Azərbaycanda inqilab üçün daha 14 milyon dollar – ARAŞDIRMA

Azərbaycanda inqilab üçün daha 14 milyon dollar – ARAŞDIRMA
  18 Aprel 2014    Oxunub:2246
Eynulla Fətullayev

“Əgər həqiqət amerikalıların şəstinə toxunursa, bunu onlara demək olmaz”. Səfir Riçard Morninqstar mənim Azərbaycan müxalifətçilərinə cəmi üç ABŞ fondu tərəfindən verilən 32 milyon dollar barədə virtualaz.org saytında dərc olunmuş araşdırma yazıma qəzəbli reaksiya bildirəndən sonra bu aksiomanı özlüyümdə bəlkə min dəfə təkrarlamışam. ABŞ səfiri mənim bu məqaləmə cavab olaraq nələri bəyan etdi?


Cənab Morninqstar aşağıdakıları dedi: “Əvvəla, biz belə gülməli fikirləri əvvəllər də eşitmişik. Mən yalnız onu deyə bilərəm ki, ABŞ-la Azərbaycan arasındakı münasibətlər müstəsna əhəmiyyətə malikdir. Krımda baş verənlərin fonunda bu münasibətlərin əhəmiyyəti daha da böyüyüyr. ABŞ və Azərbaycan münasibətləri indiki səviyyədə saxlamaq üçün əllərindən gələn hər şeyi eləməlidirlər. Belə iddialarla çıxış edən adamlar iki ölkə arasındakı münasibətləri korlamağa çalışırlar. Biz buna yol verməyəcəyik və heç kim bu boş söhbətlərə inanmamalıdır”.

ABŞ səfirinin bu çıxışı aparıcı müxalifət nəşrlərinin, o cümlədən “Azadlıq” qəzetinin ön səhifələrinə çıxarıldı. Çox təəssüf, ABŞ diplomatiyasının ağırçəkili fiqurlarından biri, təcrübəli səfir, qırğı-energetik Morninqstar dalbadal səhvlər buraxır. O, hansı ölkədə və hansı prezidentlə işlədiyini anlamır. Necə ki, ABŞ özü də Azərbaycanı başa düşməkdə çətinlik çəkir... Belə olmasaydı, ABŞ-ın vitse-prezidenti Co Bayden 2009-cu ildə Azərbaycanın adını inqilabların baş verəcəyi potensial ölkələrin siyahısında çəkərdimi?! Çox amansız tarixi ibrət dərsi oldu. Belə görünür ki, ABŞ hətta Krım hadisələrindən və Ukraynanın bir hissəsinin ilhaqından sonra da heç nəyi unutmayıb və heç nəyi öyrənə bilməyib.

Səfir Morninqstar bizi inandırmağa çalışır ki, ABŞ-la Azərbaycan strateji tərəfdaşdır. Tutaq ki, belədir. Amma səfirdən soruşmaq lazımdır: bu tərəfdaşlıq münasibətlərinin strateji xarakteri Azərbaycana nədə yardım edib? Vaşinqton bəlkə Qarabağ məsələsinin həllində bizə hansısa şəkildə kömək edib? Morninqstarın ATƏT-in Minsk Qrupundakı həmkarı, Azərbaycana zaman-zaman efemer “Filippin reseptləri” sırımağa çalışan, “erməni diasporunun aydın səsi” olan professor Xaçikyana (bunu özü belə deyib) qəribə şəkildə bəy tərifi vuran səfir Uorlikin yöndəmsiz bəyanatlarını nəzərə alanda bizi məmnun edəcək nəticəyə gəlmək çox çətindir.

