Narkotiklərə və psixotrop maddələrə qarşı mübarizə sərtləşdirilir
Həmçinin satış məqsədi olmadan külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə məsuliyyət əhəmiyyətli dərəcədə sərtləşdirilir. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi isə yeni ağırlaşdırıcı hal kimi müəyyən edilib. Bundan əlavə, tərkibində narkotik maddələr olan bitkilərin də əldə edilməsi, saxlanılması, daşınması ilə bağlı məsuliyyəti müəyyənləşdirən normalar təkmilləşdirilib, məsuliyyət ağırlaşdırılıb.
Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliyə əsasən, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin erkən, məhkəməyə qədər məhv edilməsi qaydası müəyyən olunub.
“Narkoloji xidmət və nəzarət haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi nəticəsində müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər, həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər dövlət tibb müəssisələrində icbari narkoloji müayinədən keçiriləcək, həqiqi hərbi xidmət hərbi qulluqçularının isə ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinəsi təmin ediləcək.
AzVision.az
Teqlər: Narkotik