“Prezident məmurlardan ciddi tələb edir”

“Prezident məmurlardan ciddi tələb edir”
  14 Fevral 2013    Oxunub:2364
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata müsahibə verib. AzVision.az həmin müsahibəni olduğu kimi təqdim edir.
- Fevralın 12-də keçirilən konfransda prezident İlham Əliyev məmurlara, onların övladlarına xəbərdarlıq etdi. Prezidenti belə sərt fikirlər söyləmək məcburiyyəti qarşısında qoyan nə idi?

- Cənab prezidentin özünə və Prezident Administrasiyasına məmurların fəaliyyəti ilə bağlı daxil olan şikayətlərin sayı artıb. Şikayətlərdə, o cümlədən ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlarda daha çox ayrı-ayrı şəxslərin fəaliyyətindən narazılıq ifadə edilir. Həmin şikayət və məlumatlardan aydın olur ki, məmurların bir çoxunun, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin davranışında, insanlara münasibətində müəyyən naqis hallar var. Prezident İlham Əliyev müşavirədə bunu xüsusi qeyd etdi, nöqsanları, naqis halları göstərdi. Cənab prezident hesab edir ki, bütün bunlar dövlət qulluqçusu, vəzifəli şəxs, vəzifə daşıyan bir insanın ümumi məsuliyyətinə və davranışına uyğun deyil. Çünki belə hallar məmurların davranışının məqbul olmaması fikri yaradır. Ona görə də dövlət başçısı belə bəyanatlar verdi.

Bu yalnız bəyanat deyil, eyni zamanda cənab prezidentin mərkəzi, yerli icra hakimiyyəti orqanları, dövlət qulluqçuları qarşısında qoyduğu çox ciddi və qətiyyətli tələb və vəzifədir.

- İnsanlar hansı məmurlardan və nədən daha çox şikayət edirlər? Məmurların davranışı, yoxsa normal işləməməsi daha çox narazılığa səbəb olur?

- Şikayətlərdə qeyd olunur ki, dövlət məmuru insanlara biganə yanaşır, öz vəzifəsini yalnız mövcud işlərin görülməsi, konkret olaraq prezidentdən və yuxarı orqanlardan aldığı tapşırıqların icrası üzərində qurur. Amma insanların bu məsələlərlə bağlı rəyini, fikrini, münasibətini öyrənmirlər, vətəndaşlara qayğı göstərmək, onlarla təmasda olmaq, arzu, istəklərini dinləmək kimi vəzifələrini unudurlar. Bunlar da məmurların vəzifə borcudur və yerinə yetirilməlidir.

- Hazırda gözlənti nədir? Məmurlar davranış və fəaliyyətlərində nələri dəyişməlidir? Prezidentin belə sərt çıxış etməsində İsmayıllı hadisələri də rol oynayıbmı?

- Cənab prezidentin çıxışını bilavasitə İsmayıllı hadisələri ilə bağlamaq istəməzdim. Əlbəttə, dövlət başçısı ölkədəki bütün hadisələrdən çıxış edərək bu məsələyə münasibət bildirdi.

Prezident İlham Əliyev orada bir neçə məsələ ətrafında fikirlərini formalaşdırdı və açıqladı. Birincisi, icra başçıları ilə iş adamları arasında olan münasibətlərə aiddir. Cənab prezident hesab edir ki, icra başçılarının iş adamlarına münasibəti məqbul hesab oluna bilməz. İcra başçıları bəzən iş adamlarını bu və ya digər sosial layihələrə cəlb edir. Amma sonra pulunu vermir, hesab edir ki, bunlar iş adamının borcudur və onu etməlidir. Bu da narazılığa səbəb olur. Prezident də çıxışında qeyd etdi ki, bunlarla bağlı ona məlumat daxil olur və belə hallara kimlərin yol verdiyini bilir.

İkincisi, mərkəzi icra hakimiyyəti orqanlarının və icra başçılarının yerlərdə konkret olaraq insanlarla münasibətləri, gördükləri işlərdə insan faktoruna söykənmələri, insanlara qayğı, diqqət göstərmələri, vətəndaşların arzu, istəklərinə diqqət yetirilmələri məsələsi qabardıldı.

Üçüncüsü, müxtəlif insanların özlərini qanun üzərində hiss etməsi halları narazılıq yaradır. Məmur və ya onların övladları yol hərəkəti qaydalarını, qanunvericiliyi pozur, avtomobillərinin şüşələrinin görüntüsünü məhdudlaşdırırlar. Bununla onlar həm mövcud qanunları, həm də etik qaydaları pozurlar. Eyni zamanda insanların milli-mənəvi dəyərlərini, ictimai davranış normalarının vacib məqamlarını unudurlar. Cənab prezident konkret olaraq göstərdi ki, dövlət qulluqçusu ən nümunəvi davranışa malik olmalı, ən təvazökar insan olmalıdır. Onların övladları da öz nümunəvi davranışları ilə seçilməli, ətrafdakılara çox səmimi münasibət göstərməlidirlər, təvazökarlıq nümayiş etdirməlidirlər. Bunun nümunəsini isə dövlət başçısı özü orada göstərdi.

Bundan sonra nə gözləntinin olmasına gəlincə, cənab prezidentin qoyduğu tələblər ən aşağı dövlət qulluqçusundan tutmuş ən yuxarı dövlət məmurunadək hamıya aiddir, ciddi göstərişdir, tələbdir. Hər bir dövlət qulluqçusu qanunun müəyyən etdiyi məsuliyyəti daşıyır, eyni zamanda onu bu vəzifəyə təyin edən ölkə başçısının bilavasitə tapşırıqları qarşısında məsuldur. Hesab edirəm ki, bu, dövlət məmurlarının davranışına, insanlara münasibətinə, cəmiyyətdə baş verən hadisələrdə dövlət qulluqçusunun, məmurun, mərkəzi, yerli icra hakimiyyəti orqanları rəhbərlərinin iştirakının önəmli məsələlərinə təsir göstərəcək.

- Bu həm də seçki müşavirəsi və çıxışı idimi?

- Mən belə hesab etmirəm. Bilirsiniz ki, konfrans regionların sosial-iqtisadi inkişafı ilə bağlı beşillik proqramın son ilinin başlanğıcı və əvvəlki dörd ilin yekunlarına həsr olunmuşdu. Orada sosial-iqtisadi inkişafın bütün müsbət tərəfləri qeyd olundu. Bəzi faktorlar isə müşavirədə tənqidi hal kimi vurğulandı.

(mediaforum)


Teqlər:  





Xəbər lenti