Əksinə, ABŞ Morninqstarın sözü ilə desək, “öz strateji tərəfdaşı”nın qan verən yarasına izahedilməz laqeydliklə yanaşmaqda davam edir. ABŞ özünün bu laqeydliyi ilə Putin Rusiyasının müttəfiqi olan təcavüzkar Ermənistanla strateji tərəfdaşı olan suveren Azərbaycanın hüquqlarını eyni tutur. Eyni zamanda ABŞ bunu da anlayır ki, Əliyevin əlində saxlamağı bacardığı nailiyyət, yəni müstəqil Azərbaycan bu ölkəyə çox baha başa gəlib. Vaşinqtonun məntiqinə görə isə “Roma hər şeyə dözəcək, Senat isə ölkənin atasına təşəkkür etmək qərarı verəcək”.

Strateji tərəfdaşlar bəyəm belə davranmalıdır?

Strateji tərəfdaşın dövlətçiliyin kövrək əsaslarını sarsıdan daha bir “atalıq qayğısına” baxaq. Bunu axı Vaşinqtonda çox gözəl bilirlər ki, indiki status-kvonun, yəni sistemli sabitliyin və sosial sakitliyin qarantı prezident İlham Əliyevin şəxsi hakimiyyətidir. Siyasi sistem hətta azacıq da deformasiyaya uğrasa, bu, Azərbaycan üçün fəlakətli nəticələri olan kataklizmlərə, sonuncular da faciəvi sonluqlara gətirib çıxarar.

Səfir Morninqsatr və onun təmsil etdiyi Dövlət Departamenti bunu dərk edirlərmi? Yəqin ki, hə. Uzun-uzadı düşünməyə, dərin analizlər aparmağa ehtiyac yoxdur. Kremlin “jirinovskilər”in və “duqinlər”in timsalındakı planları, Azərbaycanı onların dilindən parçalanma ilə, federallaşma ilə, yeni etnik-siyasi münaqişələrin yaradılması ilə hədələməsi göz önündədir.

Vaşinqton vəziyyətin qızışdırılmasının siyasi fəlakətlə,- ilk növbədə də Qərbin maraqları və buradakı ABŞ sərmayələrinin toxunulmazlığı kontekstində,- nəticələnə biləcəyini təbii ki, başa düşməmiş deyil. Buna baxmayaraq ABŞ Əliyev hakimiyyətinin rəqiblərini də öz Milli Demokratiya İnstitutu (MDİ/NDİ) sayaq sistemli tətsisatları vasitəsilə pulla, platforma və “Molotov kokteyli” ilə silahlandırır. Səmimi dostlar və strateji tərəfdaşlar da heç belə hərəkət edərmi?!

Tutalım, Vaşinqtonun tərəfdaşlıq barədəki təsəvvürləri spesifik xarakter daşıyır və daha genişdir və ABŞ da “qamçı siyasəti” olmadan heç cür keçinə bilmir. Yaxşı, bəs Dövlət Departamenti öz strateji tərəfdaşları olan Səudiyyə Ərəbistanına, yaxud Qətərə münasibətdə niyə belə yumşaq davranır, loyallıq göstərir? İnsan haqlarının və demokratik azadlıqların pozulması barədəki gurultulu bəyanatlar harada qaldı? Dövlət Departamenti öz hesabatlarında buradakı geosiyasi reallıqların mürəkkəbliyini bildiyi halda niyə məhz Azərbaycanı öldürücü tənqidlərə məruz qoyur, amma amma digər avtoritar, totalitar və teokratik müttəfiqlərinin başını sığallayıb əzizləyir? Burada məntiq varmı? Hanı o məntiq?

Azərbaycan işğal olunmuş Ağdamdan rəsmi Bakıya tərəf tuşlanmış Putin tanklarının lülələrinə, “Hizbullah”ın və İslam İnqilabı Keşikçiləri Korpusunun intiharçı-döyüşçülərinin üzdə görünməyən, lakin həddən artıq real olan hədələrinə, tarixi bağlarla və sosiomədəni eyniyyətlə möhkəm bağlı olduğu yaxın qonşusu İranla münasibətlərin geridönməz şəkildə pisləşməsi riskinə baxmayaraq Vaşinqtona qucaq açır. ABŞ-la birgə beynəlxalq terrorçuluqla mübarizə üzrə bütün proqramlarda (Səddamdan Əsədə qədər!) iştirak edir. Öz hava məkanını ABŞ hərbi təyyarələrinin üzünə açır. ABŞ hərbi birləşmələrinin öz ərazisindən tranzit kimi istifadə etməyinə imkan verir. Amma bütün bunlara cavab olaraq qulağının dibindən “Molotov kokteyli” və permanent inqilablar hədə-qorxusu alır. Hanı məntiq? Böyük siyasətdə doğrudan da şükranlıq olmurmuş...

