İrəvanda etirazçılar körpə uşaqları siyasi alətə çevirirlər - FOTO

         İrəvanda etirazçılar körpə uşaqları siyasi alətə çevirirlər -    FOTO
  25 May 2022    Oxunub:906
Bu gün Ermənistanda müxalifətin "Müqavimət" hərəkatının tərəfdarları prezident iqamətgahını blokadaya alıblar. AzVision.az xəbər verir ki, etirazçılarla polis arasında toqquşma olub.
İrəvanda polislə etirazçılar arasında dava düşüb - VİDEO
Yerli media isə polislə müxalifətçilərin davasından çox, aksiyaya azyaşlı uşağın cəlb edilməsinə diqqət çəkib. Müxalifyönlü saytlar bu anormal hadisəyə don geyindirməyə çalışaraq onu günün fotosu kimi təqdim edib, iqtidar saytları isə körpə uşaqların siyasi alətə çevrilməsini etirazçıların ən son variantlara əl atması kimi qiymətləndirib.

"Bütün dünyada qəbul olunan bir qayda var ki, heç kim sərbəst toplaşmaq azadlığından istifadə edib mitinq və ya yürüşlərə körpələri gətirməməlidir. Hətta əksər ölkələrdə buna görə valideynləri sərt cəza da gözləyir. Çünki icazəsiz aksiyalar, küçə yürüşlərinin 90 faizi özündə hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşma ehtimalı daşıyır. İrəvanda isə bunun əksini görürük. Bir balaca qarışıqlıq yaransa kütlənin ayaqları altında qalaraq dünyasını dəyişəcək bu körpələrə görə məsuliyyəti dövlət yox, onu siyasi alətə çevirib foto çəkərək paylaşan məsuliyyətsiz valideynlər daşıyacaq", - saytlardan biri yazıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı da ermənilər uşaqlardan öz məqsədlərinə çatmaq üçün istifadə edir, azyaşlıları hərbi əmliyyatlara cəlb edirdilər.

Xatırladaq ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.

Tural Tağıyev

AzVision.az




Teqlər:   Ermənistan   Aksiya   Polis  





Xəbər lenti