Nağdsız ödənişlərin həcmi artıb

Nağdsız ödənişlərin həcmi artıb
  24 May 2022    Oxunub:1311
Bank sistemi üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 130 min ədəd artaraq 11 milyon 901 min ədəd təşkil edib.
AzVision.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.2% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 18.8%, kredit kartları üzrə 30.7% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 41 min, kredit kartları 357 min, digər kartlar isə 1.6 mln. ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə artıb.

Rəsmi məlumata görə, 2022-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1659 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1270 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 387 mln. manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib.

Aprel ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili əməliyyatların 41.1%-ni təşkil edib.

Bildirilib ki, bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 5.9%, POS-terminalların sayı 15.1% artıb.

AzVision.az


Teqlər:





Xəbər lenti