Vaşinqton Krım hadisələrindən sonra da heç nəyi öyrənə bilmədi! Gürcüstan, Ukrayna və Moldovadakı oxşar eksperimentlər nə ilə nəticələndi? Dövlətçiliyin möhkəmlənməsi iləmi? Yox! Avropaya inteqrasiya iləmi? Yenə də yox! NATO-ya üzv olmaqla və təhlükəsizliyə zəmanət əldə edilməsi iləmi? Bu dəfə də yox! Bəlkə iqtisadi yüksəlişlə, sürətli inkişafla, korrupsiya üzərindəki qələbə ilə, bir anın içindəcə İsveçə, yaxud Avstriyaya çevrilməklə? Yenə də yox!

Rəngli inqilabların qalib gəldiyi ölkələrin tarixi Robespyer dövründəki permanent fransız inqilabının tarixi spiralına dolandı: despotizm azadlığa gedən yolu açır, azadlıq anarxiya doğurur, despotizm qayıdıb xalqı anarxiyadan xilas edir...

Ukraynadakı bugünkü qanlı hadisələr bizi bu bədbəxt ölkənin tarixinə yeni nəzərlərlə baxmağa məcbur edir. Suallar yaranır. Bəlkə heç təcrübəli siyasətçi olan prezident Kuçmanı devirməyə dəyməzmiş?! Ukrayna xalqının alnına yazılmış bu fəlakət və bədbəxtliklərin qarşısını bəlkə Kuçma ala bilərdi?! Ukrayna bu olub-bitənlərdən nə qazandı? Sonradan anarxiyaya çevrilən, anarxiya doğuran azadlıq, yoxsa ən azı yaxın onilliklər üçün siyasi sabitliyin qaranlıq perspektivlərini?

Rəngli inqilabların qalib gəldiyi ölkələrin xalqlarının bitib-tükənmək bilməyən iztirablarını (xalqların qanlı letargiya yuxularını) ABŞ səfirinə niyə xatırladıram?! Ona görə xatırladıram ki, əbəs, nəticəsiz, amma dayanmadan təkrarlanan və Azərbaycana ümummilli fəlakət vəd edən inqilabi dəyişikliklər cəhdi göz önündədir.

Lakin bu zaman heç də belə hesab etmirəm ki, demokratiya daha öldü. Məncə, demokratiya sadəcə olaraq dəyişib ayrı cür oldu. Demokratiya bizim “idarəolunan Qərb demokratiyası” barədəki təsəvvürlərimizlə birgə dəyişdi. İdarəolunan Qərb demokratiyası azadlığın anarxiyaya çevrilməsinə, azadlıqdan anarxiya doğulmasına imkan vermir. Baxın, Vaşinqtonda da heç kimə Ağ Evə “Molotov kokteyli” tolazlamaq icazəsi verilmir. Barak Obama hətta korrupsiyada şübhəli bilinsə belə heç kimə onu zorla devirmək icazəsi verməzlər. Bu ölkədə ikinci “Boston çay qonaqlığı”nın yaşanmasına imkan verilməz. Artıq oturuşmuş dövlət idarəçiliyi sistemini təftiş etməyə yönələn istənilən cəhdin qarşısı o dəqiqə amansızcasına alınır. Və bu, azadlıq naminə belə edilir. Edilir ki, azadlıq anarxiyaya çevrilməsin.

