Yalançı “Patriot”izm: ABŞ Ukraynaya müasir HHM sistemləri verəcəkmi?

      Yalançı “Patriot”izm:    ABŞ Ukraynaya müasir HHM sistemləri verəcəkmi?
  23 May 2022    Oxunub:4409
Bu yaxınlarda “Washington Post”, “New York Times” kimi nüfuzlu nəşrlər məlumat yaydılar ki, Birləşmiş Ştatların Ukraynaya göndərəcəyi 40 milyard dollarlıq “Lend-liz” yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri də daxil olacaq. Bu, nə qədər inandırıcıdır? Əgər həmin texnika Ukraynaya veriləcəkdisə, niyə müharibənin ilk günlərində yox, yalnız indi gündəmə gəldi?
Hərbi ekspert Ədalət Verdiyev AzVision.az -a bildirib ki, Ukraynaya "Patriot" ZRK-larının veriləcəyi inandırıcı görünmür.
- Əgər bu texnikalar Ukraynaya veriləcəkdisə, niyə əvvəlcədən verilmədi?! Niyə prosesi uzatdılar və Mariupolun süqutunu gözlədilər?! Doğrudur, bunu yazan dünya miqyaslı mətbu orqanlarının məlumatlarını gözardı etmək olmaz, amma şəxsən ehtimal edirəm ki, burada söhbət keçmiş Varşava Müqaviləsi Təşkilatının üzvü olan ölkələrdəki (Bolqarıstan, Slovakiya, Polşa və s.) “S-300” ZRK-larının – söhbət "Favorit"lərdən yox, onların daha köhnə modellərindən gedir Ukraynaya ötürülməsindən, əvəzində isə həmin ölkələrə "Patriot"ların verilməsindən gedir, - ekspert bildirib.

Ədalət Verdiyevin fikrincə, məsələ həm də bundadır ki, Ukrayna hərbçilərinin "Patriot"ların idarə edilməsində təcrübəsi yoxdur, əksinə, “S-300”lərdən istifadə etməyi bacarırlar. Bu kimi səbəblərə görə, Ukraynaya "Patriot"ların yox, Bolqarıstan, Polşa, Slovakiya kimi keçmiş VMT ölkərələrindəki köhnə model “S-300”lərin veriləcəyini daha çox ehtimal edir. Əvəzində isə həmin ölkələrə "Patroit"lar veriləcək.

Amma fərz edək ki, bütün bu ehtimallara baxmayaraq, Ukraynaya "Patriot" hava hücumundan sistemləri verilərsə, bu, müharibənin gedişatına nə dərəcədə təsir edə bilər?
Hərbi ekspert bildirdi ki, "Patriot"ların “S-300”lərlə müqayisədə üstünlünlükləri mübahisəsizdir və Ukraynaya "Patriot" verilməsi döyüşlərin gedişatına ciddi təsir edə bilər: “Təbii ki, Ukrayna Silahlı Qüvvələri "Patriot"lara sahib olarsa, ölkənin hava məkanının qorunmasındakı ciddi boşluqlar aradan qaldırıla, gələcəkdəki əks-hücum əməliyyatları zamanı ortaya daha ciddi nəticələr qoyula bilər. İstər izlədiyi kanalların sayı, istər idarəetmə, dəqiqlik, avtomatik rejimlərin insan müdaxiləsi olmadan çalışması baxımından "Patriot"lar çox üstün sistemlərdir və bütün hallarda Ukraynanın əks-hücum əməliyyatlarında ölkə səmasının qorunması baxımından ciddi əhəmiyyətə malik ola bilər. Bu da müharibənin gedişinə müsbət mənada təsir edərdi, çünki əks-hücumlar zamanı hava məkanının təhlükəsizliyinin təyin edilməsi olduqca vacibdir”.

Banu Məmmədzadə
AzVision.az üçün



Teqlər:





Xəbər lenti