“Kulis” oxucuları yaratdı, oxucular da “Kulis”i...” - FOTOLAR

“Kulis” oxucuları yaratdı, oxucular da “Kulis”i...” - FOTOLAR
  04 Aprel 2013    Oxunub:2435
Oxucular fərqlilik axtarışı ilə gəlib “Kulis”ə çıxırlar...
Bir var toy mahnısı, bir var ancaq müəyyən təbəqənin avtomobilə oturanda dinlədiyi bayağı mahnılar, yaxud sadəcə radioda eşidəndən-eşidənə yada düşən mahnılar, bir də var ruhu dincəldən, düşündürən, içindəki səslə həmahəng olan musiqi...Bu gün mətbuat da belədir. Hansısa sayt ya əyləndirir, ya məlumatlandırır, ya sadəcə baş qatır, ya da o musiqi kimi düşündürür. Bax belə mətbuat orqanı oxucu qazanmaq üçün heç bir fəndə əl atmır, düşünmək, mənən dincəlmək istəyən oxucu özü qaçır bura. “Kulis.az” kimi...

Bu gün 2 yaşı tamam olan bu internet dərgisi oxucuların axtardığını tapdığı elektron məkandır. Elə onun yarandığı gündə dərginin yaradıcısı gənc yazar Qan Turalı ilə birgə 2 il əvvələ qayıtdıq, “Kulis”in yarandığı zamana, şəraitə: “2010-cu ildə “Abzas.net” adlı saytımız var idi. Sonra “APA Holding”in prezidenti Vüsalə Mahirqızı dedi ki, daha böyük resurslarla bu yöndə bir sayt açaq. 2011-ci ilin əvvəllərində “Kulis”i yaratdıq. “Abzas”da da , “Kulis”də də əvvəl heyət elə böyük deyildi, Elmin Həsənli ilə mən idim. Amma əməkdaş kimi mənimlə Ramilə Qurbanlı çalışırdı. Onlar indi bizim sıramızda deyil. Ancaq get-gedə sayımız artdı, bir qədər başqa prinsiplə işləməyə başladıq. Məndən başqa iki redaktor da var. Ancaq onların işi tək redaktorluq deyil, həm də yazarlarımızdırlar”.

Bütün yaradılışın kökündə bir məqsəd, ideya, qarşıda qət edilməsi nəzərdə tutulan bir yol olur. Baş redaktor bildirir ki, onların əsas məqsədi Azərbaycanda ən oxunaqlı saytlardan birini yaratmaq olub. Hansı ki, bu məqsəd bəsit maraqlardan uzaq olub: “Hazırda oxucu qəzet bolluğunda, informasiya selində itib batır. Məqsədimiz o idi ki, oxuculara daha fərqli, keyfiyyətli bədii mətnlər təqdim edək. Xəbər bədii mətn deyil, biz publisistik materiallar hazırlamağa çalışırıq. Hesab edirəm ki, bunu bacarırıq. Mən məqsəd deyilən bir şeyi anlaya bilmirəm. Axı bu işi konkret məqsəd ətrafında görmürük. Çünki bizim sahəmiz daim yeniləşir, dəyişir”.

Deyir ki, mətbuat çox amansızdır. Belə ki, oxucunu öz təsir dairəsinə salan hər hansı bir bir material belə sadəcə bir həftə, bir ay kiminsə yadında qalır. Sonra unudulub gedir: “Bu gün var olsan da, sabah yoxsansa, unudulacaqsan. Ancaq belə demək mümkünsə, əsas məqsədimiz mədəniyyət sahəsində baş verən prosesləri, xüsusilə ədəbi prosesləri əks etdirməkdir. Bu məqsəd uğrunda da çalışımışıq ki, heç bir estetik fərq qoymayaq, mədəniyyətin bütün sahələrindən xəbər verək”.
“Kulis” müəyyən sahələrdən verdiyi xəbərə oxucu kütləsini fərqliliyi ilə çağırdı. Qan Turalı bunun səbəbini, ilk növbədə, redaksiyanın ümumi yanaşmasında görür. Materialı təqdimetmə üslublarından tutmuş tərtibat, sərlövhələr, fotolar, videosüjetlərə qədər bu uğurda böyük rol oynadığını düşünür: “Ancaq istənilən halda yazarların xüsusi istedadı bu işdə öz sözünü deyib. Həmçinin, Azərbaycanda yeganə yerdir ki, yazarlar öz arzuladıqları kimi yaza bilirlər. Yəni o yazılar azadıq ruhunda doğulduğuna görə bu ruhu içində daşıyan oxuculara da təsir edir”.

Yazar hesab edir ki, oxucular əvvəl daha amansız idilər. İndi isə onların yanaşmasında bir qədər fərq olduğunu düşünür. “Oxucular adətən standart, şablon şeylərə qaçırlar. Azərbaycanda da hər bir sahədə həmişə birtərəflilik olub. Elə ədəbiyyat sahəsində...” , -deyir.