Demokratiya bizdən ötrü artıq başqa cür olub. Biz azadlıqla anarxiyanı fərqləndirməyi, onları bir-birindən seçib ayırmağı öyrənmişik.

Cənab Morninqstar qoy bu suala cavab versin: ABŞ açıq şəkildə inqilabi dəyişikliklərə və Vaşinqtonun strateji tərəfdaşını - prezident İlham Əliyevi devirməyə çağıran qeyri-hökumət təşkilatlarını və onların liderlərini maliyyələşdirməkdə niyə davam edir?

10 il ərzində üç ABŞ fondu vasitəsilə İlham Əliyevin rəqiblərinin əvvəlcə əlinə, sonra cibinə düşən 32 milyon dollar cənab Morninqstara boş şey kimi görünürsə, onda Azərbaycandakı vəziyyəti gərginləşdirib qarışdırmaq üçün müxalifətə ayrılan pullarla bağlı suallarımızı davam etdirməyə məcburuq. Cənab səfirin nəzərinə onu da çatdırırıq ki, bu milyonlar artıq başqa fondlar tərəfindən ayrılıb.

Birinci sual. İREX 730 min manatı hansı məqsədlə ayırmışdı?

Amerika təşkilatı - öz proqram məqsədlərinə əsasən hər yerdə intellektual liderlik və innovasiya proqramları vasitəsilə pozitiv inkişafı yayan Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası (İREX) 2008-ci ildən 2013-cü ilə qədər 730 min manat məbləğində 29 qrant ayırıb.

Bu təşkilatın Azərbaycandakı nümayəndəsi Sara Hennesidir. Lakin nəyə görəsə təşkilatın nümayəndəliyi göstərilən müddətdə iki razılaşma əsasında cəmi 40 min manatlıq qrant dəstəyi alıb. Subsidiyaların qalan hissəsinin mənbəyi böyük sual doğurur.

Və 730 min manat hansı intellektual liderliyə və innovasiya proqramlarına xərclənib?

Bütün bu pullar müxalifətə və müxalifətə yaxın təşkilatlara axıb. Buyurun, cənab Morninqstar, həqiqətin üzərinə işıq salın və cavab verin görək, bütün bu maliyyə axınları niyə müxalifət strukturlarına gedib?

1) 2013-cü il seçkiləri ərəfəsində həmin Amerika strukturunun pulları hesabına www.azerbaijanelections.org saytı yaradılıb. Qısamüddətli layihənin həyata keçirilməsinə 10 min dollar ayrılıb. Seçkilərin başa çatmasından dərhal sonra sayt fəaliyyətini dayandırıb. Hazırda sayta giriş bağlıdır. Bununla belə seçkilər dövründə və seçkilərdən sonra sayt müxalif mövqedən çıxış edib, seçkilərin nəticələrini şübhə altına alıb. Qrant “Turan” informasiya agentliyinə ayrılıb.

2) İş təkcə saytla bitməyib. Hökumətə hücum edən daha bir resurs - sechkiportali.az yaradıblar. Birinci resursdan fərqli olaraq ikinci hələ də fəaliyyətdədir. Həmin saytın yaradılması üçün pulu Əli Kərimlinin tərəfdaşlarından birinə - “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəylinin “Demokratik Jurnalistika Məktəbi” layihəsi çərçivəsində ayırıblar. Antihökumət saytının yaradılmasına 25 min dollar verilib.

3) Hökumətin ən fəal tənqidçilərindən biri Emin Hüseynova ümumiyyətlə fantastik məbləğ buraxıblar. O, 275 min dollar məbləğində 5 qrant alıb.

4) Hökumətin digər tənqidçisi Rəşid Hacılı 128 min dollar alıb.

5) Müxalifətçi qardaşlar Anar və Əziz Orucova “Kanal 13” internet kanalının açılması üçün 46 min dollar veriblər. Yeri gəlmişkən, bu internet-TV-nin saytı hazırda bağlıdır.

