Minaların təmizlənməsi xərclərini Ermənistandan almalıyıq – Hərbi ekspert

   Minaların təmizlənməsi xərclərini Ermənistandan almalıyıq –    Hərbi ekspert
  02 İyun 2022    Oxunub:2979
Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri tərəfindən bugünədək işğaldan azad edilmiş ərazilərdə 17200 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Bu hər ay üçün ortalama 1000 hektar deməkdir. Mühəndis-istehkam bölmələri tərəfindən indiyəcən təmizlənən ərazi azad edilən torpaqların 1.6%-ni təşkil edir.
Ümumilikdə müharibə başa çatandan sonra mühəndis bölmələri tərəfindən 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə mina və 9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

ANAMA isə 2022-ci il aprelin 1-dən 30-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1702 ha, ümumilikdə isə 9568 hektar ərazini təmizləyib. Agentliyin mütəxəssisləri bugünə qədər 15020 ədəd partlamamış döyüş sursatı, 11009 ədəd piyada və 5449 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirilib. ANAMA-nın bu günə qədər təmizlədiyi ərazi azad edilən ərazilərin 1%-nə yaxındır.

Fövqəladə Hallar Nazirliyi bu ilin aprelin 13-dək ümumilikdə 1015 hektar ərazini təmizləyib. Nazirliyin əməkdaşları 4097 ədəd mina və partlamamış hərbi sursat aşkar edib. FHN-in bugünə qədər təmizlədiyi ərazi azad edilən torpaqların 0,11%-nə yaxındır. Ərazilərin minalardan təmizlənməsi işinə 50 nəfərdən ibarət FHN minaaxtaran bölmələri cəlb edilib.

Dövlət Sərhəd Xidmətinin mühəndis bölmələri tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı 2020-ci ilin noyabrından 2022-ci il aprelin 13-dək 775 hektar ərazi təmizlənib, 3102 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib. DSX-nın indiyə qədər təmizlədiyi ərazi azad edilən ərazilərin 0,08%-nə yaxındır.

Ümumilikdə Müdafiə Nazirliyi, ANAMA, FHN və DSX tərəfindən bugünə qədər təmizlənən ərazi azad edilən torpaqlarımızın təxminən 2.62 %-ni təşkil edir. Hazırda ərazilərin təmizləməsində müasir avadanlıqlardan, o cümlədən yeni alınan MEMATT mexaniki minatəmizləmə texnikası ilə bərabər süni intelektə malik PUA-lardan istifadə edilir. Hər gün görülən işlərin hesabatı aidiyyəti üzrə quruma təqdim edilir. Minatəmizləmə fəaliyyətinin əvvəlki aylara görə sürətlənməsinə baxmayaraq, hələ təmizlənəcək ərazilərin miqyası çox böyükdür. Bu məsələdə Azərbaycana beynəlxalq təşkilatların geniş texniki və maliyyə dəstəyi olmasa, proses uzun illər davam edəcək.

Vətən Müharibəsinin başa çatmasından 17 ay keçməsinə baxmayaraq, hələ də Azərbaycan mülki vətəndaşlarının və hərbçilərin Ermənistanın ərazilərimizdə basdırdığı minalarda sağlamlığını və ya həyatını itirməsi xəbərlərni alırıq. Təkcə bu ilin aprel ayı ərzində Tərtər və Zəngilan rayonları ərazisində 1 nəfər mülki, 1 nəfər hərbiçi olmaqla 2 nəfər mina partlayışında xəsarət alıb.

Azərbaycan ərazilərinin çirklənmə səviyyəsinə görə “mina tarlasını” xatırlatmasını, azad olunan ərazilərdə aparılan bərpa-yenidənqurma işlərinin miqyasını və dünyada hər gün 70 nəfərin minadan xəsarət almasını və ya həyatını itirməsini nəzərə alsaq, 17 ayda 210 nəfər itki rəqəm olaraq çox da böyük deyil. Lakin hər bir vətəndaşımızın xəsarət alması və ya həyatını itirməsi, təbii ki, ilk növbədə onların ailələri və yaxınları, ümumilikdə isə xalqımız üçün böyük faciədir.

Ermənistan mina xəritələrini Azərbaycana verməməklə bu məsələni siyasi şantaj predmetinə çevirdi. Verilən xəritələrin qeyri-dəqiqliyi isə Ermənistanın mina terrorunu dövlət səviyyəsində dəstəklədiyini nümayiş etdirdi. Əsrlərlə tarixə malik erməni terrorunun yeni forması bütün dünyanın, xüsusilə də münaqişənin nizamlanması ilə məşğul olanların gözü qarşısında baş verirdi. Ermənistana ayrılan maddi yardımlar və kreditlərin hansı məqsədlər üçün xərcləndiyi kimsəyə sirr olmasa da, bir çox ölkələr və beynəlxalq təşkilatlar bu mövzuda konkret mövqe ortaya qoymur. Hazırda böyük məbləğdə vəsait tələb edən minatəmizləməni Azərbaycan yalnız öz vəsaiti hesabına həyata keçirir. Yanımızda həmişəki kimi ancaq Türkiyə var.

Minaların qurbanları isə daha çox dinc sakinlərdir. Döyüş meydanında məğlub olan Ermənistanın dinc sakinlərimizə qarşı mina terroru hələ də davam edir. Belə olan halda hüquq-mühafizə orqanlarımız mövcud faktlar əsasında Ermənistanın Azərbaycana vurduğu ziyan üçün məsliyyət daşımasını təmin etməlidirlər. Hüquqi prosedurlar başa çatdırılmalı, minalarda həlak olanların ailələrinə və yaralananlara ödəniləcək kompensasiya ilə bərabər, azad olunan ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsaiti və digər gələcək xərclərimizi də Ermənistandan tələb etməliyik.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün



Teqlər: Mina  





Xəbər lenti