Ancaq onun fikrincə, “Kulis”in uğuru odur ki, hansısa ideyanı, siyasi və ya mədəni xətti yeritmir: “Kim necə istəyirsə, yazır və bu da saytın rəngarəngliyinə təsir göstərir. İlk vaxtlarda oxucularla dil tapmaq çətin idi. Məsələn, din əleyhinə hər hansı bir yazı verirdin, başlayırdılar ki, bunlar ateistdir. Ancaq zamanla fərli, əks yazılar görəndə anladılar ki, yox, belə deyil. Biz həmişə tərəfsiz olmağa çalışmışıq. Mətbuatda hər kəsin bir istiqaməti var, yazıb verirlər, sonra da deyirlər, söz azadlığı, cavab haqqı var. Ancaq demokratiya sonradan cavab haqqı deyil axı. Əvvəlcədən balans qorunmalıdır. Misal üçün, mənim öz dini-fəlsəfi baxışım var, ancaq heç vaxt bunu oxucuya təlqin etməyə çalışmamışam. Mən öz baxışıma inanıram və hesab edirəm ki, o həyatın, eləcə də ədəbiyyatın dolanbaclarından keçib qələbə çalacaq”.

Qızğın rəqabətin getdiyi media aləmində hər bir mətbuat orqanı reytinq, informasiya yarışında qalibiyyət üçün nələrdənsə keçməli, hansısa ideyaları çeynəməli olur. Ancaq Qan Turalı “Kulis”in rəqabət şəraiti, rəqabət aparacağı sayt olamdığını düşünür: “Bizim sayt unikal bir saytdır, kiminlə rəqabət aparacaq ki? Bəlli zamanlarda, bəlli məsələlərdə artıq rəqabət aparmağa məcbur oluruq. Ədəbi aləmdə elə ictimai, böyük məsələlər olur ki, artıq orda ədəbiyyat bütün ölkə gündəminin əsas mövzusuna çevrilir. Bu kimi məqamlarda biz həmişə sıyrılıb qalib gəlməyi bacarmışıq. Yəni adətən rəqabətə girmirik, ancaq ədəbi, mədəni proseslər əsas müzakirə obyekti olanda maddi və əmək resursları bizdən dəfələrlə yüksək olan saytlardan daha böyük nailiyyət qazana bilmişik. Bunun da səbəbi bizim həmin insanlara daha rahat çıxışımızın olmasıdır. Axı onlar bizi daha yaxşı tanıyır”.

Onun sözlərinə görə, 1000 tirajla kitab satılan, öz ixtiyarlarına buraxsaq, 100-150 tamaşaçı gələn teatrı olan ölkədə hər gün “Kulis”ə 10 min oxucunun daxil olması çox böyük amildir: “Deməli, biz oxucuya lazım olanı təqdim edirik, ədəbiyyat və ya teatr sahəsində yazılan yazılarda oxucu özünü, öz problemini görür. Oxuculardan şikayət eləmək lazım deyil. Onlara maraqlı olanı təqdim edəcəksən. Ya da sekta saytı açacaqsan. Hansı ki, müəyyən bir saytı açırsan, ancaq din əleyhinə yazılar, yaxud atesitlərin əleyinə yazılar görürsən, yəni müəyyən yönümləri var. Buna missiya qəzetçiliyi deyirlər. Bizim belə missiyamız yoxdur. Biz daha böyük missiyaya qulluq edirik - maarifçilik, kitaba, incəsənətə maraq yaratmaq...”

Qan Turalı bildirir ki, “Kulis”in “facebook” səhifəsi də öz elitarlığı, intellektuallığı ilə seçilir. Ən adi məsələnin müzakirəsindən tutmuş müəyyən mövqelərə qədər... “Hiss olunur ki, artıq “Kulis”in xüsusi oxucu kütləsi formalaşıb. Kifayət qədər səviyyəli oxucuları var, bu, bizim uğurumuz, qazancımızıdr. Demək olar ki, biz o oxucuları, oxucular da bizi yaratdı”,- deyir.

Və fikrimizcə, “Kulis” və onun baş redaktoru, eləcə də əməkdaşları üçün ən böyük uğur, bax budur: “Artıq komyuterin əlfəcinində “Kulis” adı var, “k” yazan kimi “Kulis” gəlirsə, artıq barmaqların, klaviaturanın yaddaşında varsa, bu, böyük şeydir”. Ancaq Qan Turalı “Hələ daha böyük uğurlarımız qarşıdadır” deyir.