Bəlkə cənab Morninqstar situasiyanı izah edə bilər?

İkinci sual. Amerika Hüquqşünaslar Assosiasiyası 206 min dolları hansı məqsədlə xərcləyib?

2003-2013-cü illərdə Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi 4 razılaşma əsasında 588 min dollar alıb. Bu pullardan müxtəlif təşkilatlara cəmi 519 min dollar ayırıblar. İndi diqqət yetirin, müxalifətçilər bu puldan nə qədər alıblar!

1) Müxalifət fəalları Vidadi Mirkamal, İntiqam Əliyev v Ənnağı Hacıbəyli 91 min dollar alıb.

2) Rəşid Hacılı - 90 min dollar.

3) Ölkənin baş buqələmunu Sabir Rüstəmxanlının qardaşı, seçki ərəfəsində hökumətin üzərinə hücuma keçən Əlövsət Əliyev - 10 min dollar.

4) Və nəhayət, 2008 və 2013-cü il seçkilərinin baş tənqidçisi olan “Demokratiyanın tədrisi” qeyri-hökumət təşkilatı - 15 min dollar.

Beləliklə, assosiasiya tərəfindən ayrılmış qrantların böyük hissəsi də müxalifətçilərin maliyyə rezervlərinə axıb.

Üçüncü sual: “Revenue Watch İnstitute” 952 min manatı necə bölüşdürüb?

Əvvəllər Soros Fondu ilə bağlı olan bu təşkilat bu yaxınlardan etibarən sırf müstəqil təşkilat kimi fəaliyyətə başlayıb. Baxmayaraq ki, birbaşa C.Sorosla bağlılığı bu gün də qalır.

Həmin təşkilatın Azərbaycanda nümayəndəliyinin qeydiyyatından imtina edilsə də 2006-2013-cü illərdə o, müxalifət yönümlü təşkilatlara 952 min manat ayırıb. İnstitut tərəfindən maliyyələşdirilən 25 layihənin böyük hissəsini başda müsavatçı Qubad İbadoğlu, cəbhəçi Məhəmməd Talıblı, cəbhəçi Rövşən Ağayev və digərləri olmaqla “Milli Büdcə Qrupu” adlanan qrup alıb. Məlum olduğu kimi, bu qrupun fəaliyyətinin əsas məqsədi İlham Əliyev hökumətinin iqtisadi siyasətinin sərt tənqid edilməsidir.

Bəs cənab səfir bu suala necə cavab verəcək? Anlaşılmazlıqdır, yoxsa təsadüf? Yoxsa ABŞ üçün strateji əhəmiyyət kəsb edən ölkədə vətəndaş cəmiyyətini inkişaf etdirmək və gücləndirmək arzusundan irəli gəlirdi?

Hər halda sona qədər aydın deyil: Azərbaycanla Vaşinqton arasında münasibətləri kim korlamaq istəyir - biz, yoxsa Açıq Cəmiyyət İnstitutu-Soros Fondunun nümayəndəsi, ABŞ-ın Rutqersk Universitetinin yetişdirməsi Qalib Əfəndiyev?

Yeri gəlmişkən qeyd edək ki, bu institut da Azərbaycandakı “Revenue Watch İnstitute”nun əsas donorudur. Cənab Morninqstar bu institutun internet-saytının məzmunu ilə tanış olsa yaxşı olardı. Orada İlham Əliyev hökumətinin neft strategiyası kəskin tənqid olunur.

Cənab Morninqstar bu fikirlə razıdırmı ki, “Azərbaycanın Dövlət Neft Fondunun illik hesabatında daxilolmaların mənbəyi barədə məlumatlar təhrif olunub, idarəetmə strukturu kifayət qədər zəifdir və enerji resurslarından əldə edilmiş gəlirlərin xərclənməsini nizamlayan qanunvericilik mövcud deyil”.

