Azad Demokratlar (FDP) ilə ciddi rəqabət aparmalı olacaqlar.

Adətən yerli seçkilərin əsas predmeti regional problemlər və ya səhiyyə, təhsil, vergi kimi daxili siyasi mövzular olur. Amma bu dəfə əsas diqqət xarici siyasətə, yəni Ukraynadakı vəziyyətə yönəlib.

Bir həftə əvvəl Olaf Şolts ZDF telekanalına müsahibəsində deyib ki, Kiyevə getmək niyyətində deyil, çünki bundan əvvəl onlar Almaniya prezidenti Frank-Valter Ştaynmayeri qəbul etmək istəməyiblər. Xatırladaq ki, prezident aprelin ortalarında Polşa, Latviya, Litva və Estoniyadan olan həmkarları ilə birlikdə Ukraynanın paytaxtına səfər etməyi planlaşdırırdı. Bununla belə, gözlənilən səfərin başlanmasına bir neçə saat qalmış Ukrayna prezidenti Vladimir Zelenski aparatının nümayəndələri açıq şəkildə bildirdilər ki, Almaniya prezidentini Kiyevdə gözləmirlər.

Almaniya mətbuatının yazdığına görə, Ukrayna hakimiyyəti əvvəllər iki dəfə Almaniyanın xarici işlər naziri vəzifəsində çalışmış Frank-Valter Ştaynmayeri Almaniyanın rusiyayönlü siyasətinin memarlarından biri hesab edir. Frank-Valter Ştaynmayer özü aprelin əvvəlində “Der Spiegel”ə müsahibəsində etiraf edib ki, bir sıra səhvlərə yol verib və artıq Rusiya ilə münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikirlərini yenidən nəzərdən keçirib. Ancaq peşmanlıq ona kömək etməyib - Almaniya prezidentini Kiyevdə qəbul etmədilər, bununla belə, kansleri həmişə xoş qarşılamağa hazır olduqlarını bildirdilər.

Lakin Olaf Şoltsun ofisində hesab etmişdilər ki, Frank-Valter Ştaynmayerlə bağlı qalmaqalın fonunda Ukraynaya səfər etmək düzgün deyil. Birincisi ona görə ki, bu, iki dövlət xadimini süni şəkildə bir-birinə qarşı qoyardı. İkincisi, Sosial Demokrat Partiyasının bir çox tanınmış üzvləri buna qarşı çıxıblar. Üçüncüsü də, Kiyevin Olaf Şoltsla bağlı da iradları var: əvvəllər elə həmin səfir Andrey Melnik və bəzi digər Ukrayna rəsmiləri Berlini Ukraynanın ağır silahlarla təmin edilməsində ləng tərpəndiyinə görə tənqid ediblər.

Şoltsun özü ZDF-yə müsahibəsində bildirib ki, Kiyevin Frank-Valter Ştaynmayeri qəbul etməməsi onu təəccübləndirib: “Ümumi təhlükəsizlik və Ukraynanın gələcəyi üçün çox vacib olan bu qədər hərbi və maliyyə yardımı göstərən bir ölkəyə deyirlər: prezidentin gələ bilməz”.
“Die Welt” öz mənbələrinə istinadən yazıb ki, Almaniya hakimiyyəti Ukraynaya Bundesver ehtiyatlarından yeddi “Panzerhaubitze 2000” özüyeriyən haubitsa göndərmək qərarına gəlib. Nəşr qeyd edir ki, aparıcı hərbi məmurlar buna qarşı çıxıblar, çünki onların hesablamalarına görə, Almaniyanın özündə hazırda Bundesverdə ehtiyatda olan 119 artilleriya qurğusundan yalnız 40-ı işlək vəziyyətdədir. Lakin Ukraynaya hərbi yardım göstərilməsi məsələsində tərəddüdlərə görə əvvəllər Almaniya daxilində bir çoxları tərəfindən tənqid edilən Olaf Şoltsun Nazirlər Kabinetində bu arqumentə əhəmiyyət verilməyib.

N.Quliyev
AzVision.az



Teqlər: Almaniya   Ukrayna  



Xəbər lenti