“Bahalı metal dövrü 10 il davam edə bilər” – Müsahibə

   “Bahalı metal dövrü 10 il davam edə bilər” –    Müsahibə
  24 May 2022    Oxunub:4357
2020-ci ilin ikinci yarısından əlvan metalların qiymətləri kəskin artmağa başladı. Səbəb dünya iqtisadiyyatının pandemiya məhdudiyyətlərindən çıxması nəticəsində sənaye tələbatının bərpa olunması idi. Bu artım hara qədər davam edə və qlobal iqtisadiyyata hansı problemləri yarada bilər? Mövzunu AzVision.az-a «Finam»ın analitiki Aleksey Kalaçev şərh edib.
- Əlvan metallara, xüsusən də “batareya” metallarına (litium, nikel, mis, kobalt və s.) tələbatın artmasının uzunmüddətli amili kimi bərpa olunan enerjiyə keçid və nəqliyyatın elektrikləşdirilməsi özünü göstərməkdədir. Dünya iqtisadiyyatı bu kursdan investisiyaların sürətli artımı, sənayenin yenilənməsi və texnoloji inkişafın stimullaşdırılması üçün əsas kimi istifadə edir. İqtisadçılar və siyasətçilər bütün bunları "yeni sənaye inqilabı" adlandırırlar. Bu zaman enerji keçidi ilə bağlı konkret planlar hasilat sənayesinin imkanlarını qabaqlayır ki, bu da öz növbəsində qıtlıq yaradır və qiymətləri yüksəldir. “Yaşıl iqtisadiyyat” daxiliyanma mühərrikləri ilə işləyən nəqliyyatdan və ənənəvi energetikadan bir neçə dəfə çox mis, nikel, alüminium və digər əlvan sənaye metalları tələb edir. Hasilat tələb artımından geri qalır.

- Bu vəziyyət nə qədər davam edə bilər?
- Təxminən 2030-cu ilə qədər davam edə bilər. Bu vaxta qədər yeni infrastrukturun təməlinin qoyulması planlaşdırılır. Gələcəkdə metalların yeni həcmlərinə tələbatın artım tempi azalamalıdır, çünki əlvan metalların əksəriyyəti xassələrini itirmədən və minimum həcm itkisi ilə təkrar emal oluna bilir. Gələcək istehlakda ikinci dərəcəli metalın payı artacaq.

- Geosiyasi vəziyyətin gərginləşməsi qiymət artımında hansı rolu oynayır?
- Bu, bir tərəfdən nəqliyyat logistikasında problemləri artırıb, Rusiya və Ukraynadan xammal və metalların tədarükündə fasilələrlə bağlı narahatlıqları çoxaldıb. Digər tərəfdən, emal müəssisələrini öz xammal və material ehtiyatlarını artırmağa sövq edib.
Amma qiymətlərin aşağı düşməsinə şərait yaradan və bazarlarda yüksək volatillik yaradan başqa amillər də var. Onlardan biri ən böyük xammal idxalçısı və sənaye metalları emalçısı olan Çində yeni COVID-19 dalğasıdır. Çin hakimiyyətinin vaxtaşırı bütün çoxmilyonluq əyalətlərdə tətbiq etdiyi yeni karantinlər qlobal tələbata mənfi təsir edir və qiymətləri aşağı salır. Hazırda, demək olar ki, bunu müşahidə edirik.


- Dolların məzənnəsi əlvan metal bazarına necə təsir göstərir?
- Hazırda inkişaf etmiş iqtisadiyyatların maliyyə stimullarını məhdudlaşdırmaq və faiz dərəcələrini artırmaq kursu əsas valyutaların, ilk növbədə dolların bahalaşmasına gətirib çıxarır ki, bu da tələbatın azalmasına, qiymətlərin düşməsinə səbəb olur. Əksinə, ABŞ və Çində enerji, nəqliyyat və sənaye infrastrukturunun modernləşdirilməsi üzrə yeni dövlət proqramlarının qəbulu metal istehlakını xeyli artırır. Ümumiyyətlə, bir çox ziddiyyətli amillərin birləşməsi bu və ya digər zamanda həm yuxarı, həm də aşağı qiymətlərdə əhəmiyyətli dalğalanmalara gətirib çıxarır, uzunmüddətli tendensiya isə yüksəlməkdə davam edir.
Eyni zamanda, qiymətlər özü proseslərin güclü tənzimləyicisi kimi çıxış edirlər. Yüksək qiymətlər inflyasiyanı sürətləndirir, iqtisadiyyatı ləngidir, enerji keçidini dayandırır, onu təxirə salmağa məcbur edir, bununla tələbatı azaldır. Digər tərəfdən, yüksək qiymət istehsalçıları hasilatı artırmağa və əvvəllər rentabelsiz hesab edilən filiz ehtiyatlarını və resurslarını işlətməyə sövq edir. Bununla onlar bazarda təklifin artmasına töhfə verirlər.

- Bu cür konyunkturada Xəzər bölgəsindəki ölkələr hansı addımları atmalıdırlar?
- Müvafiq resurslara malik olan Xəzəryanı ölkələrin hasilatı və emalı artırması məntiqlidir. Bildiyimə görə, Azərbaycanda qurğuşun, sink, kobalt filizi ehtiyatları var. Hazırda geosiyasi vəziyyətin kəskinləşməsinin Rusiyanın dağ-mədən sənayesinin inkişafına nə dərəcədə mane ola və ya əksinə, stimullaşdıra biləcəyini söyləmək çətindir. 2022-ci ilə qədər bir neçə yeni mis hasilatı layihəsi elan edilib. 2021-ci ildə “Norilsk Nikel” Trans-Baykal ərazisində filiz hasil edən və mis konsentratı istehsal edən Bıstrinski mədən və emalı zavodunu layihə gücünə gətirdi. RUSAL isə 2021-ci ildə İrkutsk vilayətində yeni Tayşet alüminium zavodunu işə saldı. Yaşıl iqtisadiyyatın yaratdığı yeni tələbi nəzərə alaraq, “Norilsk Nikel” 2030-cu ilə qədər nikel və mis istehsalını 25-35%, palladium və digər platin qrupu metallarını isə 50-60% artırmaq üçün qarşısına iddialı strateji məqsəd qoyub.

Seymur Məmmədov
Nadir Quliyev

AzVision.az



Teqlər: Metallurgiya  





Xəbər lenti