“Qış müharibəsi”nin sirri: SSRİ Finlandiyaya niyə hücum etmişdi

      “Qış müharibəsi”nin sirri:    SSRİ Finlandiyaya niyə hücum etmişdi
  19 May 2022    Oxunub:4999
Finlandiya NATO-ya üzvlük üçün ərizə verəndən sonra bir sual aktuallaşıb: Rusiya bu ölkənin təhlükəsizliyinə həqiqətən təhdid yaradırmı? Bu haqda fikirləşəndə yada ilk düşən isə sovet-fin müharibəsi olur. Bəs həmin müharibə necə başlamışdı və o təcrübəni günümüzdə hansısa şəkildə nəzərə almaq mümkündürmü?
1939-cu ildə Sovet İttifaqı ilə Finlandiya arasında başlayan müharibə hələ də 20-ci əsr tarixinin "boz ləkə”lərindən biri sayılır. Tarixçilər həm onun əsasında dayanan səbəblər, həm də hər iki tərəfin real itkiləri və bu müharibənin Avropadakı sonrakı hadisələrə təsiri barədə mübahisə edirlər.

1917-ci ilin oktyabrından sonra SSRİ ilə Finlandiya arasındakı münasibətlər son dərəcə mürəkkəb olaraq qalırdı. Bolşeviklər Finlandiyanın müstəqilliyini tanısalar da, onunla yaxşı qonşu ola bilmədilər. Finlandiyada on minlərlə insanın həyatına son qoyan və "qırmızı finlər”in məğlubiyyəti ilə başa çatan vətəndaş müharibəsi başladı. Havada yeni dünya müharibəsinin qoxusu hiss olunduqca SSRİ ilə Finlandiya arasında münasibətlər də gərginləşirdi.


Sovet hakimiyyəti yeni müharibədə Finlandiyanın düşmən dövlətə çevrilmə ehtimalını istisna etmirdi. O vaxt Sovet-Finlandiya sərhədi Leninqradın cəmi 32 kilometrliyindən keçirdi. 1938-ci ildən əvvəlcə məxfi, sonra isə açıq şəkildə sovet-fin danışıqları aparılırdı. Məqsəd hər iki tərəfi qane edən həll yolu tapmaq idi. Sovet tərəfinin əsas məqsədi sərhədi Leninqraddan qərbə doğru uzaqlaşdırmaq idi. Bu məqsədə çatmaq üçün Sovet İttifaqı Kareliya torpaqlarından Finlandiyaya iki dəfə böyük ərazi verərək, torpaq mübadiləsi etməyə hazır idi. Lakin razılığa gəlmək mümkün olmadı. Finlandiyada antisovet və anti-rus əhval-ruhiyyəsi hökm sürürdü, onlar “qırmızı ordu”nu ciddi qəbul etmir, İngiltərə və Fransanın və yaxud da Almaniyanın köməyinə arxalanırdılar.

1939-cu ilin sentyabrında İkinci Dünya Müharibəsi başladı. Aydın oldu ki, dövlətlər arasında ziddiyyətlər artıq diplomatik deyil, daha çox hərbi yolla həll olunacaq. Danışıqlar davam etsə də, həm SSRİ, həm də Finlandiyada sürətlə müharibəyə hazırlaşırdılar. Diplomatik məsləhətləşmələrin sonuncu raundu 1939-cu il noyabrın əvvəlində nəticəsiz başa çatdı. Bundan sonra müharibənin hər an başlaya biləcəyi məlum oldu.


Bəhanə 1939-cu il noyabrın 26-da baş verdi. Həmin gün o vaxtkı Sovet-Finlandiya sərhədinə bir kilometrdən yaxın məsafədə yerləşən Maynila kəndi yaxınlığında tarixə “Maynila insidenti” kimi daxil olan hadisə baş verdi. Ertəsi gün “Pravda” qəzeti hadisəni belə təsvir edirdu:

“FİNLANDİYA HƏRBÇİLƏRININ HƏYASIZ TƏXRİBATI
26 noyabr 1939-cu il

Leninqrad dairəsi qərargahından verilən məlumata görə, noyabrın 26-da saat 15:45-də Maynila kəndindən bir kilometr şimal-qərbdə yerləşən qoşunlarımız gözlənilmədən Finlandiya ərazisindən artilleriya atəşinə tutulub. Finlər ümumilikdə yeddi dəfə atəş açıblar. Üç əsgər və bir kiçik komandir öldürülüb, yeddi əsgər, bir kiçik komandir və bir kiçik leytenant da yaralanıb. Mahal Qərargahı birinci şöbəsinin rəisi, polkovnik Tixomirov hadisə yerində araşdırma aparmaq üçün göndərilib. Təxribat fin artilleriyasının atəşə tutduğu ərazidə yerləşən bölmələrdə böyük hiddətə səbəb olub”.


Sovet hökuməti Finlandiya ərazisindən atəş açıldığını bildirən rəsmi nota ilə fin hakimiyyət orqanlarına müraciət etdi. SSRİ hakimiyyəti yeni insidentlərin qarşısını almaq üçün Finlandiya qoşunlarının sərhəddən 20-25 kilometr geri çəkilməsini tələb edirdi.

