Brüssel danışıqlarının gözdən qaçan iki məqamı – Sahib Alıyevin şərhi

   Brüssel danışıqlarının gözdən qaçan iki məqamı –    Sahib Alıyevin şərhi
  24 May 2022    Oxunub:2216
Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin açıqlamasından belə görünür ki, onun vasitəçilk etdiyi yüksək səviyyədə üçüncü Azərbaycan-Ermənistan danışıqları necə proqnozlaşdırılırdısa, təqribən o cür də bitdi. Bununla bağlı artıq bir çox analitiklərimizin şərhləri olduğundan, mən toxunulmayan iki məqamın üzərində dayanmaq istərdim.
Həmin məqamlardan biri ilk (və haradasa elə həm də son) baxışda bizə çox da xoş gəlməyən “Qarabağın hay etnik əhalisinin hüquq və təhlükəsizliklərinin həlli məsələsi”dir ki, bu, bəyanatda Avropa Birliyi Şurası Prezidenti adından çağırış kimi səsləndirilir. Qarabağdakı hayların “hüquq və təhlükəsizlikləri” məsələsini heç kimə sirr deyil ki, istər Moskva, istərsə də Brüsssel görüşləri olsun, Ermənistanın baş naziri hamısında qaldırıb. Amma Rusiyanın da, Avropa Birliyi rəhbərliyinin də vasitəçiliyi altında keçirirlən görüşlərin yekun açıqlamalarında bu öz əksini tapmayıb. Tapa da bilməzdi.

Birinci ona görə ki, cənab İlham Əliyevin onunla bağlı qəti və prinsipial mövqeyi var: Paşinyanın Qarabağdakı soydaşlarının hüquq və azdalığından dəm vurması Azərbaycnın iç işlərnə qarışmaqdır.
İkincisi, savaşı uduzmuş və təslimçilik aktı imzalamış bir ölkənin rəhbərinin bu cür tələblə çıxış etməsi yumşaq desək, xarakterlərinə uyğun olsa da, durumlarına adekvat deyil.
Üçüncüsü, Azərbaycan Prezidenti Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolundakı hissəsində yaşayanların bu ölkənin digər vətəndaşları kimi hüquq və azadlıqlarının təmin ediləcəyini dəfələrlə deyib. Şarl Mişel və digərləri buna çağırış etsələr də, etməsələr də, dövlətimizin etnik kimliyindən və dinindən asılı omayaraq bütün vətəndaşlarının təməl haqlarını qoruduğunu, qoruyacağını, qanunlarımıza tapındıqları halda Qarabağdakı hayların da son 30 ildəkindən daha yaxşı yaşayacaqlarını hər kəs anlayır.

Ona görə də Şarl Mişelin bu çağırışı Azərbaycanda heç nəyi dəyişmir, üstəlik Qarabağdakı hayların taleyinin Ermənistanlıq məsələ olmadığını, ona məhz insan haqları prizmasından yanaşıldığını ortaya qoyur. Sadəcə, bununla hayların, ilk növbədə də Köçəryan-Sərkisyan cütlüyünün təsiri altında olanların diqqətinə çatdırılır ki, təkcə Rusiya deyil, Avropa Birliyi də onların Qarabağdakı soydaşlarının hüquq və azadlıqlarının qorunmasında maraqlıdır. Amma bu zaman hansısa statusdan söhbət gedə bilməz ki, Avropa Birliyi Şurası Prezidentinin açıqlamasından da göründüyü kimi, orada nə o söz, nə də “Dağlıq Qarabağ” ifadəsi var.