Cənab Morninqstar bu sərt tənqid və institut tərəfindən müxalifətçilərə ayrılmış 952 min manatın taleyi barədə bilməlidir!

Dördüncü sual: USAİD niyə müxalif QHT-lərin maliyyələşdirilməsini artırıb?

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ABŞ-ın digər ölkələrə hərbi xarakterli olmayan yardımlarına birbaşa cavabdeh olan federal hökumət strukturudur. Agentliyin administratoru və onun müavini ABŞ prezidenti tərəfindən Senatla razılaşdırılmaqla təyin edilir, fəaliyyətini isə dövlət katibi koordinasiya edir.

Bu agentlik Azərbaycanın müstəqilliyini əldə etməsindən bu yana ölkəmizə 300 milyon dollarlıq yardım edib. Və budur, 7 aprel 2009-cu ildə ABŞ hökuməti ilə Azərbaycan hökuməti arasında inkişaf proqramlarının birgə maliyyələşməsinə dair xüsusi memorandum imzalanır. Həmin memoranduma əsasən agentlik ikitərəfli razılaşmada əksini tapan məsələlərin həyata keçirlməsi üzrə icraçı təşkilat rolunu üzərinə götürür.

Ancaq bu agentliyin hökumət strukturu olmasına baxmayaraq xüsusən 2010-2013-cü illərdə təşkilat qrant siyasətində əsasən QHT-lərin maliyyələşdirilməsinə və fəaliyyətinin dəstəklənməsinə üstünlük verməyə başlayıb. Hər ehtimala qarşı həmin dövrdə ayrılmış qrantların analizi 2004-2009-cu illəri əhatə edən dövrlə müqayisədə Amerika agentliyinin siyasətind yeni prioritetin gücləndiyinə əminlik yaradır.

Təşkilat tərəfindən son illərdə Azərbaycan QHT-lərinə 8 milyon 200 min dollar və daha 93 min manat vəsait ayrılıb. Yəni əvvəllər üstünlük ticarətə, kənd təsərrüfatına, iqtisadi artıma verilirdisə son illər USAİD siyasi layihələrin maliyyələşdirilməsinə diqqət yönəltməyə başlayıb.

Cənab Morninqstar, görəsən nədən? İki ölkə münasibətləri sistemində belə güclü dəyişən nədir ki, siyasi istiqamətə üstünlük verilir? Maraqlı tendensiyadır, elə deyilmi?

Beşinci sual: 108 amerikalını Azərbaycanın rayonlarında nə topladı?

Səfir Morninqstar Azərbaycan hökumətinin Amerikanın “Sülh korpusu” proqramı ilə əməkdaşlığı uzatmaqdan imtina qərarından çaş-baş qalıb. O, Azərbaycan KİV-lərinə açıqlamasında bu barədə danışıb.

2003-cü ildən başlayaraq həmin proqram çərçivəsində Azərbaycanda 500-dən çox könüllü fəaliyyət göstərib. Həmin dövrdə könüllülər əsasən kənd yerlərində işləyirdi və ingilis dilini tədris edir, mədəni körpülər yaradırdı.

Son vaxtlara qədər 108 könüllü ölkədə qalmaqda davam edir və yəqin ki, onlar da tezliklə ölkədən çıxarılacaqlar.

“Sülh korpusu” nədir? Bu suala müxalifətçi QHT-lərə 32 milyonluq qrant tranşından bəhs edən ötən məqaləmizdə qismən cavab vermişik. Ancaq hökumət amerikalı könüllülər tərəfindən pulsuz ingilis dili tədrisini nəzərdə tutan bu proqramı dayandırmağa niyə qərar verdi? Hərçənd etiraf etmək lazımdır ki, bu məsələdə günahın bir qismi də Xarici İşlər Nazirliyinin üzərindədir. Və baxın niyə.