“Kulis”in redaktorlarından biri Mirmehdi Ağaoğlu isə əvvəllər də bu dərgi ilə əməkdaşlıq etsə də, bankda işləyirdi. Sırf yaradıcı sahə ilə məşğul olmaq və bunun üçün məhz “Kulis”i seçmək onun 30 yaşında verdiyi yekun qərar olub: “Kulis”də işləməyimə sevinirəm, indi ancaq sevdiyim işlə məşğulam. Ədəbiyyat, mədəniyyət saytları çoxdur. Ancaq biz əməkdaşlara qonorar veririk deyə həm həmin adamların dəyərini bilirik, həm də keyfiyyətsiz yazıları vermirik. Elə qələm adamlarını istəyirik ki, verdiyimiz qonorara dəysin. Bu məqam bizim yazılarımızda, üslubumuzda, oxucularımızın sayında özünü göstərir. “Kulis”də hər zaman oxumağa nəsə tapmaq olur”.

“Azərbaycan mətbuatında ədəbiyyat, mədəniyyət sahəsində bir boşluq var idi. Biz ideya olaraq qarşımıza ədəbiyyatın, mədəniyyətin güzgüsü olan bir sayt yaratmağı qoyduq. Yəni bu sayt açan kimi elə ilk səhifədən mədəniyyətin bütün sahələrini görək. Bilək ki, bu gün Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir. Hesab edirəm ki, biz buna nail olduq. Əvvəlcədən bir axara düşdük və “Kulis” hazırda o axarla da gedir. Artıq burda nəyisə yeniləməyə, dəyişməyə ehtiyac yoxdur. 2 yaşlı “Kulis”in artıq öz yeri var”, - “Kulis”in ilk əməkdaşlarından Ramilə Qurbanlı deyir.

Onun fikrincə, “Kulis”də fərqli düşüncəli, müxtəlif yaşlı, istedadlı insanların bir araya gəlməsi ona uğur qazandırıb: “Kulis” oxucu formalaşdırmadı, sadəcə öz ətrafında birləşdirdiyi oxucu nəyi görmək istəyirsə, onu gördü, öz maraq dairəsinə uyğun nə isə tapdı. Çünki “Kulis”ə fərqli düşüncəli insanlar gəlirlər. Mən mədəniyyətə, ədəbiyyata aid olmayan, digər opeşələrin sahibi olan oxucularla danışanda, görürəm ki, onlar fərqlilik axtarışı ilə gəlib “Kulis”ə çıxıblar”.

“Kulis”in ilk addımlarından onunla bərabər olan Elmin Həsənli isə düşünür ki, bu dərginin onun inkişafında, tanınmasında rolu böyükdür: “Bundan əvvəl “Abzas. net”dən ənənəmiz, təcrübəmiz var idi. Bu işi bacardığımızdan belə bir sayt açmaq barədə təklif aldıq. Əvvəl mən rəsmən işləmirdim, “Kulis” açılandan 3 ay sonra əməkdaş kimi işə başladım”.

Elmin deyir ki, indiyə qədər “Kulis”ə çox işçi gəlib-gedib: “ Ancaq adi müxbir olsam da, əsas işləri həmişə Turalla mən görürdüm. Media sahəsində müəyyən qədər tanınmağım “Kulis”də işləyərkən oldu. İlk dəfə geniş reportajları burda hazırlamışam. Burda heç bir məhdudiyyət olmadığından həm mənim, həm də digər əməkdaşlar üçün daha səmərəli və rahat olub”.

Onun sözlərinə görə, “Kulis”in uğur qazanması bir qədər də ədəbiyyatın sərhədlərini aşması ilə bağlıdır. Burda populyar mədəniyyətə yer verilib, ancaq bununla yanaşı, peşəkarlıq da qorunub-saxlanılıb: “Kulis”in müəyyən daimi oxucu kütləsi var. Onlar da əsasən kitab oxuyan gənclikdir, əsasən gün ərzində 1-2 yazı oxuyurlar. Bir də daimi olmayan oxucular var ki, onlar hansısa başlığa gəlirlər, sonra heç maraqlanmırlar da...”
“Kulis cəbhəsi”ndə ağa Cəfərli, Fərid Mirzəyev, Aliyə xanım da var. Ancaq o, biz oxuculara İlqar Rəsulu, Vüsalə Məmmədovanı, Qisməti, Səhər Əhmədi, Cəlil Cavanşiri, Şərif Ağayarı, Rəbiqə Nazimqızı, Sevda Sultanovanı və digər yazarları da sevdirib, oxutdurub.

Yəqin ki, yenə də “Kulis” oxucuları, oxucular da onu irəlilədəcək. Və bundan sonra da sadiq oxucular hələ yaşı az olan “Kulis”in əlindən tutub onunla birgə addımlayacaqlar. Bu yolda “Kulis”ə və həkmarlarımıza uğurlar diləyirik. 2 yaşınız mübarək, dostlar!

Sevinc Fədai
Fotolar Elnur Abdulanındır

Qalereya




Teqlər:  





Xəbər lenti