Yeni "Taxıl siyasəti": Müharibələr və istilər taxıla ehtiyacı artırıb

        Yeni "Taxıl siyasəti":    Müharibələr və istilər taxıla ehtiyacı artırıb
  17 May 2022    Oxunub:1614
Dünyanın əsas taxıl ixraçatçılarından olan Rusiya və Ukrayna müharibə apardıqlarından dünyada taxıla ehtiyac artıb. Rusiya taxıl ixracatına nəzarəti və qiyməti artırıb. Ukrayna isə ümumiyyətlə taxılını dünya bazarlarına çıxara bilmir. Çünki, Rusiya Ukraynanın dəniz limanlarına giriş və çıxışlara imkan vermir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu dünyada yaranmış yeni "buğda siyasəti"nin bundan sonra necə yürüdüləcəyini şərh edib. O qeyd edib ki, bugünlərdə toplanan “böyük yeddilərin” (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya-red.) xarici işlər nazirlərinin toplantısında ərzaq təhlükəsizliyi mövzusuna xüsusi diqqət yetirilib.

Dövlətlərin buğda qadağası: "Yeni mövsümədək bu risklər kəskin xarakter ala bilər"
- Əslində bu mövzu iqtisadiyyat və kənd təssərrüfatına başçılıq edən nazirlərin səlahiyyətinə aid olsa da, ərzaq və taxıl qıtlığı qlobal təhlükəsizlik problemi yaratmağa başlayıb. Ona görə də bu mövzunu xarici işlər nazirləri də müzakirə edirlər. “Böyük yeddilərin” toplantısında çıxış edən Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməzsə, dünyada aclıq ehtimalı artacaq. “Rusiyanın əməlləri sayəsində taxıl qıtlığı yaranıb, dünyanın bütün ölkələrində qiymətlər artıb” deyən almaniyalı nazir sərt aclıq təhlükəsi yaranacağı barədə həmkarlarını xəbərdar etdi. Böyük dövlətlərin digər nazirləri də Rusiyanı süni sürətlə qıtlıq yaratmaqda ittiham ediblər. Onların sözlərinə görə, Ukraynaya qarşı içğalçı müharibənin davamı dünyada başqa böhranlar da yaradacaq.

Moskva bu ittihamlarını qəbul etmir. Rusiyalı rəsmilər və diplomatlar əksinə olaraq ərzaq qıtlığına və böhrana görə Qərb ölkələrin ittiham edirlər. Onların məntiqinə görə, böhranın səbəbi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi müxtəlif sanksiyalardır. Halbuki, əsl səbəb Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədir. Rusiya Ukraynaya hücum etməsəydi, “böyük yeddilər” Rusiyaya qarşı sanksiyalar tətbiq etməzdilər,- ekspert deyib.

Bu arada, dünyanın ən böyük taxıl istehsalçılarından olan Hindistanın taxıl ixracını qadağan etməsi dünyada taxıla olan tələbatı daha da artırıb. Dehli bu qərarı daxili bazarda qiymətlərin artmasına nəzarət tədbirləri ilə əlaqələndirib.

Elxan Şahinoğlu deyir ki, əsl səbəb isə Hindistanda havaların isti keçməsidir. Hindistanda taxıl yetişdirilən ərazilərdə havaların kəskin isti keçməsi daxili bazarda bu məhsulun qıtlığı ilə bağlı ciddi narahatlıq yaradıb. Halbuki, Hindistanda bu il ötən illə müqayisədə 2,5% çox - 111,3 milyon ton taxıl yığılıb. Hazırda Hindistanın anbarlarında nəzərdə tutulandan, təxminən, 2 dəfə çox - 28,3 milyon ton taxıl ehtiyatı var. Buna baxmayaraq, rəsmi Dehli taxılı ixracatını artırmağı düşünmür.

- Hindistanın bu addımı bir çox ölkə tərəfindən tənqid olunub. Hindistan “böyük iyirmilərdən” biridir. “Böyük yeddilərin” toplantısında Hindistana müraciət edilərək məsuliyyətli olması gərəkliyi bildirilib. Əslində Rusiya Ukraynaya qarşı müharibəyə başladıqda Dehli müxtəlif ölkələrə taxıl ixracatını artıra biləcəyini elan etmişdi. Ancaq havaların isti keçməsi Dehlinin qərarını dəyişməsinə səbəb oldu. Azərbaycan bu vəziyyətdə həm taxıl istehsalını artırmaq, həm də anbarlarda un ehtiyatını artırmaq barədə düşünməlidir, Elxan Şahinoğlu qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Taxıl   Müharibə  





Xəbər lenti