“Sülh korpusu”nun Azərbaycandakı fəaliyyətinə dair çərçivə razılaşması iki ölkə hökumətləri arasında 9 oktyabr, 2003-cü ildə imzalanıb. Razılaşma Azərbaycanda 2004-cü il, yanvarın 13-də təsdiqlənib. Daha sonra Gənclər və İdman Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, həmçinin Təhsil Nazirliyi “Sülh korpusu” ilə müvafiq memorandum imzalayıblar. Həmin sənədlərə əsasən nazirliklərin və “Sülh korpusu”nun nümayəndələrindən ibarət xüsusi məşvərət komitəsi yaradılmalı, bu komitə birgə layihələri planlaşdırmalı idi.

Komitənin əsas vəzifəsi layihələrə dair təklifləri işləyib hazırlamaq, onların həyata keçirilməsini monitorinq etmək və nəticələrini qiymətləndirməkdir.

Ancaq bizə məlum olmayan səbəblərdən bu komitələr heç yaradılmayıb. Ona görə də aydın deyil ki, hansı norma və qaydalara görə Azərbaycan amerikalı könüllüləri cəlb edib ölkənin müxtəlif künc-bucağında yerləşdirirdi? Üstəlik hansı regionun onlara daha çox lazım olduğunu da amerikalılar müəyyənləşdirirdi? Sən demə, ingilis dilinin tədrisi üçün.

Çox qəribədir ki, 11 il ərzində Azərbaycan XİN iki ölkə arasında əldə olunmuş razılaşmanın yerinə yetirilməsini tələb etməyib.

Hərçənd ki, dünyanın müxtəlif ölkələrində ABŞ-dan gələn könüllülərin azacıq fəallığına şübhə ilə yanaşırlar. Belə əminlik var ki, gələn könüllülər ingilis dilinin tədrisi adı altında əslində informasiya yığır və sonra onu müvafiq analitik mərkəzlərə ötürürlər.

Altıncı sual: NED 3 milyon 500 min dolları hara xərcləyib?

“Soyuq müharibə” dövründə Reyqan demokratiyasının əsas yetirmələrindən biri - NED fondu, əksər eskpertlərin qənaətinə görə, Milli Demokratiya İnstitutu kimi ABŞ-ın kəşfiyyat xidmətləri ilə harmonik əlaqədə olan təşkilat Azərbaycanda özünün Avrasiya və Rusiya üzrə nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir.

Bu nümayəndəliyə təşkilatın proqram direktoru Miriam Linskaya başçılıq edir. Vaşinqtondan Azərbaycan QHT-ləri ilə bilavasitə Marta Berd işləyir.

10 il ərzində, yəni 2003-2013-cü illərdə fond Azərbaycan QHT-lərinə 3 milyon 500 min dollar həcmində 78 qrant ayırıb. Üstəlik bu subsidiyaların əsas hissəsi 2010-2013-cü illərdə ayrılıb - 2 milyon 300 min dollar. Fond əsasən müxalət yönümlü QHT-lərə, KİV-lərə və təsisatlara, o cümlədən inqilabçı gənclərin “Açıq Fikir Universiteti”inə, “Turan” agentliyinə və müxalifətçi “Obyektiv TV” internet telekanalına, Anar Məmmədlinin sədrlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə, Rəsul Cəfərovun bütün fəaliyyətini ABŞ-ın regiondakı əsas tərəfdaşı olan Azərbaycan hökumətini Avropa institutlarında gözdən salmağa həsr edən İnsan Haqları Klubuna, Könüllülərin Beynəlxalq Əməkdaşlıq Mərkəzinə (Elnur Məmmədov) və Leyla Yunusun Sülh və Demokratiya İnstitutuna, onlarla digər müxalifətçi birlikləyə pul ayırıb.

Doğrudanmı cənab Morninqstar bu barədə bilmir ki, ötən ilin yazında NİDA gənclər təşkilatı və bilavasitə MDİ təlimatçıları tərəfindən Fəvvarələr meydanındakı kütləvi iğtişaşlarda iştirak edən etirazçı gənclərin böyük hissəsi məhz həmin Amerika fondunun maliyyəsi hesabına maliyyələşən “Açıq Fikir Univrsiteti”nin divarları arasında təlim keçmişdi?