Yəni açıq-aydın görünür ki, cənab Mişelin bu çağırışı daha çox Brüsselin vasitəçilik missiyasının haylar arasında təbliğinə və Paşinyanın Ermənistanda mövqeyini müəyyən qədər gücləndirməyə yönəlib ki, burada Azərbaycanın maraqlarına cavab verməyən nəsə yoxdur. Yazının əvvəlində onun açıqlamasındakı həmin məqamın ilk baxışda xoşagəlməzliyini məhz ona görə qeyd etmişdim. Amma bununla yanaşı “haradasa son baxışda” xoşagəlməz olduğunu da vurğulamışdım ki, o da səbəbsiz deyil. Çünki Şarl Mişeli, ümumiyyətlə qərbdəkiləri Qarabağdakı haylarınkı kimi, Ermənistandan ötən əsrin sonlarında didərgin salınan azərbaycanlıların hüquq və azadlıqları da düşündürməlidir ki, biz bunu görmürük.

Amma bu o demək deyil ki, haçansa sözügedən məsələ də gündəmə gətirilməyəcək. Bununla bağlı cənab İlham Əliyevin mövqeyi hər kəsə bəllidir, Zəngəzurdan, Göyçədən və digər yurd yerlərimizdən didərgin düşənlər öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, qayıdacaqlar da. Eyni zamanda Azərbaycandakı hayların hüquq və azadlıqları necə təmin olunursa, Ermənistandakı azərbaycanlılarınkı da o cür təmin edilməlidir. Burada artıq ikili standart işə keçməyək ki, hay havadarları da onun yaxşı fərqindədirlər.

Üzərində dayanmağı önəmli saydığım ikinci məqam Avropa Birliyi Şurası Prezidentinin açıqlamasında tranzit daşınmalarına toxunarkən “Qərbi Azərbaycanla Naxçıvan, Azərbaycandan keçməklə Ermənistanın ayrı-ayrı hissələri” arasında ələqənin təminidir. Zəngilanı Naxçıvanla birləşdirəcək yol doğrudan da Qərbi Azərbaycandan keçir və bəlkə də, bu ifadə bizim üçün daha uyğundur. Çünki burada Zəngəzurun keçmişi, əgər proseslər yenidən qarşıdurma müstəvisinə keçərsə, elə həm də gələcəyi xatırladılır. Azərbaycandan keçməklə Ermənistanın ayrı-ayrı hissələri” arasında ələqəyə gəldikdə hiss olunur ki, Paşinyan və komandası Qubadlıdan keçən yolun həm Gorusdan Qafana getmək, həm də beynəlxalq daşımalar üçün vazkeçilməzliyini anlayırlar. Lap yaxşı, bu, müəyyən səbəblərdən bizim də marağımıza cavab verir və hətta Ermənistandan daha çox verir.

Beləliklə, növbəti Brüssel danışıqlarının da Azərbaycanın istədiyi və diqtə etdiyi yöndə getdiyini əminliklə söyləmək olar. Amma orada razılaşdırılan məsələlərin reallaşdırlmasına gəldikdə, öncəki danışıqların təcrübəsi də göstərir ki, Ermənistan rəhbərliyinin sözü ilə əməli çox vaxt üst-üstə düşmür. Və bunda onlara “kömək əli” uzadanlar da var ki, Ermənistandakı etiraz aksiyalarından, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanların “ombudsman”ı kimi şıxış edən birinin elə Brüssel danışıqları gedən gün cənab İlham Əliyevlə Nikol Paşinyan arasında əldə olunan razılaşmanın onlar üçün keçərsizliyini bildirməsi və bunun çox operativcəsinə “Regnum” agentliyində dərcindən də açıq-aydın görünür.

Ancaq o “ombudsman” da, digərləri də bilməlidirlər ki, Brüssel danışıqları Azərbaycnla Ermənistan arasında əlaqələrin gələcəyini müəyyənləşdirmək üçündüe. Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanlar isə ya Azərbaycan qanunlarına tabe olacaq, ya da oranı tərk edəcəklər. Paşinyan bu reallıqla, demək olar ki, barışıb, onlardan geosiyasi alət rolunda faydalananlar da istəsələr də, istəməsələr də eyni addımı atacaqlar.



Teqlər: Brüssel-platforması  





Xəbər lenti