Finlandiya tərəfi Maynila hadisəsində iştirakını qəti şəkildə təkzib etdi. Finlər səsölçən postlarının məlumatlarına istinad edərək, mərmilərin partladığı yerdən təxminən bir kilometr yarım-iki kilometr cənub-şərqdə saat 16:00-da sovet tərəfdən təxminən yeddi atəş açıldığını iddia etdilər.
Bundan əlavə, Finlandiya əmin etdi ki, sərhəd zonasında onun yalnız sərhəd bölmələri cəmləşib və heç bir artilleriyadan əsər-əlamət yoxdur. Rəsmi Helsinki insidentin araşdırılması üçün birgə komissiyanın təşkilini, eləcə də bölmələrin qarşılıqlı şəkildə 25 kilometr geri çəkilməsini təklif etdi.


Sovet İttifaqı qarşılıqlı geri çəkilməyə qəti şəkildə razılaşmayaraq bldirdi ki, bu halda qoşunlar birbaşa Leninqradın ətraflarında olacaq. Yaranmış şəraitdə müharibənin qarşısını yalnız bəzi fövqəladə addımlar ala bilərdi. Lakin bunlar olmadı. İki gün sonra SSRİ “hücum etməmək haqqında” sovet-fin paktından çıxdığını, daha bir gün sonra diplomatik münasibətləri kəsdiyini elan etdi və noyabrın 30-da qırmızı ordu hissələri baş komandanlığın əmri ilə sovet-fin sərhədini keçdi. Müharibə başladı...

Qərb tarixşünaslığında “Maynila hadisəsi”nin müharibəyə başlamaq üçün bəhanə axtaran sovet tərəfinin düşünülmüş təxribatı olduğu qəbul edilir. Postsovet dövründə bir çox rus alimləri də eyni mövqedən çıxış etməyə başladılar. Hamının razılaşdığı yeganə məqam odur ki, 1939-cu il noyabrın 26-da Maynila bölgəsində həqiqətən atəş açılıb.


Sovet təxribatı versiyasında israrlı olanlar iddia edirlər ki, müxtəlif sənədlərdə yaralanan və öldürülən sovet əsgərlərinin sayı fərqlidir, qurbanların siyahısı yoxdur. Hadisələri əks etdirən sənədlərdə göstərilən yeganə hərbi hissə 68-ci piyada alayıdır.
Sovet təxribatını müxtəlif vaxtlarda ifşa edənlər Xruşovun 1-ci dərəcəli komandir Kuliki hadisələrin təşkilatçısı adlandırdığı memuarlarına, Andrey Jdanovun təxribat hazırlanmasına işarə edən əlyazmalarına, "Maynila insidentinin" təfərrüatlarını açıqladığı iddia edilən marşal Mannerheymin sözlərinə istinad edirlər.

“Noyabrın 26-da Sovet İttifaqı indi “Maynila insidenti” kimi tanınan təxribat təşkil etdi... 1941-1944-cü illər müharibəsi zamanı əsir düşmüş ruslar həmin yöndəmsiz təxribatın necə təşkil edildiyini ətraflı təsvir ediblər...” - Mannerheym öz xatirələrində yazıb. Amma problem burasındadır ki, Maynila kəndi yaxınlığında baş verənlərlə bağlı “həqiqəti” deyən “əsir ruslar”ın haqqında heç nə, o cümlədən, ad və soyadları da məlum deyil.


Sovet təxribatı versiyası tərəfdarları etiraf edirlər ki, sovet hakimiyyətinin günahına dair birbaşa sübut olmasa da, dolayı sübutlar kifayət qədərdir. Onların opponentləri etiraz edir: dolayı sübutlarla finləri də ifşa etmək olar. Bu da bariz nümunə. Finlərin notasında qeyd olunur ki, noyabrın 26-na kimi bütün silahlar arxa cəbhəyə aparılıb. Ancaq buna qədər sahədə fəal mühəndislik işləri görülüb, o cümlədən toplar üçün mövqelər yaradılıb. Yəni Finlandiya hərbçiləri sərhədin təhlükəsizliyinə bu dərəcədə laqeyd yanaşıb, onu açıq qoyublar? Əgər silah yox idisə, onda rəsmi müharibənin ilk günü, yəni noyabrın 30-da Mayniladan beş kilometr aralıda yerləşən qırmızı ordu əsgərlərinin alayı necə atəşə tutuldu?

Bir sıra tədqiqatçılar “Maynila insidentindən” danışarkən onunla Polşaya hücum üçün bəhanə olmuş Qleyvits hadisəsi arasında paralellər aparırlar. Amma fərq ondadır ki, Qleyvits hadisəsinin bütün təfərrüatları müharibədən sonra üzə çıxıb. "Maynila insidenti" isə bu günə qədər "Qış müharibəsi"nin sirlərindən biri olaraq qalır.

Nə sovet, nə də fin tərəfi 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində ikitərəfli münasibətlər nizamlandıqdan sonra öz keçmişlərini dərindən araşdırmağa həvəs göstərmədilər, hər iki tərəf haqlı olaraq hallandırılması lazım olmayan çox şeyin olduğuna inandılar. “Köhnə palan içi eşməyək” prinsipi SSRİ ilə Finlandiya arasında bir neçə onillik ərzində normal qonşuluq münasibətlərini təmin etdi. Bəlkə də, elə buna görə sovet-fin müharibəsinin sirləri bu günə qədər açılmamış qalır.

Nadir Quliyev
AzVision.az


Teqlər: Müharibə  





Xəbər lenti