Bundan sonra səfir universitetin fəaliyyətinin bərpasını necə ardıcıl və israrla tələb edə bilirdi? Yəni səfirin məntiqinə görə, hökumət inqilabi barrikadalarda iştirak etməyə hazırlaşan potensial hücumçuların hazırlandığı universitetin fəaliyyətinə göz yummalı idi?!

Doğrudanmı bundan sonra cənab Morninqstar Azərbaycan hökuməti ilə strateji tərəfdaşlıq barədə dediklərinin səmiliyinə inanır? Bəyəm səfir 2010-2013-cü illərdə, prezident seçkiləri ərəfəsində OL və NİDA tipli gənclər təşkilatlarına 10 qrant layihəsi üzrə ayrılmış, tarixi çaxnaşmalar vəd edən 424 min manat barədə informasiyaya malik deyildi? Bəyəm səfir NİDA inqilabçı-gənclərindən yandırıcı maye ilə birlikdə ələ keçirilmiş 94 min manat barədə bilmir? Səfirin “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” təşkilatı ilə SMDTM-in MDİ-nin Vaşinqton bürosu ilə üzə çıxarılmış əlaqələrindən də xəbəri yoxdur? Onu da bilmir ki, MDİ Azərbaycan qanunvericliyindən yan keçərək Anar Məmmədlinin mərkəzinə 267 min dollar ayırıb?

Sual olunur: Amerika qanunvericiliyindən yan keçərək kəşfiyyat xidmətləri ilə bağlı olan hansısa Rusiya və ya Avropa təşkilatından 267 min dollar alan Amerika QHT-sini hansı aqibət gözləyərdi? Doğrudanmı səfirə və xüsusən də MDİ-yə məlum deyildi ki, Ədliyyə Nazirliyi Anar Məmmədlinin QHT-sinin qeydiyyatından imtina edib?! Bu qərarla razılaşmaq, yaxud onu pisləmək olar, ancaq strateji tərəfdaş hesab etdiyin ölkənin qanunlarına necə bu cür tüpürmək olar?

Hörmətli Morninqstar, nəsə ziddiyyət alınır, yumşaq desək, sizin sözlərinizlə əməliniz arasında ziddiyyət var. Yoxsa diplomata belə şifahi göstəriş verilib ki, öz əsl niyyətini gizlətsin?!

Cənab Morninqstar da ABŞ hökuməti kimi etiraz edə bilər ki, baxın, Amerika fondları Azərbaycanda inqilab cəhdlərini dəstəkləməkdə tək deyil. Deyərlər ki, məsələn, həmin alman fondu Fridrix Nauman (Azərbaycanda inqilab etmək üçün milyonlarından keçən onlarla digər Avropa fondları kimi) keçmiş MTN-çi, müxalifətin sıralarına keçən Ərəstun Oruclunun sayəsində uzun müddət müxalifət partiyalarının maliyyələşməsində tükənməz mənbə olub.

Ancaq mövcud həqiqəti inkar etmək səfir üçün çətindir - strateji tərəfdaşlar belə hərəkət etmirlər. Hətta bir neçə səbət və içərisindəki yumurtalar haqda məşhur konsepsiya nəzərə alınsa da...

Dostlar və tərəfdaşlar belə hərəkət etmirlər... Bəlkə ABŞ-da dostluq anlayışını dostun öz uşaqlarını dostluq naminə qurban verməyi öz dostundan heç vaxt xahiş etmədiyini düşünən böyük Monten kimi qavramırlar?! Və əgər söhbət inqilabdan - təkcə dostlarını deyil, öz balalarını da yeyən inqilabdan gedirsə, ümumiyyətlə, dostluğun bura nə dəxli var?!

Virtualaz.org


Teqlər:  





Xəbər lenti